Ana dilimizi mükəmməl öyrənməli
və sevməliyik
“Caşoğlu” Şirkətlər Qrupunun
hazırladığı “Azərbaycan dili” tədris vəsaiti
elə üz qabığındakı təsvirlə məmləkət
balalarını ağuşuna alır. Bu təsvir təkcə
bir ocağın istisi, hənirtisi, ağbirçək nənənin
nurlu çöhrəsi, nənənin
nağıllarının sehrinə yığışan nəvələrin
təsviri deyil. Bu təsvir bir ocaqda rəmzləşən məmləkətimiz
Azərbaycandır. Qızlarımız gələcəyimizin
anası, oğlanlar isə məmləkət əsgərləridir.
Bu məmləkət əsgərlərinin ailəyə,
ocağa sevgisi-sayğısı, Vətənimiz Azərbaycana
da göstərilməlidir.
Ümummilli liderimiz
dilimizi mükəmməl öyrənməyi tövsiyə
edir: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini,
mədəniyyətini yaşadan, inkişaf etdirən onun
dilidir.” Sanki babaları gülümsər çöhrəsi
ilə balalarına mən bu dili çox sevdim, siz də sevin
deyir. Dili sevmək əslində Vətəni sevməyin təməlidir.
Kitabın hər bir səhifəsində vətənin
dağına-daşına, qayasına-qalasına, gülünə-çiçəyinə,
ceyranına-cüyürünə, dənizinə- səmasına
sevgi payı var. Onun hər səhifəsində yer alan kiçicik
həyat hekayələri damla-damla şagirdlərin
düşüncəsinə hakim kəsilir. Axı nəyisə,
kimisə sevmək üçün onu dərk etmək,
tanımaq gərəkdir. Ocaqdan, dilimizdən, himnimizdən
başlayan sevgi qədim yurd yeri Qobustanın qaval
daşından səslənir. Cavanşirin ildırım
qılıncı ilə qayalar çapılır. Koroğlu
nərəsindən güc alınır. Bu gün balaca, sabah
igid olacaq fatehlər “torpaqdan pay olmaz” üsyanına qalxır.
Kitabın 33-cü səhifəsində vətənə olan
sevginin ilkin anlayışlarının aşılanmasında
mövzu və şəkil sintezi də çox duyğusaldır.
“Vətən bizi gözləyir” hekayəsində Samirin “ana
biz nə vaxt öz evimizə qayıdacağıq” sualına
anasının “əgər sülh yolu ilə olmasa, biz
torpaqlarımızı döyüşlə geri
qaytaracağıq, Vətən bizi gözləyir” cavabı gələcək
məmləkət əsgərlərinə sülh
çağırışı deyilmi? Bizim yurd yerlərinə
dönməyimizin gərəkliyi artıq şagirdlərin
düşüncəsində məhək daşına
çevrilir.
Uçulmuş hasar,
qurumuş ağac, çoxdan bəri baxımsız qalan taxta
qapının üzərinə qonmuş quşun intizar
gözləntisi... Bu sədaqətli quş yurd yerlərinin
öz sahiblərini gözləyir. Sənin olana sahib
çıx, Vətən oğlu deyimində...
Xalqımız hər
zaman zülmə, qəddarlığa yox deyib. Türkün
tanrısı həmişə ədalətə
tapınıb. Və əlimizdə olan bu dərs vəsaitində
bir ana müharibələrə, qana-qadaya üsyan edir. Hamımızın
uşaqlıqdan sevə-sevə dinlədiyimiz, oxuduğumuz
“sülhə gəlin, ey insanlar, yoxsa dünya məhv olar”
harayı səslənir. O ana bir əli ilə körpə
balasını bağrına basır, digəri ilə sanki
müharibəni qovur, üsyan edir. Həm söz, həm
musiqi, həm də şəklin dili ilə məmləkət
balalarının qəlbinə xeyirxahlıq, mərhəmət
duyğuları aşılanır.
Ümumiyyətlə,
metodik vəsaitdə çox böyük ustalıqla mövzu
və təsvir ahəngi yaradılıb və bu da təbii
ki, şagirdlərin düşünmə, müqayisəetmə,
emosional bilik və bacarıqlarının inkişaf etdirilməsinə
yardım edir.
