Bələdiyyə seçkilərinin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb

 

Son illər Azərbaycanda keçirilmiş bütün seçkilər demokratik, şəffaf, azad və ədalətli şəkildə təşkil edildiyinə görə beynəlxalq qurumların diqqət mərkəzində olmuşdur. Seçkilərin gedişini izləmiş beynəlxalq müşahidəçilər yekun rəylərində də qeyd etmişlər ki, Azərbaycan demokratik və şəffaf seçki keçirilməsinə görə hətta Avropanın inkişaf etmiş bir sıra ölkələrini də qabaqlayıb. Bildirilir ki, seçki zamanı səsvermə kabinələrinə veb-kameraların quraşdırılması və barmaqların gözlə görünməyən mürəkkəblə işarələnməsi seçkilərin şəffaf keçirilməsini təmin etmək məqsədi daşıyır. Əksər beynəlxalq müşahidəçilər belə bir demokratik üsulu öz ölkələrində də görmək arzusunu gizlətməmişlər.

 

Azərbaycan Prezidenti İlham Əliyev demokratik və şəffaf seçki keçirilməsi üçün siyasi iradə nümayiş etdirmiş və bir sıra mühüm əhəmiyyətli fərmanlar imzalamışdır. Hətta sonuncu parlament seçkilərində seçki prosesinə müdaxilə edən dövlət məmurlarını ciddi cəzalandıraraq bir neçəsini tutduğu vəzifəsindən azad etmişdir. Bununla da azad və ədalətli seçki keçirilməsinə nəzarət daha ciddi xarakter aldı. Bundan başqa, bütün dairə seçki komissiyaları üçün hər cür şəraiti olan, lazımi avadanlıqlarla təmin olunan yeni binaların tikilib istifadəyə verilməsi də obyektiv və şəffaf seçkilərin keçirilməsinə öz müsbət təsirini göstərmişdir.

Bu ilin sonunda — dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə Azərbaycan tarixinə daha bir demokratik seçki günü qeyd olunacaq. Seçkilərdə demokratikliyin və şəffaflığın təmin olunması üçün bütün imkanlardan səmərəli istifadə edilir. İstər dairə, istərsə də məntəqə seçki komissiyalarında bütün hazırlıq işləri başa çatmış, azad və ədalətli seçki keçirilməsi üçün əlverişli şərait yaradılmışdır. Binəqədi rayonundakı dairə seçki komissiyalarının sədrləri ilə görüşümüz zamanı da bunun şahidi olduq.

9 saylı Binəqədi İkinci seçki dairəsinin sədri Mahir Babayevlə görüşərkən dedi ki, lap vaxtında gəlmisiniz. Bir azdan məntəqə seçki komissiyası üzvləri üçün treninq başlanacaq. İstəsəniz iştirak edə bilərsiniz. Biz isə bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar görülmüş işlərlə maraqlandığımızı bildirdik. Söhbət əsnasında məlum oldu ki, seçki dairəsinin dislokasiyası M. Ə. Rəsulzadə bələdiyyəsini tam, Binəqədi bələdiyyəsinin isə bir hissəsini əhatə edir. Dairənin tərkibində 32 seçki məntəqəsi fəaliyyət göstərir. Bu qədər məntəqədə 42 min 138 seçicinin səs verməsi nəzərdə tutulub.

Dairə seçki komissiyası M.Ə. Rəsulzadə bələdiyyəsi üzrə 64 namizədi qeydə alıb. Qeydə alınmış namizədlər özləri və siyasi partiyalar tərəfindən irəli sürülmüşlər. Onlardan 58-i ali təhsilli 7-si qadın, 10-u isə otuz yaşına qədərdir. M. Babayev dedi ki, namizədliyi irəli sürülmüşlərin hamısının qeydə alınması üçün hər cür şərait yaradıldı. Mənsub olduğu partiyadan asılı olmayaraq hər bir namizədə hörmətlə yanaşılmış, onların heç birinə qarşı süni əngəl yaradılmamışdır. Əksinə, çalışmışıq ki, qeydə alınmış namizədlərin sayı çox olsun. Bu zaman seçkilər daha gərgin və mübariz əhval-ruhiyyədə keçirilir. Namizədlərə yaradılmış əlverişli şəraitin nəticəsidir ki, bu vaxta qədər heç bir narazılıq və şikayət qeydə alınmamışdır.

