Mənalı ömrün
akkordları
“Mənalı ömür”. Dəyərli
həyat yolu keçmiş insanlar barədə işlədilən
bu ifadənin öz mənası da dərindir. Üzdən
görünəni budur ki, ömür hədər getməyib,
hansı əməllərləsə mənalanıb. Dərinə
gedəndə məlum olur ki, bu mənalı ömrün
sahibi təkcə özü üçün yaşamayıb,
yaxın-uzaq ətrafında da çoxları
üçün gərəkli olub. Necə deyərlər, əriyib
getmiş ayların, illərin izini saxlayan, sorağını
günümüzə çatdıran məzmunlu bir
tarixçə yaranıb, faydalı əməlləri
nişan verən zəngin bioqrafiya yazılıb.
Həmkarımız,
iş yoldaşımız, dostumuz Rafiq Salmanovun anadan
olmasının 60 illiyinin tamam olması, istər-istəməz,
belə bir sual yaradır: görəsən, bu insan necə bir
ömür yaşayıb? Bəri başdan deyək ki, Rafiq
müəllim də mənalı bir ömür
yaşayıb. Ötüb-keçmiş 60 ili vərəqlədikcə
onun özü və başqaları, bütövlükdə
xalqımız üçün mənalı olmuş bir
çox əməllərin, işlərin şahidi oluruq. Rafiq
Salmanov bu 60 ildə sanki bir-birini tamamlayan, biri digərini
yüksəyə qaldıran 3 ömür yaşayıb. Gənclik
illərində say-seçmə musiqi ifaçıları
sırasında layiqli yer tutub. Sonra mətbuat sahəsinə
keçib, ölkənin barmaqla göstərilən bədii
fotoqrafiya ustası kimi tanınıb. Musiqi ilə mətbuatın
qovşağında isə o, yeni bir yola çıxıb — sənət
bilicisi olan jurnalist kimi özünü təsdiqləyib.
Rafiq Salmanov 1949-cu ildə
Bakıda anadan olub. Ana yurdu olan Dəvəçi rayonunun Pirəbədil
kəndi ilə sıx bağlılıq onu “şəhər
uşağı” kimi deyil, xalq həyatına dərindən bələd
olan bir insan kimi formalaşdırıb. Elə buna görə
də, necə deyərlər, bu insanı tanıyan
bakılı da, qubalı da, şəkili də,
şirvanlı da, naxçıvanlı da, qarabağlı da,
muğanlı da, lənkəranlı da onu özünə
yaxın-doğma bilir. Şəhər həyatının mədəni
dəyərlərini mükəmməl mənimsəyən
Rafiq müəllim kəndin özəlliklərini və
gözəlliklərini də eyni dərəcədə
öyrənib, onlardan faydalanıb.
Uşaqlıq və yeniyetməlik
illərində fiziki fəallığa, idmana böyük
maraq göstərən həmkarımız günlərin
birində bu yolda büdrəyir, ağır zərbə
alır. Futbol oyununda bel sütunu zədə alan Rafiq gəncliyin
astanasında neçə il çarpayıya “mıxlanır”.
Məhkum olduğu otağın pəncərəsi onun
üçün həyat obyektivinə çevrilir. Mehrini pəncərədən
bayıra tuşladığı fotoaparata, kitablara, bir də
musiqiyə salır. Sinəsi üstünə
aldığı qarmonda bitib-tükənməyən arzu-istəklərini
dilləndirməyə çalışır...
Möcüzəsini çox
göstərmiş “həyat eşqi” yeniyetməliyi puç
olsa da, ayaq üstə qalxmağa inamı sönməmiş
Rafiqin əlacsız sayılan dərdinə məlhəm olur.
Günlərin birində çarpayıda qəddi düzəlir.
Əvvəl ayağının birinə, sonra digərinə
güc gəldiyini hiss edir... Qorxa-qorxa çarpayıdan yana
sürüşür... Ayağının biri yerə
toxunur... Artıq o biri də yerə çatır... Gözləri
stula, stola sataşır... Addım atmağa cəsarət
etmir... Bir... iki... bu da üç... İlahi, kərəminə
min şükür! Bitdi, bitdi adi stula, stola, ağaca, heyvana —
ayaq üstə dayanan nə varsa hamısına həsrətlə,
həsədlə baxmaq! Mən ayağa qalxdım! Mən
yeriyirəm! Yeni həyat başlandı!
Bax beləcə, Yaradanın
kərəməti ilə yaşamaq, ürəyindəki sonsuz
istəkləri göyərtmək, qəzaya tuş olmuş
taleyini dəyişmək istəyən bir insan ayağa
qalxır, özünü yaşatmaq, başqalarına
faydalı olmaq üçün yol- yön axtarır.
