Yeni dövrün yeni lideri
Qabaqcıl ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki, onların tərəqqisini elm müəyyən etmişdir. Nə təbii sərvətlər, nə də ki, coğrafi vəziyyət deyil, məhz intellektual kapital, məhz elmin səviyyəsi hər bir ölkəni lider ölkəyə çevirir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin həyata keçirdiyi kursun
özünü doğrultduğu indi, demək olar ki, hamı
tərəfindən etiraf olunmaqdadır. Keçən
qısa müddət ərzində ölkəmizdə ictimai həyatın
bütün sahələrində əldə olunan
böyük uğurların səbəblərindən biri,
heç şübhəsiz, Prezidentimizin öz fəaliyyətini
möhkəm bir zəmin üzərində qurması, Heydər
Əliyev siyasi kursunu yeni şəraitin tələblərinə
uyğun surətdə, yaradıcılıqla inkişaf etdirməsidir.
Burada ikinci mühüm amil də özünü göstərir
ki, bu da İlham Əliyevin bir siyasi lider kimi yeni iqtisadi
münasibətlər şəraitində yetişməsi ilə
əlaqədardır. Yəni bu yeniliklər onun
üçün doğmadır.
Üçüncü əsas
amil isə, XXI əsrdə başlanan qlobal tendensiyaları sadəcə
izləmək və mənimsəmək yox, həm də
onları istiqamətləndirmək cəhdləri, planetar
proseslərin obyekti deyil, fəal subyektlərindən biri olmaq əzmidir.
Prezident İlham Əliyevin
ölkə daxilində yeritdiyi iqtisadi siyasətin əsasında
“vədlər vermək yox, real iş görmək”, “faktın
özü ən gözəl təbliğatdır” prinsipləri
dayanır. Bütün ölkəni əhatə edən
tikinti və quruculuq işləri, yollar və körpülər
salınması, zavodlar və fabriklərin istifadəyə
verilməsi, sənaye və kənd təsərrüfatında
yüz minlərlə iş yerlərinin açılması,
aeroportlar, vağzallar, dəniz limanları, qitələri birləşdirən
dəmir yolları, transmilli neft və qaz kəmərləri,
elektrik, su və qaz təminatının
yaxşılaşdırılması və s., və s.:
bütün bunları sadalamaq üçün nəinki bir məqalə,
böyük bir kitab da bəs eləməz. Həm də bunlar
fəaliyyətin görünən tərəfidir.
“Görünən dağa nə bələdçi!”
Bizim məqsədimiz diqqəti ilk baxışda ola bilsin ki, nəzərə çarpmayan, nisbətən dərin qatda olan fəaliyyət istiqamətlərinə yönəltməkdir. Və bu zaman aydın olur ki, İlham Əliyevin yeritdiyi kursda iqtisadi inkişaf sadəcə məqsəd olmayıb, həm də bir vasitədir. Dövlət müstəqilliyinin qorunması, Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılması, yüksək intellektual və mədəni-mənəvi inkişafın təmin edilməsi, vətənimizin “lider ölkəyə” çevrilməsi yolunda vasitə!
Özünə güvənmək
Bu gün Azərbaycan öz milli dövlətçilik maraqlarını qoruyub-saxlamaqda, seçdiyi siyasi kursu davam etdirməkdə israrlıdır. Heydər Əliyev deyirdi ki, “müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.” İlham Əliyev bu fikri davam etdirərək deyir: “Dünyada müstəqil sayılan ölkələr çoxdur. Ancaq əgər biz bir az dərinə baxsaq, görərik ki, onların heç də hər biri müstəqil siyasət aparmaq iqtidarında deyildir... O ölkələr dünyada özünə layiq yeri tutar ki, o ölkələr öz hesabına yaşaya bilsinlər, başqa ölkələrin yardımına onların ehtiyacı olmasın - nə siyasi, nə iqtisadi cəhətdən, nə də ölkələrin ehtiyaclarının ödənilməsi baxımından. Azərbaycan bu ölkələrdəndir.” Burada biz “müstəqillik” anlayışının yeni dövrün tələblərinə uyğun surətdə yeni çalarlarla zənginləşdirildiyini görürük. Həqiqətən də dövlət müstəqilliyinin ənənəvi anlamına görə, hansı isə bir ərazidə müəyyən bir siyasi kursu və hüquq normalarını tətbiq etmək, sosial-iqtisadi həyatı müəyyən qaydalarla tənzim etmək üçün ilk növbədə sərhəd toxunulmazlığı təmin olunmalıdır.
Sərhədi guya toxunulmaz qalan və formal müstəqilliyi olan elə ölkələr vardır ki, burada hər şey xarici investisiya ilə, xarici ölkə şirkətlərinin sifarişi ilə, yabançı mədəniyyətin təsir dairəsinin genişlənməsi ilə müşayiət olunur. Halbuki əsas məsələ əlaqələrin genişlənməsinə rəğmən, milli maraqların qorunması, ölkədəki qanunlara, hüquq normalarına əməl olunması, mədəni-mənəvi dəyərlərin, maddi və mənəvi milli sərvətlərin toxunulmazlığıdır. “Müstəqillik yalnız dövlət atributları ilə ölçülmür, müstəqillik rəmzləri ilə ölçülmür. Müstəqillik o deməkdir ki, dövlət və ölkənin rəhbərliyi öz xalqının maraqlarına tam cavab verən müstəqil siyasət aparmaq iqtidarında olsun” (İlham Əliyev).
Siyasi liderin böyüklüyü də zamanın tələblərini və obyektiv inkişaf tendensiyalarını vaxtında dərk edərək, milli maraqları bu zəminə keçirmək bacarığı ilə ölçülür.
XX əsrin sonlarından başlayaraq, bütün dünyada hadisələrin inkişafı vahid iqtisadi münasibətlərin formalaşması, vahid ümumdünya bazarının yaranması istiqamətində gedir. Azərbaycan rəhbərlıyi bu obyektiv tendensiyaları vaxtında nəzərə aldığından, qlobal və milli maraqlar nəinki toqquşmur, hətta bir-birini qarşılıqlı surətdə tamamlayır. Qloballaşma şəraitində milli özünəməxsusluğun qorunub-saxlanması, habelə milli-mənəvi dəyərlərə sədaqətlə yanaşı, ümumbəşəri dəyərlərin, beynəlxalq hüquq normalarının və s. inkişaf etdirilməsi - bütün bunlar Azərbaycanın siyasi simasını, onun özünəməxsus beynəlxalq imicini formalaşdırmışdır.
