Naxçıvanın yubileyi Moskvada qeyd edilmişdir
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin
Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunda (Universitetində) (MDBMİ (U)) Naxçıvan
Muxtar Respublikasının 85 illik yubileyinə həsr
edilmiş konfrans keçirilmişdir. NMR Ali Məclisinin dəstəyi
ilə keçirilən bu tədbirin təşkilatçıları
qismində Heydər Əliyev Fondunun Rusiya
Federasiyasındakı nümayəndəliyi və Azərbaycanın
Rusiyadakı səfirliyi çıxış etmişdir.
Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğlu giriş sözündə
xüsusi olaraq bu tədbirdə iştirak etmək
üçün Moskvaya gəlmiş NMR nümayəndə
heyətini Rusiya azərbaycanlıları adından ürəkdən
salamlamış və (MDBMİ (U)) rəhbərliyinə təşəkkürünü
bildirmişdir. Bu tədbirin əhəmiyyətini xüsusi
vurğulayan səfir qeyd etmişdir ki, onun keçirilməsi
təşəbbüsünü Heydər Əliyev Fondu, o
cümlədən Fondun Rusiyadakı nümayəndəliyinin
rəhbəri Leyla Əliyeva irəli sürmüş və səfirlik
təşəbbüsü dəstəkləmişdir.
P.Bülbüloğlu
demişdir ki, Naxçıvan Muxtar Respublikası Azərbaycanın
ayrılmaz bir hissəsidir. Bu qədim diyar Azərbaycana və
bütün dünyaya ümummilli lider Heydər Əliyev kimi
böyük şəxsiyyəti bəxş etmişdir. Səfirin
sözlərinə görə, son 10-12 ildə
Naxçıvan bütün sahələrdə uğurla
inkişaf edir. O, naxçıvanlıların bu diyarda
mövcud olan, təkcə Azərbaycan, türk mədəniyyətinə
deyil, bütün müsəlman mədəniyyətinə,
dünya mədəniyyətinə məxsus olan abidələrə
qayğıkeş münasibətini xüsusi qeyd etmişdir.
O, daha sonra demişdir
ki, Naxçıvan Muxtar Respublikasının yubileyinin Moskvada
keçirilməsi əlamətdar hadisədir, çünki
Rusiya bizim böyük qonşumuz, strateji tərəfdaşımızdır.
Polad Bülbüloğlu demişdir: “Rusiyada çoxsaylı
Azərbaycan diasporu yaşayır və Rusiyanın rifahı
naminə çalışır. Diaspor Azərbaycanla
bağlı bütün məsələlərə ciddi maraq
göstərir. Rusiyada əslən Naxçıvandan olanlar da
çoxdur”.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri
Leyla xanım Əliyeva salona toplaşan qonaqları salamlayaraq NMR-in yubileyinin Moskvada qeyd olunmasının əhəmiyyətini vurğulamışdır.
O demişdir
ki, bu il NMR-in yaradılmasından
85 il keçmişdir.
Bu tarix Azərbaycanda
geniş qeyd edilir. L.Əliyeva demişdir: “Bu gün biz Heydər Əliyev Fondunun dəstəyi ilə bu yubileyi
Moskvada qeyd edir və bizə
verilmiş imkana görə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun
rəhbərliyinə təşəkkürümüzü
bildiririk.
Leyla xanım
Əliyeva demişdir:
“Bu yubiley Azərbaycan
xalqı üçün
çox əzizdir. Biz haqlı olaraq
bununla fəxr edirik. Biz öz
mədəni və tarixi köklərimizi, adət və ənənələrimizi öyrəndikcə,
müasir dövrün
gerçəklikləri və
bir-birimizin uğurları
ilə tanış olduqca, qarşılıqlı
anlaşmaya və qarşılıqlı hörmətə
əsaslanan münasibətlər
qurmağı öyrənirik”.
Naxçıvan haqqında,
bu bərəkətli
diyar, onun tarixi, mədəniyyəti,
ənənələri və
bu günü haqqında böyük məhəbbətlə söhbət
açan L.Əliyeva demişdir: “Naxçıvan
Azərbaycanın ayrılmaz
tərkib hissəsidir.
O, ilk növbədə yaşı
minilliklərlə hesablanan,
tarixi maraqlı faktlarla zəngin olan qədim diyardır. Əminəm ki, bu gün Naxçıvanın
təbiəti haqqında,
onun tarixi və müasir dövrdə inkişafı
haqqında çox sözlər deyiləcəkdir.
Siz bu muxtar respublikanın
üzləşdiyi çətinliklər
haqqında, naxçıvanlıların
qismətinə düşmüş
ağır sınaqlardan
ləyaqətlə çıxması
haqqında eşidəcək,
öyrənəcəksiniz. Konfransda siz Naxçıvan sakinlərinin Azərbaycan
tarixinə verdiyi dəyərli töhfələr
haqqında eşidəcəksiniz.
Naxçıvandan olan böyük
azərbaycanlıların şöhrəti
hamıya məlumdur.
Bu gün siz
Naxçıvanın – qədim
tarixə malik bu bərəkətli diyarın müasir siması ilə tanış olacaq, onun büllur kimi saf havası
ilə nəfəs alacaq, əzəmətli dağlarının gözəlliyindən
zövq alacaq, canlı əfsanə ilə təmasda olacaqsınız. Çünki Naxçıvan torpağı
Nuh peyğəmbərin
dəfn olunduğu yer və bir
sıra başqa sirli məqamlar məkanıdır”.
Sonra NMR baş
nazirinin müavini Təranə Quliyeva “Naxçıvanın sosial-iqtisadi
inkişafı” mövzusunda,
tarixçi professor Rudolf İvanov
“Görkəmli naxçıvanlılar
Rusiya dövlətinin
tarixində”, MDU yanında
Postsovet Məkanını
Öyrənən Mərkəzin
baş direktorunun müavini Aleksandr Karavayev “NMR regional siyasətdə”
mövzularında məruzələrlə
çıxış etmişlər.
Tanınmış yazıçı-publisist, Milli
Məclisin deputatı,
“Heydər Əliyev. Şəxsiyyət və zaman” adlı çoxcildliyin müəllifi Elmira Axundovanın
şərti olaraq “Naxçıvan Heydər Əliyevi xilas etdi, Heydər Əliyev Azərbaycanı
xilas etdi” adlandırdığı məruzəsi
xüsusi maraqla qarşılandı. E.Axundova
ümummilli lider Heydər Əliyevin
1990-1993-cü illərdə siyasi fəaliyyətinin əsas mərhələləri,
onun Naxçıvana qayıtması, daha sonra dövlətimizi xilas etmək naminə Bakıya gəlməsi faktları üzərində dayanmış,
ölkəmizin tarixində
Heydər Əliyevin şəxsiyyətinin rolu
və onun irsi barədə ətraflı məlumat vermişdir.
Tədbirin təşkilatçıları və qonaqlar muxtar respublikanın yubileyinə həsr edilmiş fotosərgi ilə tanış olmuşlar. Naxçıvan haqqında sənədli
film nümayiş etdirilmişdir.
Sonra qonaqlar Naxçıvanın
Moskvaya gəlmiş mədəniyyət və
incəsənət xadimlərinin
iştirakı ilə
bayram konsertinə tamaşa etmişlər.
Asya HACIZADƏ
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Xalq qəzeti.- 2009.- 18 dekabr.- S. 2.