Namizədlərin təşviqat kampaniyasına da bərabər hüquqlu şərait yaradılıb. Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq ərazilərdə ayrılmış qapalı və açıq yerlərdə namizədlər öz seçiciləri ilə tam sərbəst şəkildə görüşə bilərlər. Bundan əlavə namizədlərin təşviqat materiallarını asmaq üçün seçki dairəsinin ərazisində təşviqat lövhələri yerləşdirilmişdir.

Seçkilərin normal keçirilməsi üçün maarifləndirmə işinə xüsusi diqqət yetirilmişdir. M. Babayev bu barədə danışarkən bildirdi ki, Mərkəzi Seçki Komissiyası tərəfindən dairə seçki komissiyası sədrləri üçün sentyabrın 7-dən 12-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Seçki hüququ” üzrə ixtisaslaşdırılmış kurslar keçirilmişdir. 23-25 sentyabrda isə dairə seçki komissiyası üzvləri və məntəqə seçki komissiyasının sədrləri üçün belə kurslar keçirilmişdir. Maarifləndirmə işini yüksək dəyərləndirən DSK sədri dedi ki, seçki günü qarşıya çıxan problemlər asanlıqla aradan qaldırılır. Çünki maarifləndirmə prosesi öz bəhrəsini verir. Seçicilərin qarşılaşdıqları çətinliklər barəsində onlara dolğun məlumat verilir. Bu baxımdan maarifləndirmə işi böyük əhəmiyyətə malikdir.

Seçkilərdə şəffaflığın təmin olunması üçün 32 seçki məntəqəsinin 7-sində veb-kameraların quraşdırıldığını deyən M.Babayev demokratik, azad və ədalətli seçki keçirilməsi üçün bütün şəraitin yaradıldığını diqqətə çatdırdı. MSK tərəfindən verilmiş təlimat, izahat və digər sənədlər bütün seçki məntəqələrinə paylanılıb.

8 saylı Binəqədi Birinci seçki dairəsi dairə seçki komissiyasında hazırlıq işləri müvəffəqiyyətlə aparılıb. Komissiyanın sədri Yəhya Abbasovun verdiyi məlumata görə 33 seçki məntəqəsinin hamısı bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlaşıb. Dairənin əhatəsində olan seçki məntəqələrində səs verəcək 38 min 282 seçicinin siyahısı vaxtında tərtib olunmuş, dəqiqləşdirilmə aparılmış və müvafiq yerlərdən asılmışdır. Adları seçici siyahısında olmayanlar elə səsvermə günü məntəqə seçki komissiyalarına müraciət edib adlarını seçici siyahılarına saldıra bilərlər. Bu seçki dairəsində qeydə alınmış namizədlərin sayı daha çoxdur. Ona görə də seçkilərin daha gərgin keçəcəyi gözlənilir. Çünki Binəqədi bələdiyyəsinə 19 üzv seçilməlidir, namizədlərin sayı isə 93-dür. Göründüyü kimi, seçkilər çox gərgin şəraitdə keçiriləcək. Seçicilərin inamını, etibarını qazanmaq istəyən namizədlərə təbliğat kampaniyası üçün bərabər səviyyədə şərait yaradılıb.

