Mədəniyyətin tərəqqi ünvanı - Sumqayıt

 

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə geniş qeyd edilən Sumqayıtın 60 illik yubileyinə şəhər mədəniyyət turizm idarəsi layiqli töhfələr hazırlamışdır. Bunlardan biri idarənin nəşr etdirdiyiMədəniyyətin tərəqqi ünvanı- Sumqayıtkitabıdır.

 

Yenicə işıq üzü görən kitab Sumqayıtın Tarixi Muzeyinin fond materialları əsasında hazırlanıb.Layihənin rəhbəri muzeyin direktoru, əməkdar mədəniyyət işçisi Olya İslamova, kitabın redaktoru isə Əli Kərim adına “Poeziya” klubunun direktoru, şair İbrahim İlyaslıdır.

Kitaba yazdığı ön sözdə Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Namiq Qaffarov göstərir ki, 60 yaşlı Sumqayıt özünəməxsus mədəniyyət ənənələri olan şəhərdi. Bu ənənələri yaradanlar isə ilk növbədə şəhərin mədəniyyət sahəsində fədakarlıqla çalışan insanlar olublar. Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra bütün sahələr kimi, Sumqayıtın mədəni həyatı da tərəqqi dövrünü yaşamağa başladı. Ümummilli liderimiz Heydər Əliyevin milli mədəniyyətimizə xüsusi önəm və dəyər verməsi Sumqayıtın mədəniyyət işçilərini də fəaliyyətlərində ciddi dönüş yaratmağa, genişmiqyaslı yeni layihələr həyata keçirməyə ruhlandırdı.Hazırda Sumqayıtın mədəniyyət ocaqlarının əməkdaşları ölkəmizin mədəni potensialının gücləndirilməsi naminə əzmlə çalışırlar.Elə sözü gedən yeni kitab da bu əzmkarlığın fərəhli bəhrəsidir.

Müəlliflərin kitabı qələmə alarkən istifadə etdikləri materiallar ötən illərin qəzet-jurnalları, kitablar, mədəniyyət işçilərinin şəxsi əşyaları, çeşidli sənədlər- vəsiqələr, təltiflər, xatirələr,tədbir və tamaşaların proqram və afişaları, əlyazmaları, digər muzey eksponatlarıdır. Kitabda xronoloji ardıcıllıqla Sumqayıt şəhərində mədəni quruculuq, buradakı mədəniyyət ocaqlarının fəaliyyəti işıqlandırılır, bu müəssisələrin yarandığı vaxtdan bu günə qədər keçdiyi yol izlənir.Müəllif bütün bunları ayrı-ayrı bölmələrdə toplamış, hər bölməni də həmin müəssisələrin adı ilə ayırmışdır. Maraqla oxunan bölmələrdən biri “Sumqayıt şəhərinin tarixi muzeyi”dir. Bölmə ilə tanışlıqdan öyrənirik ki, bu muzey 1967-ci ildə yaradılmışdır.Şəhərin 5-ci mikrorayonundakı yaşayış evinin 1-ci mərtəbəsində yerləşən muzeyin sahəsi cəmi 360 kvadratmetr idi. Buradakı eksponatlar o vaxt Sumqayıtın 18 illik qısa tarixinə, şəhərin sənaye, təhsil, səhiyyə və mədəniyyətinin, habelə dostluq əlaqələrinin inkişafına az da olsa, işıq sala bilmişdi. İlk illərində muzeydə qorunan eksponatların sayı 11.00-18.00 arası olmuş və get-gedə artmışdır.

İllər ötdükcə muzey fondunda qorunan eksponatların say artımı yeni,böyük binaya köçmək zərurətini ortaya qoymuşdur. Nəhayət, 1988- ci ildə şəhərlə birlikdə böyüyən muzey 4-cü mikrorayondakı ikimərtəbəli geniş binaya köçürüldü. Bununla da muzey otaqlarının sahəsi yeddi dəfə artdı, muzey fondunun 13441 qorunma vahidi nəqqaşlıq, qrafika, heykəltəraşlıq, tətbiqi incəsənət, arxeoloji əşyalar, fotoşəkillər, sənədlər və s. kimi əsas və elmi köməkçi fondlarda yerləşdirildi. Muzeyin ekspozisiyası böyük və kiçik olmaqla uyğun zallarda tərtib olunurdu.

Hazırda Sumqayıtın Tarixi Muzeyi başdan-başa yeni standartlara cavab verəcək şəkildə yenidən qurulmuşdur. Əməkdar mədəniyyət işçisi Olya İslamova 35 ildir ki, Sumqayıtın salnaməsini yaşadan muzeyə bacarıqla rəhbərlik edir. Onun başçılığı altında muzeyin işgüzar kollektivi 60 illik yubileyi də layiqincə keçirmişdir.

Nəhayət, qeyd edək ki, dəyərli kitabın araya-ərsəyə gəlməsində layihə rəhbəri və redaktorla yanaşı, Sənurə Lazımova, Mətanət Hüseynova və Naləndə Fərəcullayevanın da zəhmət payı çox olmuşdur. Kitab gənclik şəhərinin tarixi ilə maraqlanan tədqiqatçılar, jurnalistlər, kulturoloqlar üçün də dəyərli vəsaitdir.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2009.- 19 dekabr.- S. 8.