Beləliklə, yeni dövrdə müstəqilliyin qorunması beynəlxalq miqyaslı obyektiv proseslərin mənimsənilməsini və milli maraqlar mövqeyindən dəyərləndirilməsini tələb edir. Bunun üçün isə, ilk növbədə, bütövlükdə cəmiyyətin intellektual inkişaf səviyyəsi yüksəldilməlidir. Prezident İlham Əliyev dövrün bu tələbini nəzərə alaraq deyir: “Müstəqilliyi əbədi, dönməz etmək üçün mən bir daha vurğulamaq istəyirəm, hesab edirəm ki, təhsilin səviyyəsi ən vacib rollardan birini oynayır.” Ölkə rəhbəri yeni inkişaf mərhələsində təhsilin dövlətçilik baxımından xüsusi rol oynadığını başqa çıxışlarında da dönə-dönə qeyd edir. Bu sahədə çatışmazlıqların da olduğunu vurğulayan Prezidentin mövqeyindən belə aydın olur ki, ölkəmizdə elm və təhsil sahəsində daha yüksək səviyyədə - ümumi ictimai tərəqqi konsepsiyasının tələblərinə uyğun gələn köklü islahatlar aparılması qarşıda duran əsas vəzifələr sırasındadır.
Əlbəttə, bir qədər əvvəlki zamanlar olsaydı, biz elm və təhsil sahəsindəki islahatları da Qərbin böyük dövlətlərini təqlid etmək yolu ilə aparardıq. Bolonya prosesinin qeyd-şərtsiz tətbiqi də, Hollandiya təhsil standartlarının ölkəmizə transformasiyası da, elm sahəsindəki yenidənqurmalar üçün xarici ekspertləri cəlb edərkən, milli mütəxəssislərin unudulması da Qərb dəyərlərini mütləqləşdirmək dövrünün inersiya üzrə davamıdır. Bu gün bir çox Şərqi Avropa və MDB ölkələri də, böyük müstəqillik tarixi olan Türkiyə də elm və təhsil quruculuğu sahəsində Qərbin praktikasına istinad edir. Halbuki yeni zamanın, yeni ictimai paradiqmanın tələblərini dərk edən qabaqcıl Qərb ölkələrinin özləri də bu sahələrdə böyük reformalar aparmaq məcburiyyətini etiraf edirlər. Yəni Qərbin yedəyində çox da uzaqlara getmək olmaz. Çünki Qərb nə vaxtsa qalxmış olduğu yüksək inkişaf zirvəsindən indi aşağı enir, özünün tənəzzül dövrünü yaşayır. İndi Qərb ideoloqlarının özləri Avropanın süqutundan və mənəvi deqradasiyasından bəhs edir, bundan xilas yolları axtarırlar. Başlıca səbəblərdən biri də budur ki, industrial və postindustrial inkişaf mərhələlərindən sonra, “istehlak cəmiyyətinin” üstünlük təşkil etməsi “kütləvi mədəniyyətə” geniş yol açdı və Qərbdə böyük fəlsəfi ideallara söykənməyən, rasionalizmə və intellektual inkişafa qarşı inkarçılıq mövqeyini mənəviyyat sferasına da yönəldən, müasirlik bayrağı altında çıxış etsə də, əslində müasirliyin antitezi olan fərqli dəyərlər sisteminin getdikcə daha çox dərəcədə genişlənməsi ictimai prosesləri tənəzzülə doğru sürükləyir.
Nə qədər paradoksal görünsə də, bizim üstünlüklərimizdən biri tarixi inkişaf prosesində Qərbdən geridə olmağımızdır. Yəni biz indi intellektual inkişaf müstəvisində rasionalizm, iqtisadi inkişaf müstəvisində isə postindustrial cəmiyyət mərhələsinə qədəm qoyuruq. Qərbin bütün inkişaf yolu, tərəqqi və tənəzzül məqamlarının mənzərəsi gözümüzün önündədir. Və biz onların səhvlərini təkrar etmək məcburiyyətində deyilik.
Əlbəttə, “Qərbdən ancaq elmi-texniki nailiyyətləri götürək, “kütləvi mədəniyyətin” və mənəvi aşınmanın isə qarşısını almağa çalışaq” tezisi ilk baxışda nə qədər cazibədar görünsə də, praktika bunun əksini göstərir. Yəni Qərbdən nə isə yaxşı bir şeyi kor-koranə surətdə götürürsənsə, mənəvi aşınmalar onun iki misli ilə gəlir.
Bax, belə bir şəraitdə Prezidentimiz öz daxili intellektual potensialımızın realizasiyası xəttinə üstünlük verir, elm və təhsilin inkişafı üçün bütün maddi-texniki bazanın yaradılmasını öz üzərinə götürür. Bizdən isə tələbi bu maddi formanın adekvat mənəvi intellektual məzmunla tamamlanmasını təmin etməkdir.
Və bu prosesin konsepsiyası da xaricdən alınmamalı, qabaqcıl ölkələrin bütün mövcud praktikasını nəzərə almaqla, tənqidi-təhlil süzgəcindən keçirməklə yeni, milli mənəviyyata daha adekvat olan elm və təhsil konsepsiyası yaradılmalıdır. Bunun üçün isə əvvəlcə ictimai və humanitar elmlər silkələnməli, milli fəlsəfi fikrin bütün resursları səfərbər edilməli və qloballaşan dünyanın üstün və zəif cəhətləri üzə çıxarılmalıdır.
Qərb dünyasının ağıllı adamlarının öz ümid dolu nəzərlərini Şərqə yönəltdiyi bir vaxtda, rasionalizmin və intellektualizmin resursları artıq yeni tələbləri ödəmək üçün yetərli olmadığı və ruhi-mənəvi, psixik enerjinin dövriyyəyə daxil olduğu bir vaxtda, biz ölkəmizdə hələ də yaşamaqda davam edən mənəvi-estetik ənənələrdən və bədii-metaforik düşüncə tərzindən tamamilə imtina edə bilmərik. Əksinə, insan dünyasının dərin mənəvi qatlarında yatan enerjinin, irrasional idrak metodlarının dirçəldilməsi üçün tədbirlər görülməli, Şərq fəlsəfi təfəkkür ənənələrinin, təsəvvüfün alternativ yaradıcılıq metodologiyası müasir Qərb düşüncəsinin klassik formaları ilə birləşdirilməlidir.
