Hökməli: yeniləşir,
gözəlləşir
Abşeron rayonunun tarixində 2005-ci ilin ikinci
yarısı xüsusi əhəmiyyət daşıyır. Zakir
Fərəcovun rayona rəhbər təyin olunmasından sonra
bu rayonun həyatında yeni, həm də uğurlu bir mərhələ
– inkişaf mərhələsi başlayır. Bu inkişaf
eyni zamanda böyüklüyündən – kiçikliyindən
asılı olmayaraq, rayonun bütün yaşayış məntəqələrini
əhatə edir.
Ötən beş il ərzində
Hökməli qəsəbəsində sosial-iqtisadi
inkişafın sürətləndirilməsi istiqamətində
bir sıra əsaslı tədbirlər həyata keçirilmiş,
illərlə yığılıb qalmış problemlərin
həll edilməsi üçün əhəmiyyətli tədbirlər
həyata keçirilmişdir. Əlbəttə, əsas məsələ
arzu və istəyin, qurub-yaratmaq həvəsinin ötəri
yox, güclü olmasıdır, çünki belə olan
halda hər bir çətinliyin, müşkülün
öhdəsindən gəlmək mümkün olur.
Hökməlililərin
böyük hörmət və ehtiramla yanaşdıqları
bələdiyyənin sədri Mirnemət Miradıyevi əhali
arasında sevdirən nüfuzunu artıran əsas amil onun qəsəbənin
problemlərinin həllinə ürəklə girişməsi
və camaatın qayğılarına, dərd-sərlərinə
şərik çıxmasıdır.
Hökməli qəsəbəsində
son illər ərzində görülən işlərin
keyfiyyətini artıran əsas amillərdən biri də səylərin
birləşdirilməsidir. Atalar demişkən, el bir olsa
dağ oynadar yerindən. Hökməli Abşeron rayonunun su
sarıdan korluq çəkən yaşayış məntəqələrindən
biridir. Buna görə də qəsəbənin ilk növbədə
su ilə təchizatı ilə bağlı həyata
keçirilmiş təbirləri qeyd etmək yerinə
düşər.
Belə ki, son illər
burada sahəsi 80 kvadratmetrdən ibarət, iki nasoslu su
nasosxanası tikilib istifadəyə verilmiş, diametri 100
millimetrlik, 500 metr uzunluğunda su xətti yenisi ilə əvəz
olunmuş, qaçqınlar üçün
salınmış yeni yaşayış massivində 800 metr
uzunluğunda su xətti çəkilmişdir. Hökməli
sakinlərinin mavi yanacağa olan tələbatını
yaxşılaşdırmaq məqsədilə sahəsi 36
kvadratmetr olan qazpaylayıcı stansiya tikilmiş və 1500
metr uzunluğunda yeraltı qaz xətti yerüstü qaz xətti
ilə əvəz edilmişdir.
Qaçqınlar
üçün salınmış yeni yaşayış
massivində 300 millimetr diametrində 13000 metr uzunluğunda
kanalizasiya xətti çəkilmişdir.
Ərazinin səliqəyə
salınması, abadlıq-quruculuq işlərinin sürətləndirilməsi
üçün əhəmiyyətli addımlar
atılır. Bu addımlardan biri də küçələrə
30000 kubmetr qum-çınqıl əsasının verilməsidir
ki, bunun da nəticəsində daxili yollarda insanların və
avtomobillərin hərəkəti xeyli
yaxşılaşmışdır. Əlbəttə, qeyd
edildiyi kimi, bu istiqamətdə işlərin daha qətiyyətlə
aparılması qəsəbənin sosial-iqtisadi
inkişafına hesablanmış fəaliyyət planında əsas
yerlərdən birini tutur. Çünki məlum həqiqətdir
ki, yolu abad olmayan yerin heç bir yaxşı işindən
danışmağa dəyməz.
