Əminə Dilbazi—90

 

O, Azərbaycan rəqs sənətinin şahzadəsidir

 

Bir neçə il əvvəl Əminə xanım Dilbazinin həyat və yaradıcılığına həsr olunmuş bir filmə baxdım. Əminə xanımın Qazaxdakı kəndlərində bir toya dəvət olunduğu səhnə bu gün də yaddaşımda həkk olub. Hamı onun rəqsini gözləyir. Budur, yavaş addımlarla adamlar arasından meydançaya gənc, gözəl bir qız yaxınlaşır. Musiqi sədalarının ahənginə uyğun əllərini səmaya qaldırıb süzməyə başlayan bu qız bir an içində hamını valeh edir. O, oynayır, sanki əllərinin və ayaqlarının hərəkəti ilə səmaya və torpağa nəsə yazırdı. Əminə xanım dayanmaq bilmirdi. Doğma torpağın havası onun ruhunu təzələmişdi.

 

O filmə baxanlar, yəqin ki, Əminə Dilbazinin necə xoşbəxt göründüyünün şahidi olmuşlar.

Əminə xanım, doğrudan da xoşbəxt qadındır. Ömrünü həyatı qədər sevdiyi rəqs sənətinə, milli rəqslərimizin təbliğinə həsr etmiş bu gözəl rəqqasın sənəti Azərbaycanın dünyada tananmasında böyük rol oynamışdır. Maraqlı və mənalı ömür yolu keçmiş Əminə xanım düz 90 il bundan əvvəl Qazaxda dünyaya göz açmışdır.

Bakıda keçirilən bir rəqs müsabiqəsində istirakını belə xatırlayır: “Məktəbdə oxuduğum illərdə rəqqas Əşrəf Səfərovun təşəbbüsü və rəhbərliyi ilə rəqs ansamblı yaratmaq üçün qabiliyyəti olan gənclərin müsabiqəsi keçirilirdi. Seçimdə iştirak etmək üçün məni də bir qrup istedadlı gənclərin sırasına daxil etdilər. Münsiflər mənim hansı mahnıya rəqs edəcəyimi soruşanda mən “hopsa” deyə cavab verdim. Bu zaman həm münsiflər heyəti, həm də çalğıçılar belə rəqsin olmadığını deyib məharətimi göstərməyi söylədilər. Mən isə idman dərslərindən “hopsa” ifadəsi yadımda həkk olunduğundan belə bir rəqsi ağzımda zümzümə edib oynamağa başladım. Rəqs bitəndən sonra başımı qaldırıb zala toplaşan hər kəsin gülüşdüyünü və münsiflərin isə gözlərindən yaş axdığının şahidi oldum. Sonra xəbər tutdum ki, həmin qrupa qəbul olunmuşam”.

O, bir insan kimi təbiətin ona bəxş etdiyi qabiliyyətlərdən asılı olmayaraq bəzən özünü başqa cür ifadə etməyə çalışır. O, hər kəs kimi həyatda yaşadıqca mənəvi cəhətdən təkmilləşir, onun hissləri, duyğuları da zaman-zaman inkişaf edir, bir sözlə, möcüzələr yaradırdı. Sənətkar kimi onun öz ifa tərzi hər şeyi həll etmək gücünə malikdir. Belə ki, Əminə xanım özünün danılmaz “mən”i ilə artıq çoxdan fərdi ifa tərzini isbatlayıb.

Zaman ötdükcə Əminə xanım “Vağzalı-mirzəyi”, “Turacı”, “Tərəkəmə”, “Naz eləmə”, “İnnabı” və başqa rəqsləri ilə şöhrət çələngi toplayır. Onun ən ağır rəqslərindən biri də “Turacı”dır: “ ”Turacı"nı oynamışdım, rəqs vaxtı dizim bərk yaralanmışdı. Birdən eşitdim ki, maestro Niyazi mənə tamaşa etməyə gəlir. Nə edəcəyimi bilmədim. Ayağımın yaralı olduğunu deməyə cəsarətim çatmadı. Həkimlərə qulaq asmadım. Çıxdım səhnəyə, rəqs qurtaranda elə bildim ki, Niyazi ayağa qalxıb məni alqışlayacaq, təbrik edəcək. Heç nə demədən, dinməz-söyləməz durub getdi. Yaman pərt oldum. Üstündən bir neçə gün keçdikdən sonra dedilər ki, səni çağırır. Getdim. Dedi: “Aminka - mənə belə deyərdi - Opera Teatrında hökumət konserti olacaq. Proqrama ”Turacı"nı da daxil etmişəm. Özü də simfonik orkestrin müşayiəti ilə oynayacaqsan". Etiraz edə bilməzdim. Amma ömrümdə simfonik orkestr müşayiəti ilə oynamamışdım. Maestro deyirdisə, deməli olmalı idi. “Turacı”nı hazırladıq və böyük uğurla ifa etdik".

