YUNESKO-da Azərbaycan günü böyük təntənə ilə qeyd olundu

 

Məlum olduğu kimi, 2008-ci il yanvarın 10-da YUNESKO-nun baş konfransının 34-cü sessiyasında 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd olunması proqramı çərçivəsində: “Leyli və Məcnun” operasının ilk tamaşasının, yazıçı Mir Cəlal Paşayevin, akademik Musa Əliyevin və xalq rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileylərinin rəsmi qeyd olunması ilə bağlı qərar qəbul edilmişdi. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2008-ci il yanvarın 31-də xüsusi sərəncam imzalamışdı.

 

Azərbaycan bu gün müstəqil bir dövlət kimi bütün dünyada tanınır və özünəməxsus nüfuza malikdir. Ölkəmizin mədəniyyəti, milli adət-ənənələri, elmi, incəsənəti, ədəbiyyatı artıq bütün dünyada tanınmağa başlamışdır. Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevanın mədəniyyət sahəsinə YUNESKO və İSESKO ilə əməkdaşlığı bu gün böyük əhəmiyyət kəsb edir. Məhz buna görə də yuxarıda adı çəkilən tədbirlərin YUNESKO səviyyəsində qeyd olunması, ilk növbədə, Azərbaycanın elminə, ədəbiyyatına, incəsənətinə verilən yüksək qiymətin təzahürüdür . Onu da qeyd etmək lazımdır ki, son zamanlar YUNESKO ilə Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlığın səviyyəsi getdikcə genişlənir. Bu işlərin inkişafında YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çox böyük xidmətləri vardır.

2008-ci il noyabrın 10-da Parisdə YUNESKO-nun iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalqımızın böyük alimi, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Azərbaycan ədəbiyyatının və elminin inkişafında müstəsna xidmətləri olan professor Mir Cəlal Paşayev XX əsr ədəbiyyatımızın həm realist, həm də romantik qolunu təmsil edən bir sıra əsərlər yaratmışdır. Əsasən mahir hekayə ustası olan Mir Cəlal Paşayev, həm də “Yolumuz hayanadır”, “Bir gəncin manifesti”, “Açıq kitab”, “Dirilən adam” və s. irihəcmli romanlar müəllifi olmaqla yanaşı, eyni zamanda ,bir alim kimi də fəaliyyət göstərmişdir. 1905-1917-ci illərdə formalaşan və ədəbiyyatımızın sonrakı inkişafında mühüm rol oynayan ədəbi məktəblər ilk dəfə olaraq monoqrafik planda məhz onun tərəfindən təhlil olunmuşdur. O, ədəbiyyat nəzəriyyəsinin əsaslarını və mühüm mərhələlərinin elmi izahını və təsnifini verən ilk ədəbiyyatşünas alim idi.

Elə YUNESKO-nun iqamətgahında keçirilən yubiley mərasimində də Mir Cəlal Paşayev XX əsr Azərbaycan ədəbiyyatının parlaq simalarından biri kimi xarakterizə olunmuşdur. Əsərləri bütöv bir dövrü əhatə edən Mir Cəlal Paşayev böyük pedaqoq kimi Azərbaycan cəmiyyəti üçün yüzlərlə əsl vətənpərvər ədəbiyyatşünas mütəxəssis yetişdirmişdir.

Yubileydə Fransa Senatının keçmiş sədri Kristian Ponsole çıxışında Mir Cəlal Paşayevi Azərbaycan xalqının görkəmli ziyalısı adlandırmış, onun 100 illik yubileyinin YUNESKO səviyyəsində keçirilməsini ölkəmizə olan yüksək rəğbətlə əlaqələndirilmişdir. Tədbirdə həmçinin professor Mir Cəlal Paşayevin həyat və yaradıcılığına aid film də nümayiş olunmuşdur.