Hökməli qəsəbəsində elektrik enerjisi ilə təminatda yaranmış boşluqları və çətinlikləri aradan qaldırmaq üçün son illər iki 1000 kv-lıq, beş 400 kv-lıq,iki 250 kv-lıq, ümumilikdə doqquz ədəd transformator alınaraq quraşdırılmışdır. Bundan başqa qəsəbədə və Hökməli bələdiyyəsinin ərazisi olan “Atyalı” yaşayış massivində 7 metr hündürlüyündə 16 ədəd dirək basdırılmış, 6 kilometr elektrik naqili çəkilmiş və 600 metr uzunluğunda köhnə elektrik naqili yenisi ilə əvəz olunmuşdur.
Hökməli qəsəbə bələdiyyəsində sosial məsələlərin, xüsusilə də qayğıya möhtac insanların problemlərin həllinə mühüm əhəmiyyət verilir. Buna misal olaraq qeyd etmək lazımdır ki, bələdiyyənin vəsaiti hesabına üç imkansız ailəyə ev tikilmiş, səkkiz evin dam örtüyü dəyişdirilmiş, 480 imkansız ailənin 43500 manat həcmində elektrik enerjisindən, 200 ailənin 12000 manat həcmində qazdan, 80 ailənin 2400 manat həcmində sudan istifadəyə görə yaranmış borcları ödənilmişdir. Hər il əlamətdar günlərdə və müqəddəs bayramlarda “Atyalı” yaşayış massivində yaşayan 1000 ailəyə, həmçinin imkansız, əlil və şəhid ailələrinə maddi yardımların edilməsi artıq ənənə halını almışdır.
Sahəsi 100 kvadratmetrlik, 5 otaqlı polis məntəqəsinin tikintisi, tibb məntəqəsinin və orta məktəbin qazanxanalarının tikilib istifadəyə verilməsi son illər qəsəbədə görülmüş işlərin yalnız bir qismidir. Sakinlərə tibbi xidmətin səviyyəsini yüksəltmək üçün müstəsna əhəmiyyət kəsb edən işlərdən biri də sözsüz ki, iki ambulatoriyanın tikilməsidir. Bu ambulatoriyalardan biri müasir standartlar səviyyəsində tikilərək istifadəyə verilmiş, digərində isə tikinti aparılır. Hökməli qəsəbəsində, eləcə də bələdiyyənin ərazisinə daxil olan yeni yaşayış massivlərində küçə və dalanların, evlərin ünvanlaşdırılmasını da təqdirəlayiq hal saymaq olar.
İllər boyu baxımsız qalmış qəsəbə uşaq bağçasının, klubun və kitabxananın əsaslı təmir olunması isə hökməlililərin ürəyincə olmuş, “Atyalı” yaşayış massivində nəqliyyat xidmətinin səviyyəsini və keyfiyyətini yüksəltmək üçün iki ədəd avtobusun verilməsi, məişət tullantılarının mütəmadi olaraq təmizlənməsi və ərazidən daşınması sakinlərin ölkə, rayon və yerli rəhbərliyə qarşı inam və etimadının daha da yüksəlməsinə əsaslı surətdə təsir göstərmişdir. Qəsəbə orta məktəbinin, eləcə də ərazidə yerləşən Qubadlı rayon 3 saylı Xanlıq orta və Laçın rayon Qozlu kənd orta məktəblərinin həyətlərinin asfaltlaşdırılması və mişar daşı ilə hasara alınması, həmçinin 3 saylı Xanlıq orta məktəbinə əlavə olaraq iki sinif otağının tikilməsi və bu məktəblərdə oxuyan min şagirdə mütəmadi olaraq hər Yeni il bayramı münasibətilə bayram hədiyyələrinin verilməsi, yeni dərs ilində şagirdlərin dərs və idman ləvazimatları ilə təmin olunmaları təhsilə xüsusi diqqət və qayğı ilə yanaşmadan xəbər verir. Əlbəttə, Hökməli qəsəbəsində bələdiyyənin fəaliyyətindən, sosial-iqtisadi inkişafın sürətindən, görülmüş işlər barədə kifayət qədər danışmaq olar. Çünki həcm də, keyfiyyət də çoxdur. Ancaq onu xüsusi qeyd etmək yerinə düşər ki, burada yalnız görülmüş işlərlə arxayınlaşıb qalmırlar, fəaliyyət proqramını daha çox uğurlu gələcəyə hesablayırlar.
Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə
müxbiri
Xalq qəzeti.- 2009.- 20 dekabr.- S. 6.