Kitabda şagirdlərin dini adət-ənənələrimizə sayğı ilə yanaşması da diqqətdən kənarda qalmayıb. 181-ci səhifədə Kənanın elektron poçtu vasitəsilə moskvalı dostu Kolyanın ondan Ramazan bayramı ilə bağlı bilgi istəməsinin şahidi oluruq. Kənan isə nənəsindən öyrəndikləri – ramazanın xeyirxahlıq, mərhəmət, sağlamlıq və başqa dəyərlərindən elektron poçtunda dostuna söz açır. Göründüyü kimi “Azərbaycan dili – 2” tədris vasaiti müasir standartlara cavab verərək şagirdlərin informatik-komunikativ fəaliyyətlərini də əhatə edir. Və bu informasiya bilgisinə kitabda dəfələrlə rast gəlirik.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dekabrın 31-də bayram edilməsinin səbəbləri də bu vəsaitdə anlaşıqlı şəkildə açıqlanır. Doğma yurd-yuvalarını tərk edib ayrı-ayrı ölkələrdə məskunlaşan yurddaşlarımızın Vətənimiz Azərbaycana sevgisi, dilimizi, adət-ənənəmizi qoruyub saxlaması, vətəni, torpağı sevməyi öyrənən şagirdlər üçün gözəl örnəkdir.
“İnsanı ucaldan zəhmətdir” rubrikası altında gedən Məmməd Namazın “Bağ” hekayəsi gələcəyin məmurlarına çevriləcək şagirdlər üçün böyük örnək olacaqdır. Vətən uğrunda şəhid vermiş bir anaya məmurların sayğısızlığı ulu öndər Heydər Əliyevin qəzəbinə tuş gəlir və o, şəhid anasının baxımsız qalmış bağında ağac əkməklə məmurlara öz mesajını göndərir... “Bağ” hekayəsində ulu öndər Heydər Əliyevin quruculuğundan, müstəqillik günümüzdən, sərhədləri qorumağımızın vacibliyindən, Kəpəzimizi, Şahdağımızı, Murovumuzu sevməkdən, zaman-zaman türkçülüyə qarşı edilən soyqırımdan bəhs edilir.
Başqa maraqlı bir nüans. Şagirdlərin kiçicik barmaqları ilə kitabın səhifələrini çevirərkən qarışqanın onlara kömək etməsi də təsadüfi deyil. Bu artıq rəmzi məna daşımır. Bizlərin uşaqlıqda şahidi olduğumuz qarışqanın zəhmətkeşliyi bu kitabın oxucuları olan şagirdlərin də nəzərindən təbii ki, yayınmayacaq. Zəhmət həm də sağlamlıqdır. Kitabda “İdmançı olacağam” hekayəsi də çox dəyərlidir. Atası ilə olimpiya çempionu Elnurun qələbəsini televiziyadan seyr edən balaca Araz gələcəkdə idmançı olmaq qərarına gəlir və Elnurun şəklini öz otağından asır. Artıq biz gələcəyin idmançısının yetişdiyinin şahidi oluruq. İlk dəfə olaraq bu vəsaitdə dünya ölkələrinin kurikulum təcrübəsində geniş istifadə edilən “Valeologiya” elminin elementlərindən istifadə edilən “Valeologiya” – biologiya, gigiyena və ekologiya elmlərinin qovuşağında təzahür edən yeni biliklər sahəsi olub, sağlam həyat tərzi və tez dəyişən həyat reallıqlarına orqanizmin adekvat reaksiyası haqqında elmdir.
Qeyd etdiyimiz kimi, qarışqaları saatlarla müşahidə etdiyimiz anlar sanki daima təkrarlanır və bu gün bu kitabın oxucuları olan şagirdlər də qarışqaları izləyir, müşahidə edir, hətta bəzən yuvalarına çöp də uzadırlar. Eynən bizim kimi. Eynən dünya xalqlarının uşaqları kimi. Kim bilir, bəlkə də Anatoli Konstantinoviç Laptevin bu həyatsevər, çalışqan Qara qarışqanı baş qəhrəman seçməsi də vaxtilə ondan doğan peşimançılıqdan irəli gəlir. Və onun hekayələr toplusunda Qaraca qarışqanı yaxşı-yaxşı tanıyan şagirdlər onu sevəcək, heç vaxt apardıqları yükü “əlindən almayacaq”, yuvasına çöp uzatmayacaq. Çünki ondan sağlam yaşamağın sirlərini öyrənəcək. Bu seçim tədris vəsaitində çox uğurlu bir gedişdir. Vətən övladı sağlam olmaq üçün Qaraca qarışqanın səyahətlərindən 10 qızıl qaydanı həm oxuyur, həm də şəkillər vasitəsilə izləyir. Sağlam yaşamağın 10 sirrindən birincisi sevinc və fərəhdir. Gözəllik və məhəbbət mücəssəməsi olan, bağbanın minbir əziyyətlə bəslədiyi qızılgül bunu qarışqaya söyləyir, paxıllıqdan, dalaşqanlıqdan uzaq olmağı tövsiyə