Qeyd etdiyimiz kimi, Azərbaycan MEA-nın həqiqi üzvü, 1950-1958-ci illərdə akademiyanın prezidenti olmuş, geologiya-mineralogiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, akademik Musa Mirzə oğlu Əliyevin də 100 illik yubileyinin Parisdə YUNESKO-nun iqamətgahında qeyd olunması qərara alınmışdır. Xatırladaq ki, akademik M.Əliyev geologiya elminin bir çox sahələrində – paleontologiya, biostratiqrafiya, neft yataqlarnın stratiqrafiyası üzrə görkəmli alim olmaqla yanaşı, bacarıqlı dövlət və ictimai xadim, pedaqoq, elm təşkilatçısı kimi tanınmışdır.1931-ci ildə Azərbaycan Politexnik İnstitutunun (sonralar Azərbaycan Sənaye İnstitutu, indiki Neft Akademiyası), neft-mədən fakültəsini bitirən M.Əliyev elə həmin ildən — 28 yaşından başlayaraq ardıcıl olaraq (1936-1941-ci illər) Azərbaycan Sənaye İnstitutunun dosenti, neft fakültəsinin dekanından institutun rektoru vəzifəsinədək yüksəlmişdir. Bütün bunlar isə ötən əsrin otuzuncu illəri üçün fövqəladə bir hadisə idi. Yüksək təşkilatçılıq bacarığı sayəsində Azərbaycan Geoloji İdarəsinin rəhbəri, keçmiş SSRİ Neft Nazirliyi nəzdində (Moskva şəhəri) Baş Tədris İdarəsinin rəisi kimi mühüm vəzifələrə təyin olunan M.Əliyev Böyük Vətən müharibəsi zamanı ölkənin neft sənayesi üçün mühəndis-texniki kadrların hazırlanmasını davam etdirmək üçün Moskva Neft İnstitutunun Ufaya, Qroznı Neft İnstitutunun Özbəkistanın Kokand şəhərinə evakuasiyasını təşkil etmişdir. O sonrakı illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin şöbə müdiri, sənaye üzrə katibi, Azərbaycan Nazirlər Soveti sədrinin müavini və Dövlət Plan Komitəsinin sədri kimi yüksək vəzifələrdə çalışmışdır. Əfsanəvi Neft Daşlarının açılmasında da akademik Musa Əliyevin böyük xidmətləri olmuşdur.

1950 -ci ildə AEA-nın prezidenti seçilən M.Əliyevin qeyri-adi təşkilatçılıq qabiliyyəti vəzifədə çalışdığı 8 il ərzində özünü tam parlaqlığı ilə bir daha göstərdi. Bu dövrdə akademiyada yeni şöbələr və institutlar yarandı, Şamaxı Astrofizika Rəsədxanası, EM-8 hesablayıcı maşını işə salındı, Azərbaycan elminin inkişafına dair çoxsaylı xəritələr və monoqrafiyalar işıq üzü gördü. Təbii ki, həmin dövrdə geologiya elmi də qabaqcıl elm sahəsi kimi çox inkişaf etmişdir.

Akademik Musa Əliyevin rəhbərliyi və təşəbbüsü ilə Geologiya İnstitutunda paleontologiya və stratiqrafiya şöbəsi yaradılır. Bundan əlavə, yeni təşkil olunmuş mezozoyun stratiqrafiyası laboratoriyasına uzun illər akademik Musa Əliyev rəhbərlik edir. O, Azərbaycanda mezozoy üzrə paleontoloq və stratiqraflarının məktəbinin banisidir. Bu məktəb keçmiş SSRİ-də Yura və Təbaşirin stratiqrafiyası üzrə “Bakı məktəbi” kimi məşhur idi. Onun zəngin paleontoloji kitabxananın yaradılmasında da misilsiz rolu olmuşdur.

Akademik Musa Əliyevin fəaliyyətinin yeni mərhələsi 1958-ci ildən başlanır. SSRİ Elmlər Akademiyasının o vaxtki prezidenti akademik A.N. Nesmeyanovun dəvəti ilə Moskvanın yeni yaradılmış Yanar Faydalı Qazıntıların Geologiyası və İşlənilməsi İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə dəvət olunan M.Əliyev ömrünün sonuna kimi (1985-ci il ) bu institutda çalışmışdır. Akademik Musa Əliyevin Moskvadakı fəaliyyəti dövründə elmi tədqiqatların coğrafiyası daha da genişlənir. Tədqiqatlar Zaqafqaziyadan başlayaraq Qərbi Sibir, Volqa-Ural, Orta Asiyanın neftli-qazlı əyalətlərinə yönəldilir.

