“Financial Times”: 2010-cu
ildə Azərbaycana daha çox xarici investisiya cəlb
olunacaqdır
Böyük Britaniyanın beynəlxalq biznes nəşri
olan “Financial Times” qəzetinini 10 dekabr 2009-cu il tarixli nömrəsində
“Azərbaycanda investisiya imkanları” sərlövhəli məqalə
dərc edilmişdir. Azərbaycan iqtisadiyyatında son on ildə
900 faiz artım olduğunu qeyd edən müəllif bu
inkişafda özəl sektorun böyük rol
oynadığını vurğulamışdır.
Sözügedən məqalədə bildirilir ki, qlobal maliyyə
böhranı Azərbaycan iqtisadiyyatına elə bir ciddi təsir
göstərməmişdir. Mərkəzi Asiya regionunun digər
ölkələri böhrandan çıxmaq üçün
səylər göstərdiyi halda, Azərbaycan
iqtisadiyyatında artım müşahidə olunur.
Azərbaycanda əlverişli
investisiya mühitinin olduğu vurğulanan məqalədə
deyilir ki, beynəlxalq ekspertlər 2010-cu ildə ölkəyə
daha çox xarici investisiya cəlb ediləcəyini
düşünürlər. Azərbaycan hökuməti enerji
və digər təbii ehtiyatlardan əldə etdiyi gəlirləri
sosial yönümlü proqramlara yönəldərək, nəqliyyat,
infrastruktur və texnologiyanın inkişafına böyük
diqqət göstərir.
Davos Forumunun “2009-2010-cu illərdə
dünya ölkələrinin rəqabət qabiliyyətli
iqtisadiyyatları haqqında hesabat”ı da respublikamızda əlverişli
biznes və investisiya mühitinin mövcudluğunu bir daha təsdiqləyir.
Hesabata əsasən, respublikamız rəqabət qabiliyyətli
iqtisadiyyata malik dövlətlər sırasında 34-cü
pillədən 13-cü pilləyə yüksəlmiş və
iqtisadi göstəricilərinə görə, hətta bir
çox inkişaf etmiş ölkələri geridə
qoymuşdur. Məlumdur ki, dünya ölkələrinin
iqtisadi inkişaf parametrlərinin müəyyənləşdirilməsində
Davos Forumunun hazırladığı hesabatlar xüsusi çəkiyə
malikdir. 30 ildən artıq müddətdə dövlətlərin
rəqabətə davamlılıq səviyyəsini öyrənən
qurum 1979-cu ildən Qlobal Rəqabət Hesabatlarında dövlətlərin
iqtisadiyyatının davamlı inkişafını,
uzunmüddətli çiçəklənməsini şərtləndirən
amilləri araşdırır. 2004-cü ildə dövlətlərin
rəqabətə davamlılığının
ölçülməsi üçün təkmil göstəricilər
toplusu yaradılmış və Qlobal Rəqabət İndeksi
kimi Ümumdünya İqtisadi Forumuna təqdim edilmişdir.
Dövlətlərin rəqabətə
davamlılığı - Qlobal Rəqabət İndeksi 12 əsas
üzrə müəyyənləşdirilir. Burada təhsil və
təlim (insan kapitalı), texniki tərəqqi, makroiqtisadi
sabitlik, səmərəli idarəetmə, qanunun aliliyi, şəffaf
və mükəmməl işləyən qurumlar,
korrupsiyanın azlığı, bazara
yönümlülük, şirkətlərin təkmilləşdirilməsi,
tələbat, bazarın həcmi və bir çox başqa
istiqamətlər əsas götürülür. Bu göstəricilərin
hər biri güclü nəzəri əsaslara malikdir və
biri digərini istisna etmir. Davos Forumunun yaydığı sənəddə
qeyd edilir ki, Azərbaycanın 34-cü pillədən 13-cü
pilləyə irəliləməsi ilk növbədə
makroiqtisadi sabitlik, yüksək milli yığımlar,
böyük büdcə profisititi və dövlət
borclarının azaldılması ilə bağlıdır.
Dünya Bankının və
Beynəlxalq Maliyyə Korporasiyasının tərtib etdikləri
“Doing Business-2010” reytinqində isə Azərbaycan investisiya cəlbediciliyinə
görə 183 ölkə arasında 38-ci yeri tutmuşdur.
