Musiqili Komediya Teatrı – 100
“İddialı qaraçı” yenə
Bakıdadır
Bu, onun Bakıya dördüncü “gəlişidir”. Əvvəlki
illərdə öz pərəstişkarları ilə
yalnız rus dilində “danışan” qaraçı bu dəfə
doğma dilimizin gözəlliyindən, lətafətindən
bəhrələnməyə çalışacaq. Bu dəfəki
qonağımız məşhur macar bəstəkarı
İmre Kalmanın dünyanın müxtəlif ünlü
teatrlarında tamaşaya qoyulmuş “İddialı
qaraçı”sıdır...
Bəs kimdir bu
qaraçı və onun sərğüzəştlərinin
Azərbaycan tamaşaçısı üçün maraq kəsb
edəcək özəlliyi və gözəlliyi nədir?
“Mən yeni operettamda
hamının sevdiyi və görməyə adət etdiyi rəqs
janrından bir qədər uzaqlaşmağa, bu dəfə
bütün qəlbimlə musiqinin zəngin
çalarlarını daha qabarıq verməyə cəhd
etmişəm.” Bu, dünya şöhrətli bəstəkar
İmre Kalmanın “İddialı qaraçı” əsəri
barədə etirafıdır.
Doğrudanda da, bir
vaxtlar müasirlərinin “kədərli, lirik valsların
virtuoz ustadı” adlandırdıqları Kalman bu əsərində
heç kəsin gözləmədiyi bir cəsarət və
idda ilə daha mükəmməl, daha şən, daha rəngarəng
və təntənəli bir operetta yazmağa müvəffəq
olur. O, ənənəvi valslarla yanaşı, hər kəsin
qəbul etdiyi sadə macar qaraçılarının nəğmələrindən,
musiqi ritmlərindən, skripkalar üçün solo nömrələrdən
daha çox istifadə edir. Əsərdə cərəyan edən
hadisələrin mərkəzində əsrlərin və nəsillərin
problemi, yeniliklə barışmaq iqtidarında olmayan köhnəlik,
sənət və sənətkarlıq ənənələrinin
porodoksal nüansları və...məhəbbət
kolliziyasından yaranan tragikomik vəziyyətdən
çıxmaq üçün çırpınan qəhrəmanların
iztirabı...
Bu maraqlı və təzadlı operetta İ.Kalmanın “Payız kələyi”, “Ezamiyyətdə olan əsgər”, “Sirk şahzadəsi”, “Monamatr bənövşəsi”, “Silva”, “Bayadera”, “Maritsa” (sonuncu 3 əsər vaxtilə Azərbaycan Dövlət Musiqili Komediya teatrında uğurla tamaşaya qoyulub və bu gün də repertuardadır) və ömrünün kamillik çağında yazdığı digər səhnə nümunələri kimi özünün kəskin süjet xətti, bayağı əyləncəli əhval-ruhiyyədən uzaq komik vəziyyətləri, orkesrtrin möhtəşəm ifa manerası ilə seçilir. Bənzərsiz musiqi nüansları ilə müəllif təkcə macar opera sənətinin deyil, dünya operasının bütün kanonlarını və ənənəvi sərhədlərini aşmağa müvəffəq olur. Bəlkə də elə buna görə İkinci Dünya müharibəsi illərində faşist Almaniyası tərəfindən işğala məruz qalan Avstriyada əsərlərinin oynanılmasına yasaq qoyulan bəstəkar əvvəl İsveçrədə, sonra isə Amerikada və Fransada mühacir kimi yaşayır.
“İddialı qaraçı” əsəri də yeni musiqi üslubunun bariz nümunəsi olduğundandır ki, illər boyu müxtəlif zövqlü tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb, bəyənilib, alqışlanıb. Əsərdə səslənən “Əbədi heç nə yoxdur həyatda, bir skripkaçı Pali Raç vardı, indi o da yoxdur həyatda” ariyasını Müslüm Maqomayev, Giorgi Ots kimi nəhəng səhnə xadimləri böyük məmnunluqla ifa ediblər.
