Azərbaycanda sahibkarlığın inkişafına əlverişli şərait yaradılmışdır

 

Cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin son 6 ilinin sosial-iqtisadi, siyasi uğurları çoxdur. Məsələn, 2003-cü ildən bu ilin oktyabr ayına qədər Azərbaycanda 824 min yeni iş yerlərinin açılması, hər bir azərbaycanlı ailəsi üçün rifahın və təhlükəsizliyin təmin edilməsi, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi, beynəlxalq standartlara cavab verən demokratik parlament seçkilərinin keçirilməsi, neft gəlirlərindən istifadə olunmaqla qeyri-neft sektorunun, regionların inkişaf etdirilməsi, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə imkan verən müstəqil xarici siyasət yeridilməsi, Avropa və dünya strukturlarına inteqrasiyanın davam etdirilməsi və s. bir daha təsdiqləyir ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası uğurla reallaşdırılır.

 

Özü də bu zaman dünyada mövcud olan ən müsbət təcrübədən istifadə edilir. Əlbəttə ki, milli ənənələrimiz nəzərə alınmaq şərtilə. Bu barədə Prezident İlham Əliyev demişdir: “...Ölkəmiz dünya birliyinə inteqrasiya edir və bu, əlbəttə ki, Azərbaycanın qarşısında yeni imkanlar, yeni üfüqlər açır... Biz istəyirik ki, dünyada ən qabaqcıl təcrübəni Azərbaycanda tətbiq edək, ən qabaqcıl texnologiyaları Azərbaycana gətirək. Bizim iqtisadiyyatımız şaxələndirilsin, Azərbaycanda yoxsulluq, işsizlik aradan qaldırılsın. Humanitar sahədə ən qabaqcıl nailiyyətlər Azərbaycanda da olsun. Məhz buna görə də Azərbaycanda tikilən bütün müəssisələr, bütün təhsil, mədəniyyət, səhiyyə ocaqları ən yüksək səviyyəyə cavab versin...”.

Cənab İlham Əliyevin respublikada sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında fərmanı, habelə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı Azərbaycanın bugünkü dinamik inkişafının əsasını təşkil edir. Dövlət başçısı bu mühüm sənədlərin yerinə yetirilməsinin gedişini daim diqqətdə saxlayır. Prezidentin bölgələrə müntəzəm səfərləri, yerlərdə sosial-iqtisadi vəziyyətlə hərtərəfli tanış olması, əhali ilə görüşləri, strateji proqramlar üzrə tapşırıqların icrası barədə məlumatları dinləməsi və dərhal konkret qərarlar verməsi artıq ənənəyə çevrilmişdir. Bütün bu tədbirlərin hamısı bir ümumi məntiqə bağlıdır: səmərəli idarəetmə keyfiyyətli və dinamik inkişaf üçün mühüm vasitədir ki, ondan da dövlət başçısı çox uğurla istifadə edir. Cənab İlham Əliyevin yerlərə hər bir səfərindən dərhal sonra müvafiq sərəncamları ilə mətbuatda şəhər və rayonlarımızın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər planı dərc olunmuşdur. Dövlət başçısının digər bir sərəncamı əsasında Bakıətrafı qəsəbələrin kompleks inkişafının təmin edilməsi və problemlərin aradan qaldırılması (kommunal xidmət obyektlərinin, məktəblərin və səhiyyə ocaqlarının tikintisi, qəsəbəətrafı və qəsəbədaxili yolların salınması, iş yerlərinin açılması və s.) ilə bağlı böyük işlər görülmüşdür.

Regionların iqtisadi inkişafını sürətləndirməyə əlverişli şərait yaradan daha bir mühüm məqam vardır. Söhbət möhtəşəm Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin fəaliyyətində respublikamızın iştirakının ildən-ilə genişlənməsindən gedir. Bu nəqliyyat dəhlizinin işə düşməsi Şərq ölkələri və Avropa Birliyi ilə əməkdaşlığın daha da dərinləşməsi, inteqrasiya proseslərinin güclənməsi üçün təsirli amil olmaqla bərabər, eyni zamanda, ölkəmizin iqtisadi təhlükəsizliyinin etibarlı qarantı, regionlarda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, müasir avtomobil yolları və digər zəruri obyektlərin tikintisi üçün möhkəm baza yaradır.

Öz fəaliyyətində realizmə, praqmatizmə əsaslanan dövlətimizin başçısı birinci regional Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin tam miqyasda həyata keçirilməsini, quruculuq, abadlıq işlərinin genişləndirilməsini, milli iqtisadiyyatın sürətlə inkişafı üçün iş adamlarının fəaliyyətinin daha da canlandırılmasını vacib saymış və bu yöndə müsbət göstəricilər əldə edilmişdir. Yeri gəlmişkən, bu ilin aprel ayının 14-də qəbul olunan ikinci regional Dövlət Proqramı da uğurla həyata keçirilir.