Y.Abbasov qeyd etdi ki, namizədliyin qeydə alınması zamanı hər hansı bir süründürməçiliyə yol verilməyib. Təqdim olunan sənədlər diqqətlə araşdırılmış, imzalar yoxlanılmış və bundan sonra namizədlər qeydə alınmışdır. Onlara tam demokratik şərait yaradılıb. Çalışmışıq ki, bizə sənəd təqdim edənlərin hamısının namizədliyini qeydə olaq. Y.Abbasov seçki keçirilməsi sahəsində təcrübəsi olduğunu diqqətə çatdırdı. Onun sözlərinə görə, Azərbaycan artıq beynəlxalq aləmdə demokratik seçki keçirilməsinə böyük üstünlük verən və bu sahədə təcrübəsi olan ölkə kimi tanınıb. Seçkilərin şəffaf, azad və ədalətli keçirilməsi demokratik proseslərin inkişafına xüsusi önəm yetirilməsindən xəbər verir. Ölkəmiz bu sahədə artıq nüfuz sahibidir. Biz bu nüfuzu qoruyub saxlamaq, daha da inkişaf etdirmək üçün dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində şəffaflığın tam təmin olunması üçün bütün imkanlardan səmərəli istifadə edəcəyik. Bundan ötrü 7 seçki məntəqəsinə veb-kamera quraşdırılıb. Məntəqə seçki komissiyalarının hamısı texniki avadanlıqlarla tam təmin olunub. Komissiya sədri şəffaflığın təmin olunmasında müşahidəçilərin də rolunu xüsusi qeyd etdi. Onun sözlərinə görə, seçkilər zamanı müşahidə aparmaq istəyənlərə əlverişli şərait yaradılıb. Müşahidə aparmaq məqsədilə onlara müraciət edənlərin hamısı qeydə alınıb. Bütün bunlar bələdiyyə seçkilərinin obyektiv və demokratik keçiriləcəyindən xəbər verir.

10 saylı Binəqədi Üçüncü seçki dairəsində də hazırlıq işləri yüksək səviyyədə aparılıb. Komissiyanın sədri İsgəndər Əliyevin verdiyi məlumata görə 33 seçki məntəqəsinin hər biri seçkiyə tam hazırdır. Komissiya üzvləri seçki prosesində təcrübə toplamış şəxslərdir. Onlar mütəmadi olaraq seçici siyahılarının dəqiqləşdirilməsində fəallıq göstərmiş, bu sahədə aparılan gərgin iş öz bəhrəsini vermişdir. Dekabrın 23-də səs verəcək 43 min 431 seçicinin siyahısı dəqiqləşdirilərək müvafiq yerlərdən asılmışdır. Buna baxmayaraq, seçki dairəsinin ərazisinə gələnlər və ərazidən gedənlər diqqət mərkəzində saxlanılır. İ. Əliyev qeyd etdi ki, seçkilərin demokratik və şəffaf keçirilməsi üçün seçicilərin fəallığı vacib şərtlərdəndir. Dairənin əhatə etdiyi məntəqələrdə seçkilər həmişə qaynar olmuş, seçicilər səsvermə günü böyük fəallıq göstərərək layiq bildikləri namizədə tam sərbəst şəkildə səs vermişlər. Namizədlərin sayı bu seçkilərin də gərgin mübarizə şəraitində keçəcəyindən xəbər verir. Diqqət yetirin, dairə üzrə 120 nəfərin namizədliyi qeydə alınıb. Biləcəri bələdiyyəsi üzrə seçiləcək 15 bələdiyyə üzvlüyü uğrunda 70, Binəqədi qəsəbə bələdiyyəsi üzrə seçiləcək 13 bələdiyyə üzvlüyü uğrunda isə 50 nəfər mübarizə aparacaq.

DSK sədri bildirdi ki, bələdiyyə seçkiləri beynəlxalq qurumların diqqət mərkəzində olduğundan mütəmadi olaraq müxtəlif tədbirlər keçirilir, şəffaflığın təmin olunması üçün bütün imkanlardan istifadə olunur. ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə noyabrın 16-da rayon icra hakimiyyəti başçıları və dairə seçki komissiyaları sədrlərinin iştirakı ilə keçirilən informasiya sessiyasında da əsas məqsəd seçkilərdə obyektivliyin və demokratiyanın təmin edilməsinə şərait yaradılması olmuşdur.

Hazırda bələdiyyə seçkilərinə hazırlığın ən gərgin və qızğın dövrüdür. Namizədlərin qələbə qazanması üçün təbliğat kampaniyasına start verilib. İnanırıq ki, ötən seçkilərdə olduğu kimi, bu seçkilərdə də Azərbaycanın seçki tarixinə daha bir demokratik seçki təcrübəsi əlavə olunacaq. Biz Binəqədi seçki dairələrində aparılmış yüksək səviyyəli hazırlıq işlərində də bunun şahidi olduq.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2009.- 19 dekabr.- S. 5.