Bütün bu faktları ona görə xatırlatdım ki, müasir nəsil dünya musiqi tarixinə 20-dən çox mükəmməl əsər bəxş etmiş Imre Kalman haqqında cüzi də olsa bilgi əldə etsin və 100 illik yubileyini gələn il qeyd etməyə hazırlaşan Musiqili Komediya teatrında tamaşaya qoyulan əsərin bu gün də öz aktuallığını, gözəlliyini itirmədiyinə əmin olsun. Yazımın əvvəlində də xatırlatmışdım ki, “İddialı qaraçı” 1993, 1999 və 2000-ci illərdə teatrın rus bölməsinin repertuarında olmuşdur. Ancaq 2008-ci illin əvvəllərində kollektiv yenidən bu məşhur əsərə müraciət etmək qərarına gəldi. Teatrın tanınmış rejissoru, bir sıra yaddaqalan tamaşaların yaradıcısı Faiq Zöhrabov şair Səyavuş Məmmədazdə ilə birlikdə Kalmanın qəhrəmanlarını bu dəfə...Azərbaycan dilində danışdırmaq arzularını gerçəkləşdirmək istədilər. Əsər tərcümə olundu, rol bölgüsü aparıldı, məşqlər başladı...
Lakin...Faiq müəllimin qəfil vəfatı hər şeyi yarımçıq qoydu. Xeyli vaxt yaradıcı heyət, xüsusilə də bu əsərdə istedadlı səhnə xadimi ilə birgə işləyənlər bu itki ilə barışa bilmədilər. Cızılan eskizlər, verilən tərtibatlar, tikilən kostyumlar, cilalanan rollar...səhnə üçün qəribsədilər. Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev aylardan bəri çəkilən böyük zəhmətin hədər getməməsi, mərhum rejissorun arzusunun yarımçıq qalmaması üçün işi davam etdirmək qərarına gəldi. “İddialı qaraçı”nın Bakı “səfərini” gerçəkləşdirmək üçün görkəmli teatr xadimi, tanınmış rejissor və pedaqoq, respublikanın xalq artisti Cənnət xanım Səlimovanı və istedadlı dirijor, əməkdar incəsənət xadimi, professor Yalçın Adıgözəlovu teatrla əməkdaşlığa dəvət etdi...
Əsər üzərində yaradıcılıq işi bərpa olundu, məşqlər yenidən başlandı. Xalq artisti Elxan Əhədzadə, əməkdar artistlər Ramiz Məmmədov, Elçin Həmidov, gənc aktyorlar Nərgiz Kərimova, Fərid Əliyev, Ülviyyə Əliyeva, Mehriban Zalıyeva, Firuz Məmmədov, təcrübəli səhnə ustaları Nahidə Orucova, Novruz Qartal, Əzizağa Əzizov və başqaları böyük həvəslə yenidən “Iddialı qaraçı”nı səhnəyə gətirdilər. Yeni tamaşanın səhnə tərtibatını əməkdar rəssam İsmayıl Məmmədov verib. Onun palitrasına məxsus əlvanlıq və dinamizm bu dəfə də cərəyan edən hadisələrin təsir gücünün artırılmasına xidmət edəcək. Leyla və Zakir Ağayevlərin quruluş verdiyi rəqslər ehtiraslı və çılğın qaraçı cavanlarının şən əhvali ruhiyyəsinin tamaşa salonuna da sirayət etməsinə zəmin yaradacaq.
Rejissor Cənnət Səlimovanı Azərbaycan teatr məkanında müasir baxışlı, yeniliklərə məmnuniyyətlə qucaq açan, müasir səhnə formaları ilə ayaqlaşan bir sənət fədaisi kimi tanıyırıq. Bu yeni işində də Cənnət xanım ötən yüzilliyin ədəb-əxlaq normalarına, zadəgan mühitinə, sənətkarlıq ənənələrinə, fitri qabiliyyətli insanlarla yeniliyə meyl edən cavanların ədavətindən yaranan komik vəziyyətə sadiq qalaraq insanlar, daha çox da doğma adamlar arasında baş verən ziddiyətlərdən doğan maraqlı məqamları daha qabarıq təqdim etməkdə israrlıdır. Bununla da ustad sənətkar dahi bəstəkarın da ideyasını yaşatmış olur. Axı Kalman bəyan eləmişdi ki, mən bütün qəlbimlə və istedadımla çalışdım ki, “İddialı qaraçı”dakı personajlarım təkcə rəqslərin deyil, həm də musiqinin sehiri ilə hisslərini ifadə edə bilsinlər....
Bu fikirlər isə qaraçının budəfəki Bakı səfəri üçün tam səciyyəvidir. Afişaları izləyin, özünüz də buna şahid olacaqsınız.
Telli PƏNAHQIZI
Xalq qəzeti.- 2009.- 19 dekabr.- S. 8.