Prezidentimizin son vaxtlardakı çıxışları elmə, intellektə, insan resursuna verilən böyük diqqət və qiymətlə müşayiət olunur. Doğrudan da, hər bir ölkənin tərəqqisi üçün elmin rolu əvəzsizdir. Lakin hansı isə bir ölkənin lider ola bilməsi xeyli dərəcədə onun başında duran şəxsin liderlik keyfiyyətindən də asılıdır. Sükan etibarlı əllərdə olmasa, ölkənin bu və ya digər sahədəki potensialı da yetərincə reallaşdırıla bilməz.
İndiyədək siyasi liderlik də, milli liderlik də hər bir ölkənin öz çərçivəsi daxilində idi. Bəs üçüncü minilliyin ilk doqquz ili nə göstərir? Dünya hansı istiqamətdə dəyişir və yeni dövrün liderindən hansı keyfiyyətlər tələb olunur?
Milli dövlətlərin formalaşması dövründən bəri, bir tərəfdən, dövlətin idarə olunmasında xalqın iştirakı məsələsi, digər tərəfdən də, dövlət başçılarının, siyasi liderlərin öz xalqlarının taleyində oynadığı pozitiv və ya neqativ rol həmişə siyasi polemikaların mərkəzində olmuşdur. Demokratiya ilə mərkəzləşmiş idarə sisteminin bir-birini qarşılıqlı surətdə tamamlaması bu sahədə optimallığın mühüm şərti olmuşdur. Bu dövr Qərb ölkələrində artıq 5 əsrdir ki, davam edir. Müstəqillik qazanmış yeni ölkələr də bu demokratik idarəçilik məkanına qatılmış, lakin hər bir ölkənin öz spesifik çətinlikləri şəraitində çıxış yolu göstərə bilən müdrik və təcrübəli siyasi liderlərə ehtiyacı olmuşdur. Bu sahədə bəxti gətirən ölkələr keçid mərhələsini daha tez və daha böyük uğurla başa vura bilmişlər. Qalan ölkələr isə keçmiş sosial-iqtisadi quruluşla yeni iqtisadi münasibətlər sistemi arasında qeyri-müəyyən bir istiqamətdə sonu bilinməyən uzun bir yol keçməkdədirlər. Minilliklərin əvəzləndiyi böyük keçidlər dövründə planetimizin ən böyük siyasi liderlərindən biri olan Heydər Əliyevin sayəsində ölkəmizdə tez bir vaxtda ictimai-siyasi sabitlik təmin edilmiş, dövrün tələblərinə uyğun dövlət quruculuğu işi müvəffəqiyyətlə başa çatdırılmış və ən başlıcası, müstəqilliyimizin dönməz bir prosesə çevrilməsi istiqamətində bütün zəruri tədbirlər həyata keçirilmişdir.
Nəhayət, böyük öndərin siyasi-iqtisadi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev keçid dövrünü tamamlayaraq, iqtisadi inkişafın geniş “asfalt yoluna” çıxmaq vəzifəsini yerinə yetirdi. Bu mərhələnin başa çatdığını o, BDU-nun 90 illiyinə həsr olunmuş təntənəli mərasimdə elan etdi: “Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq”. Bu, əlbəttə, müstəqillik dövründə əldə olunmuş ən böyük zəfərlərdən birinin rəsmən təsbit olunması idi.
Bəli, biz iqtisadi sahədə keçid dövrünü artıq başa vurmuşuq. Lakin bu o demək deyildir ki, bu sahədə qarşıda duran vəzifələr başa çatmışdır. Əksinə, yeni iqtisadi münasibətlərə keçid prosesinin tamamlanması cəmiyyətdə yeni iqtisadi bazisin və deməli, yeni ictimai paradiqmanın formalaşması deməkdir. Və bu proses labüd surətdə digər ictimai münasibətlər kompleksinin bu yeni bazisə uyğunlaşmasını, onunla ayaqlaşmasını, onu tamamlamasını tələb edir.
Bu nailiyyətlər və bu problemlər əsasən bir ölkə çərçivəsindədir. Lakin indi dünyada başqa proseslər də gedir. İndi bir ölkə öz daxilində hər şeyi həll etdiyi bir məqamda, qonşu ölkələrdə, hətta bəzən çox-çox uzaqlarda baş verən hadisələr istər-istəməz məsələlərə yenidən baxılmasını, hansı isə prosesin səmtinin dəyişməsini, hansınınsa yeniləşməsini tələb edir. Yəni indiki dövrdə müstəqillik mütləq səciyyə daşıya bilməz. Başqa sözlə desək, daxili prosesləri daha stabil edə bilmək üçün mütləq xarici proseslər də diqqətlə öyrənilməli, proqnozlaşdırılmalı, nəzərə alınmalıdır. Qloballaşma elə bir həddə gəlib çatmışdır ki, ölkənin idarə olunması təkcə daxili məsələlərin həlli ilə başa çatmır. Mənbəyi daxildən qaynaqlanmayan, qlobal səciyyə daşıyan, bütün bəşəriyyəti narahat edən proseslərin transformasiyası hər bir ölkənin taleyinə təsir göstərir. Bu səbəbdən də müasir dövrdə planetar düşüncəyə malik olan, yerli məsələləri də beynəlxalq miqyasda baş verən dəyişikliklər kontekstində, ümumi tendensiyaları nəzərə almaqla həll edən, lokalla qlobalın, milli ilə ümumbəşərinin vəhdətindən çıxış edə bilən liderlərə ehtiyac yaranmışdır. Söhbət yalnız hansı isə xalqın, millətin deyil, bütövlükdə bəşəriyyətin ehtiyacından gedir. Əlbəttə, bu böyük, məsuliyyətli və şərəfli missiyanı üzərinə götürə biləcək dövlət başçıları çox azdır. Hətta dövlətin böyüklüyü və iqtisadi qüdrəti də burada əsas rol oynamır.
İndi zaman başqa zamandır. Təbii resursların tükənməsi hansı isə konkret ölkələr çərçivəsində deyil, bütövlükdə dünya miqyasında problemə çevrilir. Kimdə bir az tez, kimdə isə bir az gec. Əsas olan odur ki, daha etibarlı və daha uzunömürlü ehtiyatların üzə çıxarılması istiqamətində işlər görülsün. Və bu məsələdə gecikmək olmaz. Qloballaşma da sadəcə transmilli şirkətlərin fəaliyyət dairəsinin genişlənməsi, iri maliyyə maqnatlarının və sindikatların asılı ölkələrin iqtisadiyyatına müdaxiləsi, planetar miqyas alan ekoloji problemlərin çözülməsi istiqamətində birgə səylər, mədəniyyətlərin transformasiyası ilə məhdudlaşmayaraq, getdikcə daha çox dərəcədə ideoloji və siyasi çalarlar kəsb edir.