Könül sirdaşı olmuş qarmon yeni həyatda da onun
harayına çatır. Şənliklərdə
barmaqları qarmonun dillərinə toxunduqca eşidənlər
ayaq saxlayır, təsirlənir, heyrətlənir: bu ki yeni bir
Teymur Dəmirovdur. İstedadlı gənc o illərdə bir
çox ümidverən ifaçıları ətrafında
toplamış Əbilov adına kluba dəvət alır.
Rafiqin məharəti bu sənət ocağından kənara
da səs salır. Professional səhnədə, teleradioda, el
şənliklərində şöhrətə
çatmış sənətkarlar — ötən əsrin
60—70-ci illərinin populyar sənətkarları öz heyətlərinə
musiqi aləmində yeni ad olan Rafiq Salmanovu da daxil edirlər. Əbülfət
Əliyev, Şövkət Ələkbərova, Sara Qədimova,
Əlibaba Məmmədov, Tükəzban İsmayılova, Rəhilə
Həsənova, Arif Babayev, Canəli Əkbərov, Teymur
Mustafayev kimi sevilən ifaçıları müşayiət
edir, kaman ustası Habil Əliyevlə yanaşı
görünür. Şöhrəti şöhrət,
qazancı qazanc... Özünə layiqli qərar qurur. Qramafon
valları isə istedadının və
populyarlığının təsdiqi olur...
Lakin günlərin birində
Rafiq hiss edir ki, ürəyindəkiləri musiqi ilə
çatdırmaq ona azlıq edir, necə deyərlər,
geydiyi köynəyin yaxası dar gəlir. Yəqin edir ki, təkcə
eşitdirmək yox, həm də göstərmək
lazımdır. Bu dəfə də çarpayıda, dar otaqda
keçdiyi “universitet”, qazandığı başqa bir ixtisas
onun karına gəlir. Fotoaparatı təzələyir.
Görüb-göstərmək istədiklərinə “start”
verir. Çəkdikləri hamının xoşuna gəlir.
Budəfəki səs-soraq onu foto sənətinin geniş
tirajlandığı mətbuata — “Azərbaycan pioneri” qəzetinə
gətirir. 1980—82-ci illərdə “Azərbaycan qadını”
jurnalında, 1985—90-cı illərdə “Vışka” qəzetində
fotomüxbir işləyir. Taleyini birdəfəlik jurnalistikaya
bağlayır. Çalışdığı qəzetlər
üçün təkcə müxtəlif səpkili şəkillər
çəkmir, görüb təsirləndiyi fakt və hadisələr,
ünlü sənətçilər barədə yazılar
da qələmə alır.
1990-cı ildə ölkədə
gündəlik informasiyanın, mötəbər ictimai rəyin,
nüfuzlu sözün aparıcı tribunası olan “Xalq qəzeti”nə
gəlişi ilə “Rafiq Salmanov” imzası daha da
populyarlaşdı. Onun yüksək professionallıqla lentə
aldığı fotolarla yanaşı, milli musiqi irsimizə
işıq salan yazıları da oxucuların diqqətini cəlb
etməyə başladı. Rafiq müəllimin qəzetə
“Qızıl patefon” rubrikası altında gətirdiyi
yazılar milli musiqi ifaçılığımızın
klassikləşmiş nümayəndələrini yeni nəsillərə
tanıtdı, onları sənət aləmində yada
saldı.
Fatma Mehrəliyeva, Sərvər
İbrahimov, Abbas Abbasov, Teyyub Dəmirov, Rəhilə Həsənova,
Əliağa Quliyev, Məmmədağa Muradov, Töhfə Əliyeva,
Mübubət Məmmədova, İldırım Həsənov,
Ramiz Hacıyev, Mais Salmanov, Flora Kərimova kimi sevimli
müsiqiçilərimizdən bəhs edən bu yazılar
“Sizi məndən soruşsalar” adlı kitabda toplanıb
çap olunduqdan sonra Rafiq Salmanovun musiqiçilər,
jurnalistlər, sənətsevərlər arasında nüfuzu
bir az da artdı. Unudulmaqda olan, vaxtilə qədir-qiymətini
kifayət qədər almamış bu sənətçilər
barədə həmkarımızın yazdıqları
ictimaiyyətin diqqətini milli musiqimizin incilərinə
yönəltməkdə təsirli rol oynadı.