edir. Qarışqa sağlam yaşamağın ikinci sirrini mərhəmətli Palma ağacından öyrənir. Palma kölgəsini insanlardan əsirgəmir. İnsanlar onun kölgəsində dinclik tapır. Üçüncü sirr dostluqdur. Yolda kenquraya rast gələn qarışqa ondan insanların bir-birinə kömək etməsi, dost olması sirrini öyrənir. Qarışqa ilə dost olan kenquru ona kömək əlini uzadır, qarışqanı kisəsində gəzdirir. Beləcə, qarışqa maraldan yalan danışmamağı, düzgün olmağı, atdan sədaqəti, zebrdən yaxşılığı təmənnasızlığı, aslandan qorxmaz olub azadlığı sevməyi, antilopdan çox gəzməyi, yaquardan özünə nəzarət etməyi – az yeməyi öyrənir və şagird dostlarına şirin dillə nəql edir. Özü də adlarını sadaladığımız bütün bu heyvanlar Qara qarışqanı bellərində gəzdirirlər. Müəllifin vermək istədiyi zəiflər və güclülər arasındakı dostluq, güclü olub xeyirxahlıq etmək amacı saf uşaq hafizəsində özünə çox tez rişələr tapacaq. Və istər-istəməz bizim balaca qəhrəmanlarımız beləcə güclü, xeyirxah olmaq istəyində bulunacaqlar. Qara qarışqaya önəmli tövsiyə verənlərdən bii də bizim Alagöz inəyimizdir. İnək sahibinin xeyirxahlığından, ona yaxşı baxmasından dostu qarışqaya danışır. Əvəzində inək də borclu qalmır, o da sahibini çox istəyir. Yağlı süd verir ki, sahibi içib xəstələnməsin.
Görürsünüzmü, qəhrəman südü çox gözəl bir seçimlə, rahatca dəcəl uşaqlara içirdir. Şagirdlərin qarışqaya yaranan sevgisi müxtəlif heyvanları tanımağa, öyrənməyə yardımçı olur. Bu anlam isə insanların hər bir canlını sevməsi, qoruması yükünü daşıyır. Çünki sevgi olan yerdə hər şey gözəl görünür... İnsanların düşüncəsində kin-küdurət, müharibə, qan-qadaya artıq yer qalmır. İnsanlar arasında milli mənsubiyyət belə yada düşmür. Və müəlliflər qrupunun imkan daxilində müxtəlif xalqları, onların mədəniyyətlərini şagirdlərə tanıtmaq istəyi də bu məqsəddən doğur. Məmləkətin uşaqları dünyanın ən möhtəşəm abidələrindən biri olan Misir piramidaları haqqında məlumatlandırılır. Alman faşistlərinin ədalətsiz müharibəsindən xəbər tutur.
Kitabda müxtəlif zaman kəsiyinin aydınlarından Nizami Gəncəvi, Qasım bəy Zakir, Məhəmməd Tağı Sidqi, Nigar Rəfibəyli, Əli Vəliyev və Azərbaycan ədəbiyyatının başqa görkəmli nümayəndələrinin uşaqlarla bağlı yazdığı əsərlərin seçimi də çox uğurlu alınıb. Şagirdlər klassiklərimizdən vətəni sevməyi, qorumağı, böyüyə hörmət etməyi, zəhmətkeş və təmiz olmağı, danışıq mədəniyyətinə yiyələnməyi nəsihətamiz bir tərzdə öyrənir.
Uşaqlara müqəddəs günlər, adət-ənənələr haqqında da çox dəyərli bilgilər verilir. Novruz bayramının su, od, yel və torpaq çərşənbələrindən söhbət açılır, qədim musiqi alətlərimiz ud, tar, kamança, saz şəkillərlə uşaqlara tanıdılır. Tədris vəsaitində şagirdlərə çox məhrəm olan bir mövzu da – “Ögey ana” filmindən İsmayılın oxumasıyla yadda qalan “Kəndimiz” şeiri də özünə yer tapıb. Və beləliklə şagirdlər əzbərdən bildiklıəri “Kəndimiz” mahnısının sözçüsü və bəstəçisini də yaxından tanımış olurlar. Sözləri Zeynal Cavadzadənin, bəstəsi Tofiq Quliyevin.
Qeyd etmək istərdik ki, vəsaitin hazırlanmasında çox böyük ustalıqla duyğusal hisslərin inkişaf etdirilməsinə, müxtəlif üsullarla aşılanmasına geniş yer vermişdir.
Müəlliflər sonda öz dostlarına müraciət etməyi də unutmayıblar. Onlar əmindirlər ki, bir pillə də arxada qoyan, kamilləşən dostları heç bir çətinlikdən qorxmayacaq, zəhmətlə yaşayacaq, oxuyacaq, öyrənəcəklər. Təbii ki, biz də müəlliflərin arzusuna qoşulur, həm “Azərbaycan dili – 2” tədris vəsaitinə, həm də məmləkət cocuqlarına uğurlar diləyirik. Bu uğura əminik.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 18 dekabr.- S. 7.