“Ədəbiyyat mənim taleyimin bir parçasıdır”

 

“Güllələnmiş heykəllərin fəryadı”nı və tənəsini, günahlarımızın və səhvlərimizin “Xəcalət”ini, “Gəlinlik paltarı”nı ləkələyən əxlaqsızlıq və mənəviyyatsızlığı “Vicdanın cəzası” kimi narahat və bir qədər də qəzəbli şəkildə milli şüurumuzu, təfəkkürümüzü silkinib düşünməyə vadar edən ciddi mövzuya çevirmiş yazıçı-dramaturq Hüseynbala Mirələmovla görüşə bu dəfə öz qadın həmkarları – Qadın Yazıçılar Cəmiyyətinin üzvləri gəlmişdilər. Yazıçının bu görüşündə maraqlı olan ikinci tərəf isə məhz bu maraqlı tədbirin keçirildiyi F.Köçərli adına uşaq kitabxanasının kollektivi idi.

 

Kitabxananın direktoru Fizurə Quliyeva yazıçı-dramaturq Hüseynbala Mirələmovun bu məbədgahda ikinci görüşə gəldiyini xatırladaraq bildirdi ki, ötən müddətdə nasir yeni əsərlər yazaraq, milli-mənəvi dəyərlərimizin, mənəviyyatımızın və əxlaqımızın ciddi problemlərlə üzləşdiyini bütün təfərrüatları ilə ortaya qoymuş və bununla bir daha öz qayəsinə, dəsti-xəttinə sadiq qaldığını göstərmişdir.

Yazıçının bütün əsərlərində narahat və nigaran bir qəlbin səsini duyur və hiss edirsən. Təbii ki, bu hisslər onu demokratiya və yeni həyatın yaratdığı mühitdəki eybəcərlikləri “Gəlinlik paltarı”nda, “Qumru yumurtaları” povestində bütün çılpaqlığı ilə göstərməyə məcbur edir. Bu, təkcə yazıçının hadisələrə, problemlərə, mənəviyyatsız yaşam tərzinə biganə qala bilmədiyini deyil, həm də bu gerçəkliklərin hansı bəlalara yol açdığına cəmiyyətin diqqətini çəkmək məramını göstərir.

— Şübhəsiz, bu deyilənlər Hüseynbala Mirələmov yaradıcılığının bir qoludur–deyə Qadın Yazıçılar Cəmiyyətinin sədri Nüşabə Məmmədli düşüncələrini görüş iştirakçıları ilə bölüşdü:

– Mən tam qətiyyətlə deyə bilərəm ki, bu günün özündə belə Qarabağ mövzüsunda yazan nasirlərimiz çox azdır və bu mövzuda yazanların önündə Hüseynbala Mirələmov gedir. “Xəcalət”, “Yanar qar”, “Dağlarda atılan güllə” əsərlərində yazıçı təkcə Qarabağ savaşına dünyanın ədalətsiz münasibətini, namərd qonşularımızın vəhşiliklərini deyil, həm də ölkədə gedən ictimai-siyasi proseslərə işıq salır. Tənqidçi filologiya elmləri namizədi V.Yusifli nahaqdan yazmır ki, “Xəcalət” povesti ilə Hüseynbala Mirələmov ədəbiyyatımızda yeni bir “Qarabağnamə”nin araya-ərsəyə gəlməsinə ilk töhfəsini verdi”.

Yazıçı nə yazırsa ürəyinin hökmü ilə yazır və bunu onun bütün əsərlərində aydın görmək olur. Onu oxucularına sevdirən əsas cəhətlərindən biri də gerçək həyat həqiqətlərinə söykənməsi, onların özünəməxsus üslubda təqdim olunmasıdır. Ən sadə oxucu da, Hüseynbala Mirələmovun əsərlərində öz mühitini, bu mühitdəki mənfilikləri, işıqlı məqamları, yaxşını və pisi seçməyi, dəyərləndirməyi bacarır. O, yaşam yolu göstərmir, ancaq düşündürür, mənəvi təmizliyə çağırır.

“Ağlımız kəsəndən ədəbiyyatın içində böyümüşük, — deyən yazıçı, professor Ənvər Əhməd isə qeyd etdi ki, adam var əlinə qələm alandan yazır, amma heç nəyə nail olmur. Yazıçı da var ki, bir əsərindən tanınır. Hüseynbala Mirələmiov belə yazıçılardandır.