Hesabat müəllifləri hesab edirlər ki, biznes sahəsində
son islahatlar Azərbaycanda sahibkarlıq fəaliyyəti
üçün əlverişli şərait
yaradılmasına imkan vermişdir. Hesabatda Azərbaycan
biznesin həyata keçirilməsi indikatoruna görə 38-ci,
biznesin başlanmasına görə 17-ci, işə qəbula
görə 33-cü, əmlakın qeydiyyatına görə
9-cu, kreditlərin alınmasına görə 15-ci, investorların
qorunmasına görə 20-ci, müqavilələrin
icrasının təmin edilməsinə görə 26-cı
olmuşdur. Müqayisə üçün bildirək ki, həmin
reytinqdə Qafqaz ölkələrindən Gürcüstan
90-cı, Ermənistan 97-ci yerləri tutmuşdur.
Şübhəsiz, hər
iki hesabatda Azərbaycanda əlverişli biznes və investisiya
mühitinin mövcudluğu faktının xüsusi
vurğulanması bir sıra real əsaslara söykənir.
Ölkə rəhbərliyinə gəlişinin ilk günlərindən
yerli və xarici sahibkarların hamisinə çevrilmiş
dövlət başçısının həyata
keçirdiyi məqsədyönlü siyasət hesabına
özəl sektor yeni inkişaf dönəminə qədəm
qoymuş, sahibkarlıq fəaliyyətinin genişlənməsinə
diqqət artırılmışdır. Kiçik və orta
sahibkarlığın güzəştli kreditləşdirilməsi,
sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin
qarşısının alınması, özəl sektorda
inkişafa mane olan problemlərin həlli istiqamətində
mühüm addımlar atılmışdır. Azərbaycan
Prezidenti hələ 1 fevral 2004-cü il tarixdə Bakı
Biznes Mərkəzində yerli sahibkarlarla keçirdiyi
görüşdə bu sahədə mövcud problemlərin həlli
ilə bağlı konkret tapşırıqlar vermiş,
sonrakı mərhələdə bu məqsədlə
imzaladığı bütün fərman və sərəncamların
icrasını daim diqqət mərkəzində
saxlamışdır. Həmin görüşdən az sonra,
11 fevral 2004-cü ildə imzalanaraq qüvvəyə minmiş
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramının icrası isə
regionların tarazlı, davamlı inkişafına, onların
potensialının bir-birinə kömək mexanizmi üzərində
qurulmasına, qeyri-neft sektorunun möhkəmlənməsinə,
infrastrukturun yeniləşməsinə müsbət təsir
etməklə yanaşı, bölgələrdə özəl
sektorun və sahibkarlığın inkişafını
sürətləndirmişdır.
Azərbaycan Prezidentinin 14
aprel 2009-cu il tarixdə imzaladığı “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
inkişafı Dövlət Proqramın” da
sahibkarlığın inkişafına xüsusi diqqət
yetirilir. Proqramda xüsusi qeyd olunur ki, sahibkarlığın
inkişafı ölkə iqtisadiyyatının
diversifikasiyası baxımından həyata keçirilən
dövlət siyasətinin aparıcı istiqamətlərindən
birini təşkil edəcəkdir. Bu siyasət
iqtisadiyyatın bütün sahələrində, xüsusilə
prioritet inkişaf sahələrində işgüzar fəaliyyət
üçün normativ-hüquqi, təşkilati və maliyyə
təminatı səviyyəsinin yüksəldilməsinə
yönəldiləcəkdir. Dövlət Proqramında
davamlı iqtisadi inkişafın təmin edilməsi
baxımından kiçik və orta sahibkarlığın
(KOS) dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi,
ixrac potensialının artırılmasında və cəmiyyətin
sosial problemlərinin həllində KOS-un rolunun gücləndirilməsi,
sahibkarlıq fəaliyyətinin sahə, regional və texnoloji
baxımdan strukturunun optimallaşdırılması,
kiçik, orta və iri müəssisələr arasında
qarşılıqlı səmərəli əməkdaşlığın,
o cümlədən istehsal-kooperasiya əlaqələrinin
genişləndirilməsi, sahibkarlığın dəstəklənməsinin
müasir təşkilati modellərinin yaradılması, o
cümlədən sahibkarlar üçün məsləhət
xidməti, informasiya təminatı, marketinq xidməti və
sair strukturların yaradılmasının davam etdirilməsi,
ticarət yarmarkalarının yaradılması, yerli
iqtisadiyyatın yönümünü nəzərə almaqla
rayonlarda işsizlər üçün kadrların peşə
hazırlığının təkmilləşdirilməsi mərkəzlərinin
yaradılması, sahibkarlıq fəaliyyətinə
müdaxilələrin qarşısının alınması
və s. mühüm vəzifələr qarşıya
qoyulmuşdur.