Bütün bunlar Rafiq
Salmanovu yeni axtarışlara həvəsləndirdi. İkinci
bir toplunun — “El sevsə sənətkarı” kitabının
materiallarını qələmə aldı. Sənət
dostları Əbülfət Əliyev, Əlibaba Məmmədov,
Arif Babayev, Canəli Əkbərov, Sabir Mirzəyev, Süleyman
Abdullayev, Rübabə Muradova, Elmira Rəhimova kimi orta nəsil
müsiqi ifaçılarımız barədə yazılar qəzetimizin
səhifələrində əks-səda doğurdu. Bunun
ardınca Ağadadaş Ağayev, Zaur Rzayev, Aftandil
İsrafilov, Vəli Qədimov, Sadıq Zərbəliyev, Mənsum
İbrahimov, Nəzakət Teymurova, Briliyant Dadaşova, Nazpəri
Dostəliyeva kimi sonrakı nəsil istedadlar barədə
yazılar da oxucularımızın ürəyincə oldu. Həmin
materiallar eyni silsilədən olan üçüncü kitabda
— “Mənim könlüm deyir ki...” toplusunda bu yaxınlarda
musiqisevərlərə çatdırılacaq, trilogiya
yaradılacaq.
Milli musiqimizin xiridarı,
şərqşünas akademik Vasim Məmmədəliyev bu
kitabları belə dəyərləndirir: “Çoxəsrlik
folklor musiqimizin, milli muğam sənətimizin ən gözəl
ifaçılarını tanıdan, bu zəngin irsi
yazıları və kitabları ilə təbliğ edən
Rafiq Salmanov çağdaş jurnalistikamızı mövzu
baxımından zənginləşdirir, oxuculara gərəkli
ruhi qida verir. O, milli-mənəvi dəyərlərimizi qorumaq
və inkişaf etdirmək işinə qələmi ilə
kömək edir”.
Son illərdə ölkə
rəhbərliyinin, xüsusən, Heydər Əliyev Fondunun
milli musiqi sənətimizi himayə etmək yönündə
həyata keçirdiyi genişmiqyaslı tədbirlər Rafiq Salmanovu
yeni qüvvə ilə çalışmağa həvəsləndirmişdir.
O, muğam müsabiqələrinin qəzetimizdə geniş
işıqlandırılmasında qüvvə və
bacarığını əsirgəməmiş, yeni
çoxsaylı yazılarla çıxış etmişdir.
Həmkarımız, haqlı olaraq, “Muğam” jurnalının
yaradıcı heyətinə dəvət olunmuşdur. Rafiq
Salmanov bu gərəkli və nüfuzlu nəşrin foto və
yazı materialları ilə zənginləşməsinə
bacardığı qədər kömək edir.
Rafiq Salmanov fotomüxbir kimi
bir sıra ölkə daxili və beynəlxalq müsabiqələrdə
qaliblərdən olmuşdur. Jurnalist kimi “Qızıl qələm”
və digər yaradıcılıq mükafatlarına layiq
görülmüşdür. Bu təltiflərdən söz
düşəndə həmkarımız bildirdi:
— Mənim daha böyük
mükafatım haqqında yazdığım unudulmuş sənətkarların
yenidən tanınması və qəhrəmanlarımın
bir çoxunun “xalq artisti” adınadək yüksəlməsi
olub. Sevinmişəm ki, onların istedadının aşkara
çıxarılmasında və tanıdılmasında mənim
də xidmətim olub. Bu yerdə Rafiq müəllimə bir
sual verdik. Soruşduq ki, mahir qarmon ifaçısı kimi onun
özü də “xalq artisti” ola bilərdi — jurnalistikaya
keçməsinə peşman deyil. Cavab belə oldu:
— Mən musiqiçi kimi qəlbimdəkiləri
təkcə səslə ifadə edirdim. Gördüklərimi
hamıya göstərmək üçün foto sənəti,
duyub-öyrəndiklərimi sözlə anlatmaq
üçün jurnalistika mənə geniş meydan
açdı. Özümü ifadə edə bildiyimə,
vaxtilə büdrəyib itirdiyim illərin əvəzini
çıxdığıma görə Ulu Tanrıya minnətdaram.
Ən böyük mükafatım isə ömrümün mənalı,
gərəkli keçməsindən doğan xoşbəxtlik
duyğusudur. Mən ailədə də,
çalışdığım kollektivdə də, cəmiyyətdə
də özümü xoşbəxt sayıram.
Rafiq Salmanov 60 yaşa
çatsa da, mənalı ömrün akkordlarını gənclik
həvəsi ilə səsləndirməkdə davam edir. Həmkarımızı
bu əlamətdar gündə səmimi-qəlbdən təbrik
edir, ona möhkəm cansağlığı, yeni
yaradıcılıq uğurları arzulayırıq.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2009.- 24 dekabr.- S. 8.