- Onun əsərlərində diqqətimi çəkən əsas məqamlardan biri yazıçının faciələrimizi çox dəqiq müşahidə etməsi, onları qəlbindən, içindən keçirib yaşamasıdır. Bunsuz oxucunun qəlbinə yol tapmaq, onu təsirləndirmək çətin hansısa yazıçıya qismət olsun.

Qələminin son məhsulu kimi “Qumru yumurtaları”na diqqət çəkmək istəyi ilə əsərin təhlilini verən Ə.Əhməd həmkarının yaşanan faciələri, eybəcərlikləri bədii ümumiləşdirmələrlə cəsarətlə ədəbiyyata gətirməsini millətinin gələcəyinə xidmət kimi səciyyələndirdi. Milli mənəviyyatımızın, əxlaqımızın devalvasiyaya uğramasının səbəbləri yazıçıya məlumdur. Ancaq buna cəmiyyət laqeyddir və onu bu laqeydlikdən qurtarmaq, bu qəflət yuxusundan oyatmaq lazımdır.

H.Mirələmovun yaratdığı obrazlar da müasir həyatımızın, cəmiyyətimizin içindən çıxıb. Vətən, Fənayə, Yusif, Əntiqə, Züleyxa və sair qəhrəmanlar özlərinin mənfi və müsbət keyfiyyətləri ilə real həyatımızda gördüyümüz, müşahidə etdiyimiz, bizimlə yanaşı yaşayan insanlardır. Ona görə də onlar bizə yad deyillər.

Bütün bunlar bir də onu göstərir ki, yazıçı öz xalqını son dərəcə böyük məhəbbətlə sevir. Yolunu azan, əxlaqsızlığa və mənəviyyatsızlığa yuvarlanan Fənayə də, torpağını, millətini ilahi bir məhəbbətlə sevən Vətən də Hüseynbala Mirələmov üçün eyni dərəcədə əzizdir. Yazıçı onların həyatına laqeyid qala bilmədiyini göstərməklə, əslində xalqının gələcək taleyi üçün dərin narahatlıq keçirir.

“Bir kərə yaşayırıq gəldi gedər dünyada”... “Qumru yumurtaları” povestinə qapı açan bu misranın müxtəlif yozumu var. İnsanların aforizmə çevirdikləri bu ifadəni hərə istədiyi kimi dərk edir. Kimisi həyatın müvəqqəti olduğunu düşünüb içindəki şeytanı hisslərin, əxlaqsızlığın quluna çevrilir və yalnız zövqü-səfanın, nəşənin, həzzin bitdiyi bir anda, günahların qurbanı olanda haqqı dərk edir. Kimisi də ona ayrılan ömür payını özünün kamilliyinə, mənəvi paklığına, ilahi məhəbbətə həsr edir ki, “gəldi-gedər dünyada” öz izini qoysun. Yazıçı Hüseynbala Mirələmov oxucularını məhz bu seçim qarşısında qoyur, onları seçim etməzdən əvvəl Yusifin həyatından ibrət almağa çağırır.

– Mənə elə gəlir ki, oxucu “Gəlinlik paltarı”ndakı Fənayənin də, “Qumru yumurtaları”ndakı Yusifin də faciəsini xəyalən yaşayıb paklaşır, həyata baxışı, insanlara münasibəti dəyişir. Bəlkə elə buna görə əsərlərini sevə-sevə oxuduğum Hüseynbala Mirələmovun - qəhrəmanlarını da sevdim, - deyə, görüşün növbəti iştirakçılarından biri - pedaqoji elmlər namizədi Qənirə xanım təəssüratlarını bölüşür:

– Bu qəhrəmanların həyatını “yaşamaqla” bizim, oxucuların öz yaşam tərzlərinə, həyat fəlsəfələrinə baxışı formalaşır. Yazıçının böyüklüyü də ondadır ki, oxucunun daxili aləminə nüfuz edə bilir və onun öz ömür yolunu tapmasına yardım edir. Bu mənada, əlbəttə, yazıçı böyük müəllimdir və mən deyərdim valideyndir.

Mən əminəm ki, “Gəlinlik paltarı”nı oxuyan istənilən yeniyetmə gənc qız Fənayə olmaq istəməyəcək, həyata mübariz bir insan kimi başlayacaq ki, o faciəni yaşamasın. Öz davranışına, əxlaqına, mənəvi aləminə daim bir tənqidçi kimi yanaşacaq.