Beynəlxalq təşkilatların
hesabatlarında Azərbaycanda biznesə başlama
prosedurlarının sadələşdirilməsi faktının
önə çəkilməsi təsadüfi deyildir. Azərbaycan
Prezidentinin 30 aprel 2007-ci il tarixdə imzaladığı “Azərbaycan
Respublikasında sahibkarlığın inkişafı ilə
bağlı bəzi tədbirlər haqqında” fərmanla təsdiq
olunmuş qaydalara əsasən, 2008-ci il yanvarın 1-dən
etibarən vahid qeydiyyat orqanı funksiyasını Vergilər
Nazirliyi həyata keçirir. Sahibkarlıq fəaliyyəti
subyektlərinin qeydiyyatının “bir pəncərə”
prinsipi üzrə təşkili nəticəsində
qeydiyyatdan keçmiş hüquqi şəxslərin sayı
30 faiz artmışdır, 2009-cu il yanvarın 1-dən
gömrükdə də bu sistemin tətbiqinə
başlanılmışdır.
“Vahid pəncərə”
sisteminin tətbiqindən sonra Azərbaycanın investisiya cəlbediciliyi
əhəmiyyətli dərəcədə artmış,
sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi
istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatlar
tərəfindən də yüksək qiymətləndirilmişdir.
2008-ci ildə Dünya Bankı və Beynəlxalq Maliyyə
Korporasiyası tərəfindən hazırlanan və biznes
mühitinin əlverişliliyi üzrə qiymətləndirməni
özündə əks etdirən nüfuzlu “Doing Business”
hesabatında Azərbaycan biznes mühitinin təkmilləşdirilməsi
sahəsində “İslahatçı ölkə” elan
edilmişdir.
Xatırlatmaq yerinə
düşər ki, ixracın stimullaşdırılması,
xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi
məqsədilə görülmüş tədbirlər nəticəsində
Azərbaycan ABŞ və Norveçin “CSP”, Avropa
İttifaqının “CSP+” proqramlarına da daxil edilmişdir.
Bu proqramlar Azərbaycan sahibkarlarına Avropanın 27 ölkəsinə,
ABŞ və Norveç bazarlarına rüsumsuz və ya
çox aşağı rüsumlarla ixrac imkanları
yaradır. 2008-ci ildən Dünya Ticarət Təşkilatına
üzvolma ilə bağlı işlər davam etdirilmiş, 11
ölkə ilə ikitərəfli danışıqlar
aparılmış, 2 ölkə ilə ikitərəfli
protokol imzalanmışdır.
Azərbaycan Dövlət
İnvestisiya Şirkətinin yaradılması isə ölkəyə
investisiya axınının təşviqi sahəsində həyata
keçirilən dövlət siyasətinin vahid mərkəzdən
tənzimlənməsi, respublikanın investisiya cəlbediciliyinin
daha da artırılması məqsədindən irəli gəlmişdir.
Başlıca vəzifə kimi ölkə iqtisadiyyatına
investisiyaların təşviqini təmin edərək bu sahədə
mövcud problemlərin aradan qaldırılmasına
çalışan şirkət, eyni zamanda, xarici sərmayədarlarla
birgə layihələr həyata keçirməklə onlarda
inam və etimadın güclənməsinə nail
olmalıdır. Eyni zamanda, şirkət Azərbaycanın sənaye
potensialının güclənməsi yönumündə
müəyyən addımlar atır.
Biznes mühitinin
yaxşılaşdırılması istiqamətində həyata
keçirilən tədbirlər nəticəsində
2003-2008-ci illərdə ölkə iqtisadiyyatına 44 milyard
dollar investisiya qoyulmuşdur və bu da müstəqillik illərində
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun 77 faizi deməkdir.