İndi bəşəriyyətin taleyi planetar düşüncəli siyasi liderlərin varlığından və fəaliyyətindən daha çox asılı olmuşdur.
Lakin dünyada gedən proseslərin ümumi qanunauyğunluqlarının aşkar edilməsi, bu proseslərə fəal və məqsədyönlü müdaxilə üçün təməl yaradılması dünyanın dərki prosesindən başlayır. Yəni təkcə öz ölkəsində deyil, bütün dünya miqyasında baş verən keyfiyyət dəyişmələrinin vaxtında nəzərə alınması ancaq sosial-siyasi, ictimai-iqtisadi və mədəni-ideoloji ekstrapolyasiya sayəsində mümkündür. XX əsrdə cəmiyyətin hərəkətverici qüvvəsi elmi-texniki inqilab idisə, müasir mərhələdə fəlsəfə və sosial-siyasi elmlərin proqnozlaşdırma funksiyasının paradiqmanın əvəzlənməsi prosesində (biz bilərəkdən “inqilab” sözünü işlətmirik) iştirak dərəcəsi önəmli rol oynayacaqdır. Bu isə ictimai elmlərin yüksək dərəcədə mobilizasiyasını tələb edir. Ona görə də yeni dövrdə siyasi liderin də ən mühüm keyfiyyətlərindən biri bütün intellektual yükü öz üzərinə götürməyərək, bütövlükdə cəmiyyətin, xalqın elmi-intellektual potensialının məqsədəuyğun surətdə yönəldilməsinə nail olmaqdır.
Hər bir xalqın bu və ya digər dərəcədə intellektual resursları vardır. Lakin onun realizasiyası elə də sadə bir məsələ deyil. Bu proses, əvvəla, çox böyük kapital qoyuluşu, uzunmüddətli ictimai təşkilatlanma işi tələb edir. Kasıb ölkələrdə maariflənmənin, təhsilin və nəhayət, elmi fəaliyyətin yüksək səviyyədə təşkili mümkün deyil. Belə ölkələrdə ən yaxşı halda beynəlxalq ictimaiyyətin dəstəyi ilə savadsızlığın ləğvi prosesi gedir. Bizim ölkə isə hələ sovet dövründə bu problemi həll etmişdir və hazırda intellektual inkişaf səviyyəsinə görə qabaqcıl ölkələrdən bir o qədər də geridə qalmır. Lakin səviyyə yüksəldikcə yuxarıya qalxmağın çətinlikləri və məsrəfləri də artır. Ölkəmiz indi kifayət qədər yüksək maliyyə resurslarına malikdir. Gələcəyimiz bu resursların necə yönəldilməsindən asılıdır. Təsadüfi deyil ki, neft ölkələri üçün səciyyəvi olan iki fərqli situasiya: Norveç modeli və Nigeriya aqibəti simvolik məna kəsb etmişdir.
Son iqtisadi böhran da bəşəriyyətə yeni dərslər verdi. Ən varlı ölkələrdən olan Birləşmiş Ərəb Əmirliklərinin, Dubaydakı böyük şirkətlərin nə az, nə çox - 80 milyard dollar borca düşməsi bir daha göstərir ki, əsas məsələ maddi cəhətdən zəngin olmaqdan daha çox, vəziyyətin düzgün qiymətləndirilməsi, optimal iqtisadi siyasət yeridilməsi, proseslərə elmi əsaslarla nəzarət edilməsidir.
Strateji xəttin təkamülü
Prezidentimiz xarici dilləri, Qərbin siyasi texnologiyalarını və Avropa mədəniyyətini yüksək dərəcədə mənimsəmiş bir şəxs olmaqla bərabər, həm də milli ruha sadiq bir şəxs olaraq, milli dəyərlərin prioritetliyini önə çəkir. Qərblə yarışa girə bilmək, onları heç olmazsa müəyyən məsələlərdə qabaqlamaq üçün yeganə yol özümüzün üstün cəhətlərimizə istinad etməkdir. Yəni söhbət Şərq və Qərb dəyərlərinin inteqrasiyasından gedir.
Azərbaycan həm coğrafi mövqeyinə görə Şərq ilə Qərbin qovşağında yerləşir, həm də inkişaf səviyyəsinə və malik olduğu inteqrativ dəyərlər sisteminə görə bu iki fərqli sivilizasiyanın əlaqələndirilməsi və uzlaşdırılması sahəsində aparıcı rol oynayır.
Ölkəmiz, bir tərəfdən, təbii sərvətlərin, neft və qaz məhsullarının Avropaya daşınmasında tranzit bir ölkə kimi çıxış edir, digər tərəfdən də, ictimai-siyasi dəyərlərin, demokratiya və hüquqi dövlətçilik ənənələrinin, habelə elmi və texnoloji ideyaların, müasir texnika və avadanlıqların Qərbdən Şərqə transformasiyasında mühüm rol oynayır. Bir ara biz bu üstünlüyümüzü yetərincə dəyərləndirmək mövqeyi tuturduq. Yaxın keçmişdə, hələ 2005-ci ildə Hava limanı Yük terminalının açılışında Prezidentimiz belə demişdi: “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin həyata keçirilməsində fəal rol oynayıb və hesab edirəm ki, gələcəkdə tranzit ölkə kimi bizim bölgədəki və dünyadakı mövqelərimiz daha da güclənəcəkdir.” 2006-cı ildə yenə də Azərbaycanın Asiya ilə Avropanı birləşdirən körpü olması fikri vurğulanır. Amma bundan cəmi iki il sonra ölkəmizin yüksək iqtisadi inkişaf tempi eyni hadisəyə bir qədər fərqli mövqedən yanaşmaq imkanı verir. Prezident İlham Əliyevin fikrinə görə, indi daha biz sadəcə tranzit ölkə statusunda çıxış etmək, əlaqələndirici rolunu oynamaqla kifayətlənə bilmərik. Azərbaycan indi elə bir inkişaf səviyyəsinə qalxmışdır ki, Şərq ilə Qərb arasında körpü funksiyası onu qane etmir. Çünki biz indi öz ölkəmizin timsalında bu iki sivilizasiyanın sintezindən yaranan və daha optimal, rəqabətə daha davamlı, məhz yeni dövrün ruhunu təcəssüm etdirən daha zəngin cəmiyyət quruculuğunun nümunəsini veririk. Məzmununa görə inteqrativ və sintetik olmaqla yanaşı, tolerantlığın bir çox yeni aspektlərdə də bərqərar olması ölkəmizə həm Qərb, həm də Şərq ölkələri ilə müqayisədə bir sıra üstünlüklər verir.