Əslində, Hüseynbala Mirələmovun yaratdığı əsərlər həyatımızın ibrət dərsləridir. Onlar bütün zamanlar üçün müasirdir, çünki onların mərkəzində insan və onun mənəviyyatı durur. Yazıçının təkcə oxucu yox, bütövlükdə cəmiyyət qarşısında qoyduğu sual da aktualdır: Biz günah işləyə-işləyə hara gedirik? Ən böyük günah isə yenə laqeydlikdir.

Görüşdə yazıçının bədii əsərlərlə yanaşı, siyasi publisistik yaradıcılığı da müzakirə mövzusu oldu. Yazıçının deputat həmkarı, orta məktəb illərinin dostu Hadi Rəcəbli qeyd etdi ki, Hüseynbala Mirələmov imzası, adı istər Azərbaycan, istərsə bir çox ölkələrin oxucularına qeyri iradi olaraq xalqımızın ümummilli lideri, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev obrazını sonsuz bir sevgi və məhəbbətlə qələmə alan, bu əvəzsiz insanın həyat və fəaliyyətinə yaradıcılağında dönə-dönə müraciət edib bir neçə sanballı əsər ortaya qoyan yazarı yada salır. Mən elə bilirəm yanılmaram desəm ki, bütün dünyada fenomen siyasət adamı, böyük dövlət xadimi kimi tanınan Heydər Əliyevi bunca böyük sevgi və qayğı ilə öyrənib onun xarakterinin bütün koloritini açmağa, onu Azərbaycan xalqının rəmzi kimi təqdim etməyə yaradıcılıq imkanlarını əsirgəməyən yazıçını son on illikdə bu qədər populyarlaşdıran əsas amillərdən biri də məhz budur.

Onun artıq dünyanın bir çox dillərinə tərcümə olunan “Görkəmli admların həyatı” seriyasından olan “Heydər Əliyev” kitabı, onun davamı kimi hörmətli prezidentimiz İlham Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Bioqrafiya davam edir” əsəri bir daha yazıçının öz məramına sonsuz sevgisindən xəbər verir. Bu segi yazıçı sözünün ecazkar sehri ilə hamının yaxşı tanıyıb-sevdiyi qəhrəmanı, böyük Azərbaycan vətəndaşını milyonların idealına çevirir.

Əslində, bu qəhrəmanın heç bir cizgisi həyatdakı obrazından fərqlənmir. Amma bunların bir çoxu heç də həmişə diqqət yetirdiyimiz, dərk etdiyimiz, heyrət etdiyimiz cizgilər olmayıb. Onları oxuduqca qarşımızda müasirimizin əzəmətli bir obrazı, zəmanəmizin canlı əfsanəsi, fenomen şəxsiyyət canlanır. Elə bir şəxsiyyət ki, düşmənlər onun dərin zəkasından, nüfuzundan qorxur, dostlar isə onu sonsuz məhəbbətlə sevirlər.

“Bioqrafiya davam edir” əsərində isə Hüseynbala Mirələmovun xalqının rəmzi kimi qələmə aldığı Heydər Əliyevin varisi, bütün keyfiyyətləri ilə onun davamçısı olan İlham Əliyevin gənc siyasi lider kimi həyat və fəaliyyətindən bəhs edir.

Bu yerdə H.Rəcəblinin dedikləri ilə razılaşmamaq olmur. Hüseynbala Mirələmov böyük düha sahibi olan Heydər Əliyevin 2003-cü ildə məhz İlham Əliyevi praqmatik bir lideri olaraq dəstəkləməyi xalqa məsləhət görməyi dahi bir şəxsiyyətin Vətən sevgisindən doğan Vətənə xidmət nümunəsi olduğunu yazdı və bunu qiymətləndirməyi heç də zamanın ixtiyarına buraxmadı. Zaman sadəcə deyilənlərin və yazılanların Prezident İlham Əliyevin fəaliyyəti ilə təsdiqləndiyini göstərdi.

Bir jurnalist olaraq mənə elə gəlir ki, Hüseynbala Mirələmovun ulu öndər Heydər Əliyevə sevgisinin və ona yaradıcılığında dönə-dönə müraciət etməyinin bir səbəbi də azərbaycanlını və Azərbaycanı dünyaya təqdim etmək üçün Heydər Əliyevdən yüksəkdə dura bilən bir obrazın olmamasıdır. Bu kəşf deyil, sadəcə real həqiqətdir.