Bu dövrdə bütün maliyyə mənbələri
hesabına əsas kapitala qoyulmuş investisiyanın həcmi
son beş ildə 33,5 milyard manat təşkil etmiş, bunun
53,2 faizi daxili, 46,8 faizi isə xarici investisiyalar olmuşdur.
2008-ci ildə istifadə edilmiş investisiyanın həcmi
2003-cü il səviyyəsini 3 dəfə üstələmiş,
adambaşına düşən investisiyanın həcmi
2003-cü illə müqayisədə 605,8 manat çox
olmuşdur. 2003-cü ildə ümumi investisiyaların həcmində
daxili investisiyaların payı 24,8 faiz olduğu halda, 2008-ci ildə
bu göstərici 78,6 faiz təşkil etmişdir.
2009-cu ilin 6 ayında isə əsas
kapitala yönəldilmiş investisiyalarda daxili sərmayələr
üstünlük təşkil etmişdir. Bunun 82,4 faizini
daxili, 17,6 faizi isə xarici sərmayələrdir. Daxili sərmayələrin
ötən ilin müvafiq dövrü ilə müqayisədə
11,6 faiz artması Azərbaycanda güclü sərmayədarlar
təbəqəsinin formalaşdığına dəlalət
edir.
2010-cu ildən Azərbaycanda
bir sıra sahələrdə vergilərin aşağı
salınması planlaşdırılır və bu da
sahibkarlığın inkişaf etdirilməsi, daxili bazarın
qorunması baxımından son dərəcə əhəmiyyətli
addımdır. Gələn ilin yanvarından fərdi
sahibkarların gəlirinin vergiyə cəlbedilmə dərəcəsinin
35 faizdən 20 faizə, müəssisələrin mənfəət
vergisinin dərəcəsinin 22 faizdən 20 faizə endirilməsi,
sadələşdirilmiş vergi ödəyicisi hüququ əldə
etmək məqsədi üçün vergi tutulan əməliyyatların
həcminin 90 min manatdan 150 min manatadək artırılması
nəzərdə tutulur. 2010-cu ildən fiziki şəxslərdən
tutulan gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizə
endiriləcək, ödənişli məktəbəqədər
müəssisələrin xidmətləri əlavə dəyər
vergisindən azad ediləcəkdir.
Yeri gəlmişkən, bir
maraqlı faktı da oxucuların diqqətinə
çatdırmaq istərdim. Beynəlxalq qurumların
hesabatlarına əsasən, Azərbaycanda yeridilən modrnləşdirmə
xəttinin iqtisadi nailiyyətlərlə düzgün şəkildə
əlaqələndirilməsi, özəl sektorun
inkişafına stimul yaradılması, ölkəmizin
dünya bazarında rəqabət imkanlarının genişləndirilməsi
nəticəsində respublikamız rəqabətə
davamlılıq baxımından nəinki regionda liderdir, hətta
postsovet məkanında əsas dövlətlər
sırasındadır. Beynəlxalq Valyuta Fondunun məlumatına
görə, qarşıdakı 6 ildə Azərbaycanda
adambaşına düşən gəlir dünyada ən
yüksək sürətlə (252,6 faiz) artacaqdır. Belə
ki, Azərbaycanda adambaşına ÜDM-in həcmi 2007-ci ildəki
3,663 ABŞ dollarından 2013-cü ildə 12,915 ABŞ
dollarına çatacaqdır. Beləliklə, əgər
2003-cü ildə Azərbaycanda adambaşına milli gəlirin
həcmi (888 ABŞ dolları) Ermənistandakı müvafiq
göstəriciyə (873 ABŞ dolları) təxminən bərabər
idisə, 2013-cü ildə Azərbaycan həmin göstərici
üzrə adı çəkilən dövləti
üç dəfədən çox qabaqlayacaqdır.
Hesablamalara görə, 2013-cü ildə respublikamız
adambaşına ÜDM üzrə BVF-nin hesabatında təmsil
olunmuş 181 ölkə arasında 56-cı yeri tutacaqdır.
Azərbaycan siyahıda Avropa İttifaqı ölkələri,
Şimali Amerika və Asiyanın inkişaf etmiş, Yaxın
Şərqin neft hasil edən ölkələrindən sonra gələcəkdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2009.- 18 dekabr.- S. 1.