Hazırda regionlarda istehsal və sosial infrastrukturun yenidən qurulması istiqamətində irimiqyaslı layihələr həyata keçirilir. Ölkənin bütün iqtisadi rayonlarında dünya standartlarına cavab verən müəssisələr, qurğular işə salınır, rabitə, informasiya texnologiyaları, nəqliyyat, energetika, qaz təchizatı sistemlərində müsbət dəyişikliklər edilir. Bölgələrdə beynəlxalq standartlara cavab verən yollar salınır, körpülər, aeroportlar tikilir, müasir diaqnostika mərkəzləri, istirahət ocaqları istifadəyə verilir.

Cənab İlham Əliyevin bəyan etdiyi regional inkişaf siyasətində, yoxsulluğun azaldılmasına yönəldilmiş tədbirlər sistemində yeni iş yerlərinin yaradılması həlledici amillərdən biri kimi qeyd olunur. Yuxarıda göstərdiyimiz kimi, 2003-cü ildən bu ilin oktyabr ayına qədər Azərbaycanda 824 min iş yerinin açılması, yeni iş yerlərinin 85 faizinin regionların payına düşməsi, başqa sözlə, regionların inkişafı, yoxsulluğun azaldılması, işsizliyin ləğvini nəzərdə tutan strateji proqramların reallaşması ölkənin iqtisadi-sosial həyatını daha da canlandırmışdır.

Bəli, Azərbaycan yenidən tikilir, yenidən qurulur. Bir vaxtlar əfsanə kimi görünən məsələlər bu gün gerçəkləşir, ən çətin, ağrılı problemlər həllini tapır. Prezident İlham Əliyev bütün bunları etmək, həyata keçirilən tədbirlərin miqyasını daha da genişləndirmək üçün ilk növbədə siyasi sabitliyə və düşünülmüş, dünya təcrübəsində özünü doğrultmuş iqtisadi siyasətə üstünlük verir: “...Bunların hər ikisi Azərbaycanda var və ona görə də ölkəmiz gələcəyə inamla baxır... Azərbaycanda bütün infrastruktur layihələri həyata keçirilir. Ölkəmizin qarşısında duran bütün mühüm məsələlər öz həllini tapacaq, insanları narahat edən problemlər aradan qaldırılacaqdır. Elektrik enerjisi təminatı, qaz, su təchizatı, səhiyyənin səviyyəsi, təhsil ocaqlarının şəraiti — biz ilk növbədə bunlara böyük diqqət göstəririk. Azərbaycanda hər bir sahə üzrə düşünülmüş proqram var: iqtisadi inkişaf, sosial məsələlərin həlli, ekoloji proqram, neft-qaz sektorunun inkişafı, regional inkişaf proqramı, səhiyyə proqramı, təhsil proqramı. Elə bir sahə yoxdur ki, orada bizim proqramımız olmasın. Bunlar sadəcə olaraq bir niyyət sənədi, şüar toplusu deyil, düşünülmüş, konkret tədbirlər planıdır. Onların icra qrafiki, mexanizmləri və maliyyə resursları var. Bütün bunlar bir yerdə olduğu halda, əlbəttə ki, istənilən məsələ öz həllini tapa bilər.

İlk növbədə düşünülmüş siyasət, iqtisadi islahatlar, ölkəmizin dünya birliyinə iqteqrasiya edilməsi prosesi və xalqla iqtidar arasında birlik. Bu amillər olduğu halda, ölkə istənilən məsələni həll edə bilər. Başqa ölkələrin təcrübəsinə fikir versək görərik ki, bu amillər olmadığı təqdirdə ölkədə inkişaf o qədər də sürətlə getmir, bəzi hallarda isə geriləmə də müşahidə olunur”.

Azad bazar iqtisadiyyatı şəraitində qeyri-neft sektorunun yüksəlişi, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılması, yeni iş yerlərinin açılması, sosial xarakterli bir sıra problemlərin həlli, şübhəsiz, sahibkarlığın inkişafından keçir. Bu baxımdan Azərbaycan Prezidentinin iş adamlarının fəaliyyətinə verdiyi yüksək dəyər olduqca sevindiricidir. Dünyada baş verən iqtisadi prosesləri dərindən bilən dövlət başçısı respublikanın sosial-iqtisadi tərəqqisində özəl sektorun, sahibkarların rolunu düzgün dəyərləndirir, hökumət strukturları ilə iş adamlarının sağlam əməkdaşlıq etməsini zəruri sayır. Qısa müddətdə kiçik və orta sahibkarların güzəştli kreditlərlə təmin olunması, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan süni problemlərin həlli istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.

Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, son illər ölkəmizdə uğurlu iqtisadi islahatların əldə edilməsində özəl sektorun, milli sahibkarlar təbəqəsinin rolu kifayət qədər böyükdür. Ötən müddətdə kiçik və orta sahibkarların güzəştli kreditlərlə təmin olunması, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan süni problemlərin həlli istiqamətində bir sıra mühüm addımlar atılmışdır. Dövlət rəhbəri inhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması, hüquq-mühafizə orqanlarının iş adamlarının fəaliyyətinə müdaxiləsi hallarını pisləmiş, bu münasibət konkret qərarlarla müşayiət olunmuşdur. Antiinhisar fəaliyyətinin gücləndirilməsi, inflyasiyanın qarşısının alınması üçün tədbirlərin görülməsi, korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının təsdiqlənməsi, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Stategiyanın təsdiqlənməsi, biznes subyektlərinin qeydiyyatı və lisenziya sisteminin sadələşdirilməsi, yerlərdə regional iqtisad və apellyasiya məhkəmələrinin yaradılması kimi tədbirlər də bunun əyani təcəssümüdür.

Son illər özəl sektorun ümumi daxili məhsul istehsalındakı xüsusi çəkisinin 85 faizə çatması da respublikamız üçün kifayət qədər böyük göstəricidir. Azərbaycanın sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsində özəl sektor milli iqtisadiyyatın aparıcı təbəqəsi kimi önə çıxmaqla yanaşı, həm də demokratikləşmə prosesində öz sözünü deyir. Prezident İlham Əliyev özəl sektorun dinamik inkişafına təkcə sosial-iqtisadi yüksəliş xəttinin deyil, həm də demokratikləşmə prosesinin ardıcıllığını, vətəndaş hüquq və azadlıqlarının etibarlı şəkildə qorunmasını təmin edən başlıca vasitələrdən biri kimi yanaşır. Çünki özəl sektorun inkişafı dünyanın bütün demokratik ölkələrində olduğu kimi, Azərbaycan cəmiyyətində də sabitlik və tərəqqinin, demokratikləşmə prosesinin hərəkətverici qüvvəsi sayılan milli burjuaziyanın, orta təbəqənin əhatəsini genişləndirir. Orta təbəqə ictimai münasibətlər sistemində aparıcı mövqeyə sahib olur, iqtisadi cəhətdən fəal və azad, təşəbbüskar, mütərəqqi islahatlara meyilli təbəqə daim proqressiv ideyaları dəstəkləyir, inkişafı buxovlayan bürokratizmə, konservatizmə qarşı çıxır. Bu mənada Azərbaycan Prezidentinin sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar həm də respublikamızda demokratik islahatların iqtisadi yüksəlişlə paralel şəkildə davam etdirilməsinə, siyasi, hüquqi, iqtisadi, sosial və digər sferalarda beynəlxalq əlaqələrin genişlənməsinə, qloballaşan dünyada etibarlı tərəfdaş kimi mövqelərini möhkəmləndirməsinə yaradılan etibarlı zəmindir.

Sahibkarların şəxsiyyət kimi formalaşması, dövlət və cəmiyyət qarşısında mənəvi məsuliyyət hiss etməsi naminə görülən işlər də xüsusi vurğulanmalıdır. Artıq Azərbaycanın iş adamları üzərlərinə düşən vəzifələri yaxşı dərk edir və ölkənin iqtisadi inkişafı, tərəqqisi naminə əllərindən gələni edirlər. Azərbaycan sahibkarı dövlətə münasibətdə özünün sosial və hüquqi məsuliyyətini dərk edir, onlardan irəli gələn vəzifələrin yerinə yetirilməsinə çalışır. Dövlət başçısı İlham Əliyev iş adamlarını müəyyən sosial aksiyaların gerçəkləşməsində fəal iştiraka çağırmış, biznesin inkişafı üçün bundan sonra da bütün zəruri addımların atılacağını demişdir: “İş adamları, dövlət, bütün yerli icra orqanları – hamımız birgə işləməliyik. Əlbəttə ki, təbiidir, – bütün ölkələrdə belədir, – iş adamları öz biznesləri haqqında düşünməli, biznesi inkişaf etdirməlidirlər. Eyni zamanda, imkanı olanda çətin vəziyyətdə yaşayanlara da əl uzatmalıdırlar. Mən belə biznes, iş adamlarını təqdir edirəm və sizi də bu işlərə çağırıram. Sizə deyə bilərəm ki, mən bundan sonra da ölkədə biznesin inkişafı üçün əlimdən gələni edəcək və bütün lazımi tədbirləri görəcəyəm”.