1967-1971-ci illər akademik Musa Əliyevin həyat və elmi fəaliyyətində xüsusi bir dövr təşkil edir. Bu illərdə o, Sovet-Əlcazair neft-qaz kontraktına başçılıq edirdi. Xatırladaq ki, kontrakt Əlcəzairin geologiyasının, neft-qaz yataqlarının axtarışı və istismarının öyrənilməsinə aid idi. Əlcəzairin Tinduf və Xassi-Brahim neft-qaz yataqlarının açılması akademik M.Əliyevin adı ilə bağlıdır.Onun Əlcəzairdəki elmi fəaliyyəti bu ölkənin prezidenti və SSRİ Neftqazçıxarma Nazirliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Sonralar bu işlər akademik Musa Əliyevin həmkarları ilə dörd dildə (fransız, ingilis, rus,ərəb) nəşr etdikləri “Əlcəzair atlaslarının geologiyası və neftqazlılığı” və “Əlcəzair Saxarasının geologiyası və neftqazlılığı” monoqrafiyası ilə nəticələnmişdir. Elə bu aspektdə İrana, Şimali Afrikaya, Yaxın və Orta Şərqə aid olan materiallar da ümumiləşdirilmişdir. Görkəmli alim təkcə keçmiş SSRİ də yox, eləcə də xarici ölkələrdə (Meksika, Danimarka, Hindistan, Misir, Livan və b.) tanınmışdır. O, çoxsaylı komitələrin və şuraların üzvü idi.

Akademik Musa Əliyevin adı Azərbaycan Milli Elmlər Akademiyasının tarixində özünəlayiq yer tutur. Onun tükənməz enerjisi və elmi nüfuzu Azərbaycan geologiyasının nailiyyətlərinin dünya elmi ictimaiyyəti tərəfindən tanınmasına xidmət etmişdir. Məhz buna görə də onun 100 illik yubileyi gözlənilən kimi yüksək səviyyədə keçməli idi.

İlk yubiley tədbiri 2008-ci il aprelin 15-də Moskvada - vaxtilə işlədiyi Yanar Faydalı Qazıntıların Geologiyası və İşlənilməsi İnstitutunda yüksək səviyyədə keçirildi.

Bakıda isə alimin 100 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfranslar 1939-1941-ci illərdə rektoru olduğu indiki Azərbaycan Dövlət Neft Akademiyasının 2008-ci il aprelin 29-da, eləcə də uzun illər elmi əməkdaşlıq etdiyi Bakı Dövlət Universitetində 2008-ci il mayın 27-də keçirildi. Bu il noyabrın 6-da akademik Musa Əliyevin 100 illik yubileyi Azərbaycan Milli Elmlər Akademiyasının akt zalında da böyük təntənə ilə qeyd olundu.

Daha sonra noyabr ayının 17-də akademik Musa Əliyevin 100 illik yubileyi Avropanın ən gözəl şəhərlərindən biri olan Fransanın paytaxtı Paris şəhərində – YUNESKO-nun möhtəşəm iqamətgahında keçirildi. Yubiley tədbirində Bakıdan Azərbaycan elminin, ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin tanınmış nümayəndələri, eləcə də dövlət rəsmiləri Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev, AMEA-nın vitse-prezidenti, akademik Akif Əlizadə, Diplomatiya Akademiyasının rektoru, professor Hafiz Paşayev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, AMEA-nın müxbir üzvü Elmira Ramazanova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və başqaları iştirak edirdilər.

Noyabrın 17-də Parisdə YUNESKO-nun iqamətgahında Azərbaycan günü keçirildi. Həmin gün Azərbaycan tarixinə qızıl hərflərlə həkk olundu. Çünki Azərbaycan günü çərçivəsində simpozium adı altında Azərbaycan diplomatiyasının 90 illiyinə həsr olunmuş 3 mühüm məsələyə baxılırdı. Həmin məsələlər isə “Azərbaycan qadını dünən, bu gün və sabah”; Musa Əliyevin 100 illik yubileyi və Səttar Bəhlulzadənin 100 illik yubileyinə həsr olunmuş böyük sərgidən ibarət idi.

YUNESKO-nun katibliyi bu simpoziumun yüksək səviyyədə keçirilməsinə tam hazır idi. Foyedə afişalar asılmıış, akademik Musa Əliyevin 36 adda seçilmiş əsərlərindən və fotoşəkillərindən ibarət böyük sərgi təşkil olunmuşdur.

Simpoziumu Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev açaraq qeyd etdi ki, YUNESKO-da qəbul olunmuş qərardan başqa, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də bu barədə xüsusi sərəncamı imzalanmışdır.

Sonra YUNESKO-nun strateji planlaşdırma bürosu baş direktorunun müavini Hans d,Orvill və professor Hafiz Paşayev çıxış edərək simpoziumun əhəmiyyətindən söhbət açdılar. Professor Hafiz Paşayev qeyd etdi ki, Azərbaycan diplomatiyası ötən müddətdə dövlətin müstəqilliyini, təhlükəsizliyini və ərazi bütövlüyünün təmin olunması, bütün ölkələrlə hərtərəfli, bərabər hüquqlu və qarşılıqlı faydalı münasibətlər qurmaq sahəsində mühüm uğurlar qazanmışdır. Azərbaycan xalqı artıq beynəlxalq aləmdə mədəni, istedadlı, qədim tarixə və demokratik dövlətə malik bir xalq kimi təmsil olunmaq hüququ qazanmışdır. Bu sahədə qazanılmış uğurlara baxmayaraq, görüləcək işlər hələ çoxdur.