Yazıçı ədəbi-bədii yaradıcılığında da ənənələrinə sadiq qalaraq zamanın, mühitin aktual problemlərini ortaya qoyur, çoxlarının göz yumduğu mənəvi aşınmaların doğurduğu bəlaları çəkinmədən, cəsarətlə cəmiyyətin müzakirəsinə çıxarır.

Milli Məclisin deputatı Eldar İbrahimov yazıçının yaradıcılığına məhz bu yöndən dəyər verərək bildirdi ki, onun əsərlərində diqqət çəkən əsas cəhət mövzu aktuallığıdır. Yazıçının hansı əsərinə müraciət edirsən et, orada bu günümüzün mənzərəsini, həyatımızın dibini görəcək, müasirlərilə qarşılaşacaq, onun düşündüklərini düşünəcəksən.

Hüseynbala Mirələmov milli-mənəvi dəyərlərimizin nəzərə alınmadığı yerdə, adət-ənənələrin pozulduğu ailədə, cəmiyyətdə hansı faciələrin baş verdiyini ədəbiyyata gətirir, eybəcəkrlikləri bədii obrazların dili ilə cəsarətlə tənqid edir və oxucunu ayıq olmağa çağırır. Ona görə də yazıçının əsərləri bizi daxilən imtahana çəkir, həyatda atdığımız hər addımı, gördüyümüz hər işin davamını görməyə, təsəvvür etməyə məcbur edir. Axı həyatda nə varsa, müəyyən qədər də insan əməlinin nəticəsidir.

— Yaxşı əsərin öz hədəfi olur və yazıçı bu hədəfi vurur. Hüseynbala Mirələmovun əsərlərinin də öz hədəfləri var, — deyə gənc ədəbiyyatçı Fidan Nizaməddinqızı yazıçının əsərlərinin mövzu rəngarəngliyinə toxundu və qeyd etdi ki, yazıçının həyatdan götürdüyü mövzular onun dərin müşahidə qabiliyyətinin olduğunu nümayiş etdirir. Lirik-psixoloji əsər olan “Gəlinlik paltarı” son vaxtlar daha çox oxunan əsərlərdəndir və yazıçının bu əsərində qəhrəman səviyyəsinə qalxmış Fənayə gənc qızlarımıza həyatın zəiflərə, milli, əxlaqi dəyərlərdən uzaq düşmüş insanlara qarşı necə amansız olduğunu göstərir.

Yazıçı Hüseynbala Mirələmov və onun əsərləri haqqında söylənən fikirlər onu deməyə əsas verir ki, o, bir şəxsiyyət kimi milli mentalitetimizi, mənəviyyatımızı qoruyan bir yazıçıdır. Jurnalist həmkarım Yeganə Əmiraslanovanın qeyd etdiyi kimi, onun yaradıcılığına Çingiz Aytmatov, Bəxtiyar Vahabzadə, Nizami Cəfərov, Nizaməddin Şəmsizadə, Bəkir Nəbiyev və sair söz sahibləri qiymət verib.

Bəs sadə oxucu nə deyir? Onu da haqqında danışdığımızı görüşdə iş adamı Məlahət Qurbanova söylədi:

— Məni ədəbi mühitlə bağlayan bədii əsərlərə olan marağımdır. Yaxın zamanlara qədər Hüseynbala müəllimin əsərləri haqqında müxtəlif mənbələrdən informasiya alırdım. Amma əlimə ilk keçən “Gəlinlik paltarı”nı oxuyandan sonra onun yaradıcılığına böyük maraq oyandı. Sonra “Xəcalət”ə Milli Dram Teatrının səhnəsində baxdım və Qarabağ müharibəsinin mahiyyətini anladım. “Yanar qar”, “Dağlarda atılan güllə” və nəhayət “Qumru yumurtaları”. Elə bilirəm ki, bu əsərlərdə hər birimiz öz həyatımızın, xarakterimizin bir parçasını, cizgisini tapırıq.

Bir şeyə heyfslənirəm ki, siz ədəbiyyatdan uzun zaman kənarda qalmısınız. Buna səbəb nə olub?

Oxucunun bu sualı görüşdə yeni bir canlanma yaratdı və yazıçı dramaturqla qadın yazarlar arasında ədəbi polemika başladı. Kifayət qədər maraqlı olan cavabları qələmə almamağı günah bilib, onları oxucularımıza çatdırmağı qərara aldıq.

