Dövlət İdarəçilik
Akademiyasının dinləyiciləri
Səbail Rayon İcra Hakimiyyətində
təcrübə keçmişlər
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının Azərbaycanda
ailə, qadın və uşaq siyasəti istiqaməti üzrə
ixtisasartırma kursunun dinləyiciləri akademiyanın
proqramına uyğun olaraq Səbail Rayon İcra Hakimiyyətində
təcrübə keçmiş və rayon rəhbərliyi tərəfindən
qəbul olunmuşlar.
Respublikanın bir
sıra rayon icra hakimiyyəti başçılarının
humanitar məsələlər üzrə müavinləri,
nazirlik və komitələrin məsul işçiləri,
Dövlət İdarəçilik Akademiyası rəhbər
kadrların ixtisasının artırılması fakültəsi
rəhbərliyinin iştirakı ilə təşkil
olunmuş tədbiri giriş sözü ilə Səbail Rayon
İcra Hakimiyyətinin başçısı Asif Əsgərov
açaraq qonaqları salamladı, ixtisasartırma kursunda təcrübə
keçmək üçün məhz Səbail rayonunun
seçilməsinə görə, akademiyanın rektoru
professor Seyfəddin Qəndilova öz təşəkkürünü
bildirdi.
Rayon icra hakimiyyətinin
başçısı iştirakçılara ilk öncə
Səbail rayonu, onun tarixi barədə ətraflı məlumat
verdi, son vaxtlarda rayonda aparılan abadlıq və quruculuq
işlərindən danışdı. A.Əsgərov qeyd etdi
ki, müstəqil Azərbaycan Respublikasında sosial sahədə
dövlət siyasətinin prioritet istiqamətlərindən
birini məhz ailə, qadın və uşaq siyasəti təşkil
edir. Bu məsələləri daim nəzərə alan ulu
öndər Heydər Əliyev respublikamızda bu istiqamətlər
üzrə siyasətin formalaşdırılması məsələlərinə
böyük diqqət yetirmiş və mövcud problemlərin
həlli üçün ardıcıl və məqsədyönlü
fəaliyyət göstərmişdir.
Ümummilli liderimizin
layiqli davamçısı, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 2006-cı il fevralın
6-da imzaladığı fərmanla Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
formalaşdırılması bu sahədə mövcud olan məsələlərin
kompleks şəkildə həlli üçün zəmin
yaratmışdır. Həmin il Milli Məclisdə “Gender
(kişi və qadınların) bərabərliyinin təminatları
haqqında” Qanunun qəbul olunması qadınların sosial
statusunun yüksəlməsi istiqamətində mühüm
addım olmuşdur. Ölkə başçısının
tapşırığı ilə son illərdə respublikada
yeni məktəblərin tikintisi, ali, orta və məktəbəqədər
təhsil müəssisələrinin, mədəniyyət
ocaqlarının əsaslı təmir olunaraq hər cür
avadanlıqlarla təchiz edilməsi, həmçinin 2009-cu
ilin “Uşaq ili” elan olunması Azərbaycanda sosial sahədə
aparılan düzgün siyasətin bariz nəticəsidir.
Daha sonra
görüşdə ailə, qadın və uşaq problemləri
ilə bağlı müxtəlif mövzularda
çıxışlar olmuşdur. Səbail Rayon İcra
Hakimiyyəti başçısının birinci müavini
Xalidə Bayramova bu istiqamətdə rayonda görülən
işlər və keçirilən tədbirlər, RİH-də
fəaliyyət göstərən komissiyaların fəaliyyəti
barədə ətraflı məlumat vermiş, dinləyiciləri
maraqlandıran çoxsaylı sualları
cavablandırmışdır.
Tədbirin sonunda
Dövlət İdarəçilik Akademiyası rəhbər
kadrların ixtisasının artırılması fakültəsinin
dekanı, dosent Natiq Qarayev təcrübə mübadiləsi və
görüşün yüksək səviyyədə
keçirilməsinin təşkilinə görə akademiya rəhbərliyi
və dinləyicilər adından Səbail Rayon İcra
Hakimiyyəti rəhbərliyinə öz minnətdarlığını
bildirmişdir.
Ə.BAYRAMOV
Xalq qəzeti.- 2009.- 19 dekabr.- S. 4.