İndi Azərbaycan dini tolerantlıq baxımından da bütün dünya ölkələri üçün bir nümunəyə çevrilmişdir. Bunun bir səbəbi milli mentalitetlə əlaqəlidirsə, digər səbəbi dövlət başçısının qətiyyətli mövqeyi ilə bağlıdır. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının II qurultayında bu məsələyə münasibətini belə bildirmişdir: “Azərbaycan çoxmillətli ölkədir. Burada müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Azərbaycanda nə milli, nə də dini zəmində heç vaxt problem olmamışdır və olmayacaqdır. Bu, bizim strateji xəttimizdir”. Bu məsələ beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmiş, müxtəlif ölkələrin böyük din xadimləri ilə yanaşı, tədqiqatçılar və xarici mətbuat da birgəyaşayışın bu yüksək təzahürünə dəfələrlə öz heyranlıqlarını bildirmişlər. Lakin bu fakt əslində, daha böyük miqyaslı bir ideoloji xəttin təzahürlərindən ancaq biridir.
Prezident İlham Əliyevin dövlət başçısı kimi qətiyyətli mövqeyi və işə peşəkar münasibəti xarici siyasət sahəsində də özünü göstərir. İndi ölkəmiz həm regional, həm də qlobal proseslərin fəal subyektlərindən birinə çevrilmişdir. Bir tərəfdən, ABŞ və Avropa ölkələri ilə, digər tərəfdən də, İslam ölkələri ilə sıx əməkdaşlıq və dostluq münasibətlərinin inkişaf etdirilməsi Azərbaycanın Şərq ilə Qərb arasında körpü rolunu oynamasını, mərkəzçi mövqeyini daha da möhkəmləndirir, əlaqələndiricilik missiyasını qaçılmaz edir. Azərbaycan eyni zamanda Şimalla Cənub arasında münasibətlərin mərkəzində dayanır. Həm Rusiya ilə, həm də Türkiyə və İranla iqtisadi əlaqələr getdikcə genişlənir. İndi Azərbaycan nəinki bölgənin, hətta bütün Avrasiya məkanının aparıcı dövlətlərindən birinə çevrilmişdir.
Siyasi balans naminə MDB-nin üzvü olaraq qalmaqla yanaşı, bir çox alternativ beynəlxalq qurumların da üzvü olmaq ölkəmizə öz siyasi iradəsini daha rahat ifadə etmək imkanı verir. Digər tərəfdən də Türk dövlətləri birliyində, İslam Konfransı Təşkilatı çərçivəsində çox fəal bir mövqe tutmaqla bu təşkilatların daha dinamik fəaliyyətinə müsbət təsir göstərir. Bir sıra Qərb ölkələrində İslama qarşı formalaşmış neqativ münasibətə, İslamı radikal siyasət və terrorla əlaqələndirmək cəhdlərinə baxmayaraq, Azərbaycan kimi mütərəqqi bir ölkənin İslam dünyasına yeni bir qüvvə kimi daxil olması, apardığı məqsədyönlü siyasət və nümayiş etdirdiyi yüksək tolerantlıq İslam haqqında yanlış təsəvvürlərin də dəyişilməsində mühüm rol oynayır. Bu sırada Bakının İslam mədəniyyətinin paytaxtı qismində göstərdiyi fəallıq xüsusi qeyd edilməlidir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəal iştirakı və dəstəyi sayəsində sanki İSESKO-nun da fəaliyyəti əvvəllər heç vaxt olmadığı bir dərəcədə canlanmışdır. İslam mədəniyyətinin siyasi və ideoloji amil kimi rolunun daha da artması Şərq ilə Qərb, Asiya ilə Avropa arasındakı münasibətlərə də bir sıcaqlıq gətirmişdir.
Azərbaycanın beynəlxalq nüfuzunun və iqtisadi qüdrətinin artması Dağlıq Qarabağ probleminin müzakirələrində də sözümüzün daha kəsərli olmasına imkan yaradır. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı prinsipini qətiyyətlə müdafiə edir və ölkəmizin hərbi büdcəsini və ordunun maddi-texniki bazasını ildən-ilə daha da möhkəmləndirməklə bu məsələdə güzəştə getmək niyyətimizin olmadığını nümayiş etdirir.
“İnsan kapitalı” və milli ruh amili
Ruhun
sağlamlığı təkcə bilik üzərində
qurula bilmir. Burada inam, etiqad da eyni dərəcədə önəmlidir.
Bütün bu cəhətlər ilk növbədə
məktəblərdə, təhsil strategiyasında nəzərə
alınmalıdır. Son dövrlərdə
Azərbaycanda məktəblərə diqqətin artması da
bu baxımdan qanunauyğun görünür. O vaxt
İlham Əliyevin rəhbərliyi ilə Milli Olimpiya Komitəsi
tərəfindən bütün bölgələrdə yeni
idman komplekslərinin tikilməsi işi indi Mehriban xanım Əliyevanın
rəhbərliyi ilə bütün bölgələrdə
yeni məktəb binalarının tikilməsi, mədəni-mənəvi
dəyərlərimizin qorunub-saxlanması və
canlandırılması ilə davam etdirilir ki, bu da “sağlam
bədən” üçün görülən işlərin
“sağlam ruh” üçün görülən işlərlə
tamamlanması deməkdir.
“Sağlam bədən”
də, “sağlam ruh” da əslində insan potensialının
realizasiyasına xidmət edən ilkin amillərdir. Mənəviyyat
məsələsinin son vaxtlarda xüsusilə
aktuallaşması və milli-mənəvi özünüdərkin,
ictimai elmlərin, fəlsəfi təfəkkürün diqqət
mərkəzinə çəkilməsi heç də təsadüfi
deyildir.
İlham Əliyev BDU-nun yeni
korpusunun açılışındakı
çıxışında demişdir: “Bizim ən
böyük resursumuz insanlarımızın biliyidir,
savadıdır. Biz öz imkanlarımızdan səmərəli
istifadə edərək, maddi kapitalı insan kapitalına
çevirməliyik”. “İnsan kapitalı”
isə “intellektual kapitala” nisbətən daha geniş
anlayışdır. Onun
açılışını qısaca belə ifadə etmək
olar: insan kapitalı = fiziki sağlamlıq + intellektual
inkişaf + milli-mənəvi ruh. Bax, bu sonuncu
komponentin xüsusi vurğulanmasına biz Prezident İlham Əliyevin
son çıxışlarında daha çox rast gəlirik.