Rəqsləri, onların yaranma tarixini və ifaçısına qazandırdığı uğurlar haqqında yerli-yataqlı danışmağı xoşlayır. Üz-gözündə təbəssüm xatirəni xatirəyə calayan Əminə Dilbazi ömür-gün həmdəmi bəstəkar Cövdət Hacıyevdən söz düşən kimi dəyişir, təbəssümünü kədər buludları əvəzləyir. Cövdətsiz günlərində Cövdətli günlərindən söz açmaq, o şirin, əlçatmaz xatirələri paylaşmaq istəmir. Cövdəti ilə hər kəsə nəsib olmayan bir ömür, əbədiyaşar sevgi yaşadığını deyir. Evlilik tarixçələri isə lap nağıllardakı kimi başlayıb. Günlərin birində gənc bəstəkar öncədən xəbərdarlıq etmədən onu nikah bürosuna aparıb. Sən demə, “hələ tezdir” deyən Əminənin razılaşmayacağından ehtiyat edərək, hər şeyi onun əmisi qızı, şairə Mirvarid Dilbazi ilə əvvəlcədən düzüb-qoşublarmış. Nikah mərasimində də Səməd Vurğun və Mirvarid Dilbazi iştirak ediblər. Beləcə, almanların Minvoda gəlib çatdıqları bir dövrdə xoşbəxt bir ailənin bünövrəsi qoyulur. Biri digərinin ölümünə dözə bilməyəcəyindən bu dünyanı birgə tərk edəcəklərinə söz vermişdilər. “Sevgililər gərək ayrılmasın, hətta öləndə belə” deyirdilər. Oğlanlarından biri onların münasibətlərini belə xarakterizə edir: “Bu iki insan xaraktercə əks qütblərdə dayansalar da, sözün hər mənasında bir-birilərini tamamlayırdılar. Anam Əminə Dilbazi xasiyyətcə açıq-saçıqdır, insanlar arasında olmağı çox sevir. Özü də kişi kimi ötkəm qadındır, sinəsini gərib bütün çətinlitklərə qarşı mübarizə aparmağı sevir. Atam isə, əksinə, qapalı insan idi. Sırf yaradıcı adam idi. Əsərinin ifa olunub-olunmayacağı onu düşündürmürdü, yazıb səliqə ilə dolaba qoyurdu. Bir dəfə də olsun, sifarişlə musiqi bəstələməyib. Kitablarla, xüsusən də fəlsəfə ilə bağlı kitablarla məşğul olurdu. Bununla belə, gözəl təşkilatçılıq qabiliyyəti vardı. Atam uzun illər Konservatoriyanın rektoru vəzifəsində çalışıb. Atamın bu tədris müəssisəsinə rəhbərlik etdiyi dövrü musiqiçilər oranın ”qızıl dövrü" kimi qiymətləndirirlər. Azərbaycan musiqi sənətinin görkəmli nümayəndələri məhz o illərdə Konservatoriyada təhsil alıblar. Amma, dediyim kimi, çox qapalı idi. O da qəribədir ki, mən anamın atamla birlikdə musiqi bəstələdiklərinin şahidi olmuşam".

Əminə Dilbazi gözəl sənətkar olmaqla bərabər, Cövdət Hacıyev kimi bir şəxsiyyətlə ömür yolu keçib. Əminə xanım müasir Azərbaycan qadınına fədakar ana, sədaqətli ömür yoldaşı, vətənpərvər insan, əsl vətəndaş olmağı tövsiyə edir. Oturduğu otağı muzeyə çevirib. Sağlığında özünün muzeyini yaradıb ki, hərdən keçmişi ilə baş-başa qalıb darıxmasın. Keçmiş günlərinə nəzər salıb, “sən demə, mənim yaxşı günlərim olub” - deyə köks ötürəndə ona əziz olan ulu öndər Heydər Əliyevi də xoş xatirələrlə yada salır: “Allah rəhmət eləsin! Mən onu çox istəyirdim. O da məni bir sənətkar kimi çox istəyirdi. Bir dəfə Naxçıvanda qonaq olduğum mərasimdə rəqs etməli idim. Rəqsdən sonra heç kimin alqışlamadığını ona dedim. Arxaya çevriləndə gördüm hamı alqışlayır. Ulu öndərimiz də orada idi. Ulu öndər məni ”İstiqlal" ordeninə layiq gördü.

Əminə xanım xalqa bağlı sənətkardır. Torpaq belə mədəniyyət xadimlərini şöhrətləndirir. Bu baxımdan Üzeyir Hacıbəyov, Qara Qarayev, Cövdət Hacıyevin yaradıcılıq yolları, ömürləri bu sənətkara örnəkdir. Adı geniş tamaşaçıya doğma olan istəkli rəqqasəmiz Əminə Dilbazi sənət ənənələrinə sədaqət nümunəsi, xalqın yaradıcılıq çeşməsindən qidalanmaq əzmidir. Belə olmasaydı, o, Azərbaycanı, Azərbaycan isə bu gözəl rəqqasəsini yüksəklərə qaldırmazdı.

Ömrünün bu çağında da Əminə xanım sənət eşqi ilə yaşayır.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2009.- 26 dekabr.- S. 9.