Hüseynbala Mirələmov:

Mənə elə gəlir ki, ilk hekayəmi qələmə aldığım gündən həmişə ədəbiyyatda olmuşam, əsərlər yazmışam. Doğrudur, o əsərlər ağ vərəqlərə köçməyib, amma ruhən mənimlə yaşayıb, məni narahat edib, düşündürüb, darıxdırıb. Çünki həyatda məni təsirləndirən nə olubsa bu yaddaşımda ədəbi məhsula çevrilib, dönə-dönə onu cilalamışam və heç şübhəsiz gələcək üçün müəyyən qeydlər aparmışam. Ədəbiyyat üçün darıxanda, mühəndislik peşəmdən bəzən usananda sözün sehrinə güclü inam mənim həyat stimuluma çevrilib.

... İnsanın, yazarın fantaziyası nə qədər güclü olur-olsun, o, reallıq qədər təsirli ola bilməz. Olsa da izsiz ötüşər və yadda qalmaz. Bu gün cəmiyyətdə belə bir fikir öz aktuallığı ilə seçilir ki, əgər indiki cəmiyyəti artmaqda olan ölüm təhlükəsindən xilas etməyə bir ümid varsa, bunu ədəbiyyat edəcək və etməlidir. Bəs necə edəcək?! Xəyallar, fantaziyalarmı?! Təbii ki, yox.

Həyatı olduğu kimi görmək və göründüyü kimi əks etdirmək, — bu, mənim başlıca prinsiplərimdən biridir. Ona görə də həqiqəti həyatda axtardığım üçün mənim qəhrəmanlarım da həyatın reallıqlarından yaranır.

Cəmiyyətdə gedən proseslər ədəbiyyatda real əksini tapmırsa, ədəbiyyat bu cəmiyyəti gözləyən təhlükədən necə xilas edə bilər?! Məhz indi gerçəkliyi ədəbiyyata gətirmək lazımdır ki, insanlar müasirlik adı ilə ənənəvi mənəvi-əxlaqi dəyərlərin dağılmasının qarşısını almağa çalışsınlar.

Yaradıcılığın öz psixologiyası var. Bəzən yaratdığın obrazın mənəvi aləminə baş vurub onun duyğularını, hisslərini yaşayırsan. Onun həyatının bütün məqamları sənə toxunur, faciələri səni acıdır. Əgər bu obraz müasirimizdirsə mühitin qoxusunu onun nəfəsindən duyursan. Bu mənada əlbəttə mənim müşahidələrim görmək istədiklərim yox, gördüklərim, duyduqlarım, yaşadıqlarımdır. Bu müşahidələr adamı bəzən elə bir dərinliyə aparır ki, özünü, mənini unudursan. Həyatın, mühitin elə bir qatına baş vurursan ki, orada ədalətdən, mərhəmətdən, səxavətdən, alicənablıqdan əsər-əlamət belə yoxdur. Sanki cəngəlliklərin amansız qanunları hökm sürür burda. Hər şey adamı vahiməyə salan qap-qara, zülmət qaranlıqda yoxa çıxır. Addım atmağa cürət etmirsən ki, çirkaba batar və çöküb burda qalarsan...

Olumla ölüm arasındakı həyatda nə desən var–riyakarlıq, yalan, laqeydlik, nifrət, namərdlik və təbii ki, insana yaşamaq stimulu verən sevgi, inam, mərhəmətlilik, alicənablıq və s. Mübarizə dediyimiz fəal mövqey bu əksliklərin arasında gedir. Məni bir yazıçı kimi bəzən heyrətə salan, insanların faciələrin, bədbəxtliklərin, sınmış talelelərin üzərində xoşbəxt həyat qurmaq, şad yaşamaq istəyidir. Bunu müşahidə etmək üçün dahi olmaq lazım deyil. Bunu hamı görür, lakin bu acı mənzərələri donmuş baxışları ilə seyr edib, laqeydcəsinə yanından ötür, heç nə olmamış kimi öz şirin duyğular oyadan həyatından zövq almağa davam edirlər.

Mənə bəzən elə gəlir ki, insanlar hətta daxili aləmlərindəki iki hissin mübarizəsindən də ehtiyat edirlər. Bu, vicdanla laqeydliyin mübarizəsidir. Amma nəfsin, tamahın, laqeydliyin yoğurduğu mən əksər hallarda vicdana qalib gəlir. İnsan öz daxili məninin, vicdanının gözünə pərdə çəkib bakirə, pak həqiqətin ac, iyrənc ehtirasların ağuşunda necə boğulduğuna məhəl qoymaq istəmir. Bax, faciələrimizin, fənayələrin, yusiflərin acı aqibətlərinin səbəblərini, kökünü burda axtarmaq lazımdır.