BDU-nun 90 illik yubiley mərasimində İlham Əliyev məhz
bu amili önə çəkdi: “Azərbaycan gəncləri
milli ruhda tərbiyə olunmalıdır. Biz əsrlər
boyu başqa ölkələrin, imperiyaların tərkibində
yaşamışıq. Ancaq öz milli dəyərlərimizi,
ənənələrimizi qoruya bilmişik, saxlaya bilmişik.
Öz ana dilimizi saxlaya bilmişik. Nəyin hesabına?! Ona görə
ki, Azərbaycan xalqında milli ruh həmişə çox
yüksək səviyyədə olmuşdur. Bu gün qloballaşan dünyada, bəlkə də
buna daha da çox diqqət verilməlidir”. Prezident gəncləri
xəbərdar edir və onları xaricdən gələn
yabançı dəyərlərin zahiri cazibəsinə
uymamağa, milli varlığımızın mühafizə
olunması naminə ayıq-sayıqlığa dəvət
edir: “Qloballaşma təbii prosesdir və yəqin ki, bu proses
müəyyən düzəlişlərlə davam edəcəkdir.
Xüsusilə, belə olan halda milli dəyərlərə
önəm vermək, gənc nəsli milli dəyərlər əsasında
tərbiyə etmək xüsusi əhəmiyyət
daşıyır. Mən çox şadam
ki, Azərbaycanda milli ənənələr güclənir,
möhkəmlənir və bu prosesləri daha da sürətləndirmək
üçün kompleks tədbirlər görülməlidir”.
Əlamətdar
haldır ki, son illərdə elm, təhsil və təsərrüfat
sahələrinin kompyuterləşməsi, yeni kommunikasiya
sistemlərinə keçid, rabitə və informasiya
texnologiyalarının modernləşməsi sahəsində
böyük uğurlar əldə edilmişdir. Azərbaycanda
qeyri-neft sektorunun inkişafı heç də təkcə kənd
təsərrüfatı məhsullarının istehsalı və
yüngül sənayenin hesabına deyil, xeyli dərəcədə
müasir informasiya texnologiyalarının tətbiqi sayəsində
həyata keçirilir. Bütün bunlar
Azərbaycanın heç də yalnız öz təbii sərvətlərinə
yönəldilmiş passiv iqtisadi siyasət
aparmadığını və elm tutumlu sahələrin
inkişafına üstünlük verdiyini göstərir.
Azərbaycan hökumətinin
strukturundakı dəyişikliklər, xüsusən Rabitə
Nazirliyinin Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinə çevrilməsi, Sənaye və Energetika
Nazirliyi, Hərbi Sənaye Nazirliyinin yaradılması da
müvafiq sahələrdə elmin xüsusi çəkisinin
artırılması zərurətindən, bu sahədə
uzunmüddətli planlardan xəbər verir. Milli Elmlər
Akademiyasında aparılması nəzərdə tutulan
islahatlar da, universitetlərdə elmin maddi-texniki
bazasının gücləndirilməsi istiqamətində
tapşırıqlar da, lap bu yaxınlarda yaradılan Elmin
İnkişaf Fondu da bilavasitə bu məqsədə xidmət
edir.
Prezident
İlham Əliyevin dönə-dönə elm və təhsil
məsələlərinə toxunması və bu sahələrin
dövlət siyasətində prioritetliyini vurğulaması təsadüfi
deyildir.
İqtisadi sahədə keçid mərhələsinin
başa vurulması və dünyanın qabaqcıl ölkələri
ilə eyni start xəttinə çıxılması həmin
ölkələrin qabaqcıl və güclü
olmasını təmin edən əsas amillərin də mənimsənilməsini
tələb edir. Belə ki, Qərb
dünyası nəyə nail olubsa, ilk növbədə
elmi-texniki yaradıcılıq sayəsində nail olubdur.
Əgər biz onlarla yarışa girmək istəyiriksə
deməli, qarşımızda duran əsas vəzifələrdən
biri elm və təhsil sisteminin yeniləşdirilməsi
olmalıdır. Lakin söhbət təkcə
dövlət qayğısından getmir. Çünki
dövlət öz strateji kursunu artıq müəyyən
etmiş və bu sahələrin maddi-texniki təchizatı
istiqamətində böyük işlər görülməsinə
başlamışdır. İlham Əliyevin
öz dediyi kimi, “son altı il ərzində Azərbaycanda 1800
yeni məktəb tikilibdir. Yüzlərlə
məktəbdə yeni korpuslar tikilib, təmir
aparılıbdır. Bu nəyi göstərir?!
Bu onu göstərir ki, bu sahə prioritet sahədir”.
Lakin bu,
işin ancaq başlanğıcıdır. Yeni binalar
tikilməsi və maddi-texniki təchizat dövlət
qayğısının ifadəsidir. Bəs,
qayğı ilə əhatə olunan elm və təhsil sahələrində
daxili məzmunun dəyişdirilməsi işi kimin tərəfindən
həyata keçirilməlidir? Biz - elm adamları və
təhsil işçiləri bu sahədə aparılmalı
olan reformaların elmi-nəzəri əsaslarını işləyib-hazırlaya
bilmişikmi? Və bu işlə hansı elm sahəsinin
adamları məşğul olmalıdır? Müəyyən dar ixtisas sahəsi üzrə
mütəxəssislər, təbii ki, elm və təhsil
konsepsiyasını hazırlaya bilməzlər. Yeniləşən cəmiyyətin strukturunda elm və
təhsilin məxsusi yerini müəyyənləşdirmək,
ən optimal təşkilati modellər hazırlamaq, heç
şübhəsiz, cəmiyyətşünaslığın,
ictimai elmlərin predmetinə daxildir. Bax,
dövlət başçısının
tapşırığı ilə noyabrın 21-də Prezident
Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin
ictimai və humanitar elmlər sahəsində vəziyyətlə
əlaqədar keçirdiyi müşavirə də bu məqsədlə
çağırılmışdı. Dövlət
rəhbərliyi fəlsəfi tədqiqatların və ictimai
elmlərin yeni şəraitdə ictimai gerçəkliyin elmi
təhlili və proqnozlaşdırılması istiqamətində
səfərbər olunmasını istəyir. Həm də bu, sadəcə bir istək deyil;
ölkəmizin yüksəlmiş olduğu yeni inkişaf mərhələsinin
elmi surətdə dəyərləndirilməsi ilə
yanaşı, bütün dünyada gedən böyük
proseslərin, paradiqmaların əvəzlənməsinin mahiyyətinin
açılması lazımdır. Bu gün kim həm özünü, həm də
dünyanı daha yaxşı dərk edirsə, gələcək
də onundur.
