E.AXUNDOVA: “Naxçıvan
Əliyevi xilas etdi, Əliyev isə Azərbaycanı”
“Heydər Əliyev və Naxçıvan
1990-1993-cü illərdə”. Naxçıvan Muxtar
Respublikasının 85 illik yubileyi ilə əlaqədar
Naxçıvan MR Ali Məclisinin dəstəyi və Heydər
Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin
təşkilatçılığı ilə Moskva Dövlət
Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən
konfransda tanınmış yazıçı-publisist, Azərbaycanın
əməkdar jurnalisti, Milli Məclisin deputatı Elmira
Axundovanın məruzəsi belə adlanırdı. E.Axundovanın
məruzəsi Moskvanın elmi ictimaiyyəti və Rusiyanın
tanınmış ali məktəbində keçirilən
elmi konfransın bütün iştirakçıları tərəfindən
böyük maraqla qarşılanmışdır.
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin
tanınmış bioqraflarından biri olan E.Axundova öz məruzəsində
qəhrəmanının bioqrafiyasına ekskurs etmiş, onu təkcə
Naxçıvanın deyil, bütün xalqımızın
böyük oğlu, görkəmli siyasi lider kimi
yetişdirmiş Naxçıvanla sıx əlaqəsi barədə
məlumat vermişdir. E.Axundova Heydər Əliyevin həyatının
Moskva dövrü barədə, həmin dövrdə
çoxlu itkilər və məyusluqlarla üzləşməsi,
Sov.İKP MK-nın sonuncu baş katibi Mixail Qorbaçovun ona
qarşı xəyanəti, özlərini “demokratik”
adlandıran KİV-lərin Heydər Əliyevə və onun
ailəsinə münasibətdə qeyri-obyektiv mövqe
tutması, habelə psixoloji baxımdan heç də az gərgin
olmayan “dəyərlərin yenidən qiymətləndirilməsi”
barədə söhbət açmışdır. E.Axundova
demişdir: “O, kommunizm ehkamlarından və ideallarından
imtina etmiş, yeni dayaq nöqtəsi axtarmış və
yeganə düzgün qərar qəbul edərək doğma
Vətənə qayıtmağı, öz xalqı ilə bir
olmağı qət edərək bu dayaq nöqtəsini
tapmışdır”.
Məruzədə qeyd
edilmişdir ki, Heydər Əliyev Naxçıvana səssiz-küysüz
gəlmişdi, buna baxmayaraq Naxçıvan öz
adlı-sanlı övladını milli qəhrəman kimi
qarşılamış, ona qayğı, sevgi və nəvaziş
göstərmişdi. Məruzəçi bildirmişdir ki, sadə
naxçıvanlıların sevgisi liderə, sözün həqiqi
mənasında, şəfa gətirmişdir. Heydər Əliyev
evdən çıxanda yerli sakinlər onu mühafizə etmək
üçün dövrəyə alırdılar. Muxtar
respublikanın bütün guşələrindən gələn
sakinlər Heydər Əliyevin bir müddət onların
yanında yaşamasını təklif edirdilər. Nehrəm
kəndinin bir sakini isə təzəcə tikdiyi evi ondan hədiyyə
kimi qəbul etməyə razı salmaq üçün uzun
müddət Heydər Əliyevin yanına gedib-gəlmişdir.
E.Axundova Azərbaycanın
o vaxtkı rəhbərlərinin ümummilli liderə
münasibətinin heç də birmənalı
olmamasını da qeyd edərək vurğulamışdır
ki, iqtidarın təkidli müqavimətinə baxmayaraq,
naxçıvanlılar Heydər Əliyevi yekdilliklə eyni
vaxtda iki parlamentin - Naxçıvan Ali Sovetinin və Azərbaycan
Ali Sovetinin deputatı seçmişdilər.
Məruzədə
Dağlıq Qarabağ münaqişəsi nəticəsində
ətraf aləmdən təcrid olunmuş
Naxçıvanın mühasirədən
çıxarılmasında Heydər Əliyevin rolu xüsusi
qeyd edilmişdir. Məhz onun Türkiyə və İran rəhbərləri
ilə şəxsi əlaqələri sayəsində
Naxçıvanla kommunikasiyalar yaradılmışdı. Bundan
əlavə, Heydər Əliyev blokadada olan Naxçıvana
humanitar yardım göstərilməsi barədə Qərb
dövlətlərinin nümayəndələri ilə
uğurlu danışıqlar aparmışdır. O, ABŞ
Prezidenti Bill Klintona səmimi teleqram göndərmiş, bu
teleqrama eyni dərəcədə səmimi cavab almış,
sonra isə ABŞ-dan humanitar yardım gətirən “Boeing” təyyarələri
Naxçıvan hava limanında yerə enmişdir.
Məruzədə Azərbaycanın
ümummilli lideri Heydər Əliyevin zəfərlə
Bakıya qayıtması və Azərbaycan xalqının onu
yekdilliklə dəstəkləməsi faktına xüsusi yer
verilmişdir. Naxçıvanda Heydər Əliyevlə dəfələrlə
görüşmüş Elmira Axundova demişdir: “Əliyev
Naxçıvana gedib orada öz “vaxtını” gözləyirdi.
O, əsla şübhə etmirdi ki, tezliklə onu geri
çağıracaqlar”.
Elmira Axundova məruzəsinin
sonunda demişdir: “O, öz “kiçik Vətənini” tərk
edəndə narahat idi, hərçənd bu muxtar respublikaya rəhbərlik
etdiyi iki ildən az müddətdə əsas məsələni
- Naxçıvanı işğaldan xilas etmək, sərt
blokadanı aradan qaldırmaq, naxçıvanlıları ərzaq
və yanacaqla təmin etmək məsələsini həll edə
bilmişdi. İndi o, bütün ölkəni fəlakətdən
xilas etməli idi. Buna görə də biz respublikada bir
cümləni tez-tez təkrarlayırıq: “Naxçıvan Əliyevi
xilas etdi, Əliyev isə Azərbaycanı”.
Asya HACIZADƏ
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Xalq qəzeti.- 2009.- 19 dekabr.- S. 3.