Baxın, ilahi bir hiss, müqəddəs bir duyğu olan sevgi müasir həyatda, cəmiyyətdə nə qədər adiləşib. İnsanlar indi əksər hallarda öz çirkin niyyətlərini həyata keçirmək üçün bu müqəddəs duyğunun ilahi sehrindən istifadə edib günah işləyirlər. Öz məqsədlərinə çatınca kimlərinsə qəlbində oyatdıqları məhəbbəti iztiraba, nifrət və faciəyə çevirirlər. İnsanlara inam, ümid və etibar beləcə çilik-çilik olub ayaqlar altına düşür.

Mən taleyimin bir parçası olan ədəbiyyata məhz bunları qələmə almaq, bədii həqiqətin gücündən istiafadə edib həyatımızın harmoniyasının pozulmasına imkan verməmək üçün gəldim.

Bəli, burada deyildiyi kimi mən sadə yazıram. Sadə yazmaq o demək deyil ki, hamı sənə inansın. Mən fikirlərimi ən ali aydınlıq səviyyəsinə çatdırdığım, sadəcə həyatın, mühitin gerçək səsini yazdığım üçün onlar sadə görünür. Bizim dilin imkanları və azadlığı bu həyatı göstərməyə qadirdir. Mən sadəcə həyatın rəngini, musiqisini göstərmək üçün bu dilin yaratdığı sözlərdən istifadə edirəm.

Mənim ədəbiyyatda istiqamətim müəyyən edilmiş sərhədlərdə yox, insanlığın gələcəyinin təhlükəyə məruz qaldığı yerdə yaratmaqdır. İnsanın vicdanı onu istiqamətləndirən əsas qüvvədir. Mənim aləmimdə bu ali kateqoriyanı itirən adamdan hər şey gözləmək olar. Həyatda belə adamlara indi hər addımda rast gəlmək olur — işdə bir cür, ailədə tamam başqa cür, ikili nöqteyi nəzər, hamının yanında yaxşı olmaq istəyi. Bu artıq əxlaqsızlıqdır. İnsanlar da var ki, belə yaşamağı bacarmırlar. Onlar ən çətin məqamda, vicdanın əyilməsi tələb olunan yerdə ya susur, ya da həqiqəti deyirlər. Bundan əziyyət çəksələr belə. “Vicdanın cəzası” əsərinin qəhrəmanı məhz bu insanlardandır. O bilir ki, vicdan yalanın ayaq tutmasında iştirak edirsə, demək, bu artıq vicdan yox, zatən başqa bir şeydir. Vicdanla yaşamaq — bu rühən şəxsiyyət olmaq deməkdir.

İndi insan bu ziddiyyətlər məngənəsində azmış və hansı yolu gedəcəyini aydınlaşdıra bilmir. Məhz burada bir söz sahibi olaraq, onları həm mənən, həm ruhən istiqamətləndirməliyik. Çünki cəmiyyət həyatda gedən qlobal dəyişmələrə hazır olmayanda, əxlaqi, mənəvi dəyərlər öz təsirini itirir, insan öz həyatı təyinatını dəyişir.

Tanınmış rus yazarı Valentin Rasputin müsahibələrinin birində qeyd edirdi ki, “Dostoyevskini dəfn edəndə onu son mənzilə böyük insan axını yola salırdı. 25 ildən sonra anım günündə bu nəhəng yazarın məzarı üstünə cəmisi 9 nəfər toplaşmışdı”. Bu, təbii ki, Dostayevskinin yox, biganələşən, laqeyidləşən cəmiyyətin faciəsi idi.

Belə nümunələr bizim cəmiyyətdə də var. Unutqanlıq, öz ölkəsinin keçmişinə biganəlik, Azərbaycan xalqının ən ali keyfiyyətlərindən olan xeyirxahlıq və mərhəmət hissinin zaman-zaman solması, bunlar adamı dəhşətə gətirir. Təbii ki, əsərlərimdə bunlar cəmiyyətə bir ciddi mesaj olaraq verilir və veriləcək də...

 

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2009.- 19 dekabr.- S. 7.