Azərbaycan
iqtisadi inkişaf sahəsindəki uğurlarına və
dövlət başçısının yeni ictimai
paradiqmanı vaxtında mənimsəmək və milli
intellektual potensial zəminində ölkəmizi lider ölkələr
sırasına çıxarmaq əzminə güvənərək
elm və təhsil sahəsindəki quruculuq işlərini də
ən yeni dövrün və milli ruhun tələblərinə
uyğun surətdə qura bilər. Bizcə, Prezidentin
ölkəmizdə və dünyada gedən ictimai proseslərin
daha dərindən öyrənilməsi məqsədilə
ictimai elmlərin bütün potensialının səfərbər
olunması barədə verdiyi tapşırıqlar da məhz
bu ehtiyacdan irəli gəlir.
Əlbəttə,
“intellektual kapital” ideyası özlüyündə bir yenilik
deyil, çünki Qərbdə xeyli vaxtdır ki,
hallandırılmaqdadır. Amma burada fərqli bir
məqam var. Qərbdə bu ideya alimlər tərəfindən
irəli sürülür və onun hər hansı bir
dövlətin strateji xəttinə çevrilməsi
üçün siyasi iradə də lazımdır. Yəni ideya əvvəlcə cəmiyyətdə
formalaşır və realizasiya şansı qazanmaq
üçün ictimai-siyasi təbəddülatlarla dolu uzun
bir yol keçməli olur. Elmi
ideyaların, xalqın istək və arzularının,
potensial imkanlarının, fəaliyyət əzminin siyasi
liderin fəaliyyət proqramı ilə üst-üstə
düşməsi heç də asanlıqla əldə
olunmur.
Amma bizdə
elmin səviyyəsi xeyli aşağı olsa da və
aşağıdan yetərincə təşəbbüslər
gəlməsə də, dövlətin strateji xətti
dünya elmi-fəlsəfi fikrinin ən son nailiyyətləri
ilə səsləşir. Bir sözlə, ideya
yuxarıdan gəlir. Həm də sadəcə
ideya verilmir, onun realizasiyası üçün dövlət
dəstəyi və maddi təminat da təqdim olunur. Və bu dəfə tələb olunan elmi ictimaiyyətin
buna adekvat reaksiyası, cəmiyyətin
açılmış bu imkanları reallaşdırmaq
üçün ictimai iradə nümayiş etdirməsidir.
Yəni baxılan halda siyasi iradə öndədir: ictimai
şüur və sosial proseslər ona uyğunlaşmalı,
bütövlükdə cəmiyyətin səviyyəsi
qalxmalıdır. Prezident bunun yolunu da göstərir: elm və
təhsil. İctimai şüurun inkişaf
etdirilməsi, xüsusilə humanitar və ictimai elmlərin
canlandırılması, bu sahədəki müzakirələrə
də onun tapşırığı ilə yüksək
dövlət rəsmisi tərəfindən start verilir.
Bu məqamda
maraqlı bir bənzəyişi yada salmamaq mümkün deyil. 2001-ci ildə çap
etdirdiyim “Lider. Dövlət. Cəmiyyət” kitabında Heydər Əliyevin
liderlik xüsusiyyətlərindən bəhs edərkən belə
bir məqamı xüsusi vurğulamışdım ki, beynəlxalq
praktikada “milli-mənəvi dəyərlərin də dövlət
quruculuğu və sosial-iqtisadi inkişaf strategiyası ilə
yanaşı ümummilli inkişaf strategiyasına, milli
ideologiyanın strukturuna daxil edilməsi üçün bir
qayda olaraq milli ziyalılar dövlət
başçısına, siyasi rəhbərliyə təsir
göstərməyə çalışırlar. Azərbaycanda isə bu proseslərin mənzərəsi
xeyli dərəcədə fərqlidir. Ziyalılarımızın
milli tərəqqi prosesində rolunu azaltmadan və onların
milli heysiyyatına toxunmadan qeyd etməliyik ki, bizdə milli dəyərlər
uğrunda mübarizənin önündə çox vaxt
dövlət başçısı özü gedir və əksinə,
milli ziyalılarımızı da bu istiqamətdəki fəaliyyətə
səfərbər etməyə çalışır.
Ona görə yox ki, Azərbaycan ziyalıları millətini az sevirlər. Sadəcə olaraq, Prezidentimiz
millət sevməyin, millətə xidmətin yüksək ali nümunəsini, yollarını və
üsullarını hətta alimlərimizdən,
yazıçılarımızdan da yaxşı mənimsədiyinə
görə təşəbbüs ondan çıxır”.
Burada söhbət
mənəviyyatdan, milli ideologiyanın
formalaşdırılmasından gedirdi. İndi isə
zaman dəyişmiş, ölkəmiz yeni inkişaf səviyyəsində
elmin rolunun və səmərəsinin artırılmasına,
ictimai proseslərin elmi əsaslar üzərində təşkil
olunmasına ehtiyac hiss edir və bu məqamı vaxtında
tutan siyasi rəhbərlik elmi ictimaiyyəti bu istiqamətdə
səfərbər etməyə çalışır.
Düzdür, bu dəfə
söhbət milli-mənəvi dəyərlərdən yox,
milli-intellektual potensialdan gedir, amma lider - dövlət - cəmiyyət
üçlüyünün daxili dinamikasında eyni
ardıcıllıq müşahidə olunur: istiqamətləndirici
ideya siyasi liderdən gəlir və onun realizasiyası
üçün bütün dövlət resursları cəlb
olunur, xalqın zəka potensialının fəal ictimai
qüvvə kimi canlandırılması, maddi kapitalın
intellektual kapitala və onun da öz növbəsində insan
rifahına çevrilməsi nəzərdə tutulur.
Qloballaşma və kiçik dövlətlər
üçün böyük siyasət imkanı
Bu gün
bütün dünya iqtisadiyyatı ilə bərabər,
bütün dünya ictimai sistemi də sanki bir böhran keçirir. İndi hətta
dünyanın sonu haqqında filmlər də çəkilir.