Simpoziumun birinci məsələsi Azərbaycan qadınının dünəninə, bugününə və sabahına aid idi.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası və iradəsi ilə milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Tariximizin və mədəniyyətimizin neçə-neçə parlaq səhifələri onun adı ilə bağlıdır. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan, ədəbi şəxsiyyətlər, görkəmli elm və incəsənət xadimləri, siyasi xadimlər bəxş etmişdir. Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısına çevrilmişdir. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər qadınlarımızın çox böyük potensiala malik olduğunu bir daha təsdiq edir.

Qeyd etmək lazımdır ki, son illər ölkəmizdə qadınların və uşaqların hüquqlarının qorunması ilə bağlı bir sıra mühüm tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın bu istiqamətdə apardıqları fəaliyyət geniş ictimayyətin diqqət mərkəzindədir.

“Azərbaycan qadını dünən, bu gün və sabah” mövzusunda əsas məruzə ilə də məhz Hicran Hüseynova çıxış etdi. Sonra incəsənət doktoru Lalə Kazımova, beynəlxalq müşavir, diplomatiya və strateji tədqiqatlar mərkəzinin prezidenti Jan İn Şevalye, arxeologiya doktoru Bertil Lyone, filologiya elmləri doktoru Şirin Məlikova və AMEA-nın müxbir üzvü, Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun direktoru Elmira Ramazanova çıxış edərək Azərbaycan qadınının keçmişini, bugününü və sabahını müqayisə edəndə tamamilə bir fərqli həyat gördüyünü vurğuladılar. Azərbaycan tarixində örnək olan qadınlarımızın həyatın bir çox sahələrində qazandıqları uğurlardan söhbət açdılar. Görkəmli alim, akademik Zərifə xanım Əliyevanın, şərqşünas alim Aida xanım İmanquliyevanın, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Azərbaycan elminin inkişafındakı, ölkəmizin ictimai-siyasi həyatındakı rolu yüksək qiymətləndirildi.

Simpoziumun akademik Musa Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirini giriş sözü ilə Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev açdı. O, akademik Musa Əliyevin həyat və yaradıcılığından, dünya geologiya elminə verdiyi töhfələrdən danışdı, görkəmli alimin tutduğu yüksək ictimai vəzifələrdə hər şeydən əvvəl əsl vətənpərvər olduğunu xüsusi qeyd etdi.

YUNESKO-nun dəqiq və təbiət elmləri üzrə baş direktorunun müavini cənab Erdelen akademikin dünya geologiya elminin inkişaf tarixində özünəməxsus yerindən söz açdı. Tədbirdə Musa Əliyevin həyat və yaradıcılığına həsr olunmuş film nümayiş etdirildi. AMEA-nın vitse-prezidenti, akademik Akif Əlizadə “Görkəmli alim, istedadlı pedaqoq və dövlət xadimi” adlı əsas məruzəsi ilə çıxış etdi. Çıxış edən digər natiqlər bu böyük şəxsiyyətin parlaq əməllərindən , elmə verdiyi dəyərli töhfələrdən söhbət açdılar.

Sonda akademik Musa Əliyevin nəvəsi Cəmilə Paşayeva yubileyin təşkilatçılarına, çıxış edənlərə və tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirdi.

Azərbaycanın xalq rəssamı, Dövlət mükafatı laureatı Səttar Bəhlulzadənin 100 illik yubiley tədbiri də yüksək səviyyədə keçdi. Görkəmli fırça ustasının əsərlərindən ibarət sərgidə rəssamın 80-ə yaxın əsəri nümayiş etdirildi. Sonra Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Səttar Bəhlulzadənin yaradıcılığı haqqında çıxış etdi. YUNESKO-nun baş direktorunun mədəniyyət üzrə köməkçisi Fransua Rivye isə rəssamın palitrasının zənginliyindən, gözəlliyindən və təbiiliyindən söz açdı.

17 noyabr – Azərbaycan günü axşam YUNESKO-nun katibliyi tərəfindən təşkil olunmuş Sena çayı üzərində yaxta gəzintisi ilə yekunlaşdı.

 

 

Aliyə ƏZİZBƏYOVA,

 

Xalidə ƏLİZADƏ

 

Xalq qəzeti.- 2009.- 18 dekabr.- S. 5.