Respublikamızda sahibkarlığın inkişafına mane olan süni maneələrin aradan qaldırılması istiqamətindəki fəaliyyətinin ardıcıl və davamlı səciyyə daşıdığını Prezident İlham Əliyevin 30 aprel 2007-cı il tarixdə imzaladığı “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” fərmanı bir daha təsdiqləyir. Bu fərmanla indiyə qədər çoxpilləli biznesə başlamaq sahəsində mövcud problemlərin həlli, o cümlədən süründürməçilik hallarının, bürokratik əngəllərin aradan qaldırılması nəzərdə tutulmuşdur. Bu məqsədlə vahid kodlaşdırmanın aparılması, biznes strukturlarının “bir pəncərə” – vahid qeydiyyat orqanı tərəfindən qeydə alınması məsələləri əksini tapmışdır. Fərman, həmçinin biznes strukturlarının fəaliyyəti üçün torpaq ayırmaları, tikinti, yenidənqurma və bərpa işlərinə icazə verilməsi prosedurlarının sadələşdirilməsi, tikintinin ekspertizadan keçirilməsi sahəsindəki bürokratik əngəllərin aradan qaldırılmasına geniş imkanlar açır. Prezident İlham Əliyevin yeni dövrün tələbləri ilə tam səsləşən bu fərmanı sahibkarlar tərəfindən dəstəklənmiş və rəğbətlə qarşılanmışdır.

Mən respublikada özəl bölməyə, sahibkarlığa göstərilən diqqətin, yaradılan əlverişli şəraitin müsbət nəticələrini rəhbərlik etdiyim səhmdar cəmiyyətin timsalında da göstərə bilərəm. “Bərdə-Çörək” Açıq Səhmdar Cəmiyyəti ölkədə tanınmış müəssisələrdən biridir. Burada 120-yə yaxın işçi çalışır. Orta əmək haqqı 200 manatdan yuxarıdır. Müəssisədə geniş yenidənqurma işləri aparılıb, istehsal avadanlıqları, texnoloji xətlər müasirləşdirilib. Məhz bunun nəticəsində həm istehsalın səviyyəsi, həm də keyfiyyət göstəriciləri yüksəlib. Keyfiyyətdən söz düşmüşkən, bir faktı xatırladım: zavodda istehsal edilən məhsullar keyfiyyətini üç-dörd gün ərzində saxlayır. Şübhəsiz ki, bu da alıcılarda böyük razılıq hissi doğurub, istehlakçıların sayının artmasına gətirib çıxarıb...

Rəhbərlik etdiyim səhmdar cəmiyyətin uğurları barədə çox danışa bilərəm. Amma buna ehtiyac yoxdur. Sadəcə zavodumuzun timsalında bir neçə məqamı diqqətə çatdırmaqla ölkədə iş adamlarının, sahibkarların səmərəli fəaliyyətləri, uğur qazanmaları üçün hər cür imkan yaradıldığını göstərmək istədim.

Yeri gəlmişkən, ölkə Prezidentinin fəaliyyətində diqqəti çəkən bir məqama da toxunmaq istərdim. Cənab İlham Əliyev Azərbaycanda ərzaq təhlükəsizliyini prioritet vəzifə kimi qarşıya qoymuş, bu istiqamətdə bir sıra mühüm sənədlər imzalamışdır. Məsələn, ərzaq təhlükəsizliyi ilə bağlı 2008-2015-ci illəri əhatə edən Dövlət Proqramı böyük əhəmiyyətə malikdir. Artıq həmin proqramın tələblərinə uyğun olaraq tədbirlər həyata keçirilir. Dövlət Taxıl Fondunun yaradılması, yerlərdə müasir tipli taxıl anbarlarının inşası bunun bariz nümunəsidir.

Sonda bir cəhəti də vurğulamağı lazım bilirəm: Azərbaycanda sahibkarların, iş adamlarının etibarlı himayədarına çevrilmiş cənab İlham Əliyevin reallaşdırdığı məqsədyönlü siyasət hesabına özəl sektor yeni inkişaf dönəminə qədəm qoymuş, sahibkarlığın inkişafına diqqət daha da artırılmışdır. Məhz elə buna görədir ki, biz sahibkarlar, iş adamları gələcəyə nikbin baxırıq. Bu nikbinliyə səbəb cənab İlham Əliyevə dərin inam, dövlət başçımızın Heydər Əliyev strategiyasını qətiyyətlə davam etdirməsidir.

 

 

Məhərrəm SƏFİYEV,

 “Bərdə-Çörək” Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri

 

Xalq qəzeti.- 2009.- 18 dekabr.- S. 4.