Düzdür, Avropada Qərb ruhunun tükənməsi,
onun süqutu, tənəzzülü haqqında söhbətlər
çoxdandır ki, başlanmışdır. Lakin bunu yazanlar daha böyük miqyaslı proseslərdən
çıxış edən filosoflardır. Həmin ölkələrdə yaşayanların
heç də hamısı getdikləri yolun haraya aparıb
çıxaracağını təsəvvür etmir. Əhali bu təlaşı, qorxu hissini daha çox
dərəcədə iqtisadi böhranlar zamanı
yaşayır. Həm də bu hadisələr
zamanı kimi isə təsirləndirmək də çox
çətin olur. Çünki belə
böhranlar adətən qloballaşan dünyanın dərinliklərindən
gəlir. Və hamı “palaza
bürünüb elnən sürünməli olur.” İndi
ekoloji böhranlar, kütləvi xəstəliklər, kütləvi
qırğın silahlarının qlobal vahiməsi, zəncirvari
müharibə təhlükələri və s. getdikcə artır.
İndi demək
olar ki, hər şey qloballaşır. Qloballaşma
KİV və internet vasitəsilə artıq mənəviyyat
sferasına da müdaxilə edir və bu sahədəki
virusların da dərmanını tapmaq asan deyil. Yəni, qloballaşma şəraitində hər bir
ölkənin dərd-səri özünə bəs deyilmiş
kimi, başqalarının da qurbanına çevrilmək təhlükəsi
yaranır. Dərdlər qloballaşır.
Deməli, daha hər kəs təkcə
özünü qorumaq, milli maraqlardan çıxış etməklə
məhdudlaşa bilməz. Jan-Pol Sartr
deyirdi ki, hər bir insan bütün dünyadakı
günahlara görə məsuliyyət hissi keçirməlidir.
İndiki dövrdə isə təkcə mənəvi
məsuliyyət və ya günahkarlıq hissi bəs eləmir.
İndi qlobal təhlükələr
insanların həyatını bilavasitə təhdid edir.
Və deməli onlara qarşı mübarizə
də bütün insanlığın vəzifəsidir.
Lakin əmək bölgüsü və
ixtisasların diferensiallaşması şəraitində, hər
kəsin öz işini ancaq başa çatdıra bildiyi bir
vaxtda dünyanın problemlərini düşünmək və
həll etmək vəzifəsi görəsən kimin üzərinə
düşür? Hətta dövlət
başçıları da əsasən öz ölkələrinin
daxili problemləri ilə məşğul olmaq məcburiyyətində
qalırlar. Belə olduqda isə, hər
bir ölkə və hər bir xalq xarici təsirlərə,
qlobal təhlükələrə qarşı
özünü güvənsiz hiss edir.
Bax, belə bir
şəraitdə yeni tipli liderlərin meydana
çıxmasına ehtiyac yaranır. Təsadüfi deyildir ki,
hər dəfə ABŞ-da prezident seçkiləri zamanı
iddiaçıların platforması ilə təkcə
ABŞ vətəndaşları deyil, bütün dünya
maraqlanır. Amerika prezidentinin mövqeyi həqiqətən
bütün dünyada baş verən proseslər
üçün mühüm göstəricilərdən biri
olur. Amma indi elə bir zaman gəlmişdir
ki, siyasi liderlərin təmsil etdikləri dövlətin
böyüklüyü yox, irəli sürdükləri
ideyanın böyüklüyü və qloballığı
daha önəmli olur. Dünyanı qlobal
böhranlardan ancaq qlobal ideyalar xilas edə bilər. Neçə əsrlər ərzində belə
qlobal ideyalar ancaq Avropa ölkələrində, son iki əsrdə
isə həm də Amerikada meydana çıxır. Bütün dünya ölkələri
üçün tövsiyə olunan mütərəqqi
dövlət quruluşu və idarəetmə sistemləri,
insan haqları və beynəlxalq hüquq normaları, beynəlxalq
təhlükəsizlik sisteminin əsasları və s. -
hamısı Yeni Dövr Avropa filosoflarının
ideyalarından qaynaqlanmışdır. Təəssüf
ki, son onilliklərdə dünyada gedən proseslərin
sürəti o dərəcədə artmışdır ki,
indi ənənəvi normativlər dünyanın tənzimlənməsi
üçün yetərli görünmür. Bəli, artıq yeni normaların
formalaşdırılmasına ehtiyac yaranır, paradiqmalar dəyişir.
Yeni dövrün ruhunu ifadə edən yeni
ideyalar, idarəetmə sistemləri, milli ilə qlobalın
yeni qarşılıqlı münasibət formulu harada,
hansı siyasi lider tərəfindən irəli
sürülürsə və həyata keçirilirsə,
bütün bəşəriyyətin nəzərləri də
təmsil etdiyi dövlətin miqyasından asılı
olmayaraq, belə liderlərə yönəlir. İndi o dövlət rəhbərləri
bütün dünya miqyasında sayılıb-seçilir ki,
onlar ən azı öz xalqlarını böhranlardan və
qlobal təbəddülatlardan xilas edə bilir. Sanki yıxılan dünyanın yeni Atlantlara
ehtiyacı var.
İndi böyük dövlətlərin
başçıları da, böyük siyasi təcrübəyə
malik siyasi liderlər də yeni iqtisadi münasibətlər
sisteminə təzə qoşulan Azərbaycan dövlətinin
inkişaf tempinə və iqtisadi uğurlarına təəccüblənməyə
bilmir, dünya praktikasında misli olmayan bu uğurları yeni
iqtisadi model və yeni siyasi rəhbərlik metodlarından kənarda
izah etməyə çətinlik çəkirlər.
Lakin
qloballaşan problemlərin ağır yükünü üzərinə
götürən siyasi liderlər bəşəriyyətə
bu problemlərin elmi həllini tapmaq üçün ancaq
müəyyən bir şans yaradır, sanki axtarış və
yaradıcılıq üçün möhlət verirlər. Çünki
məsələlərin fundamental həllinin tapılması,
dünyanın daha dayanıqlı inkişaf məcrasına
yönəldilməsi beynəlxalq elmi ictimaiyyətin birgə
səylərini tələb edir.
Yeni
dövrün liderlik şərtlərindən biri də ancaq
şəxsi intuisiyaya əsaslanmaqla kifayətlənməyərək,
bütövlükdə ictimai şüurun səviyyəsini
qaldırmaq və milli intellektual potensialın realizasiyası
üçün optimal şərait yaratmaqdan ibarətdir. “Maddi kapitalın insan
kapitalına çevrilməsi” planı da, şəxsi liderlik
keyfiyyətlərinin bütövlükdə xalqa, ölkəyə
transfer edilməsi və öz ölkəsini “lider ölkəyə”
çevirmək istəyi də şəxsiyyətin
böyüklüyündən, niyyət və amalın
saflığından xəbər verir.
Səlahəddin XƏLİLOV,
AMEA-nın müxbir üzvü,
professor
Xalq qəzeti.- 2009.- 24 dekabr.- S. 2-3.