F.MUSTAFA: “Yaradıcı adamlar interneti öz müttəfiqlərinə çevirməlidirlər

 

Yazıçı-dramaturq Firuz Mustafa otuzdan çox kitabın müəllifidir. Ötən illər ərzində müxtəlif dövlət teatrlarında onun onlarla pyesi tamaşaya qoyulmuşdur. Artıq başa çatmaqda olan 2009-cu il də yazıçı üçün məhsuldar hesab oluna bilər. Əməkdaşımız Firuz Mustafa ilə görüşüb söhbət etmişdir.

 

– Firuz müəllim, yola saldığımız il sizin həyat və yaradıcılığınızda hansı cəhətləri ilə diqqəti çəkir?

– Yazi-pozu adamının yaradıcılığı onun həyatının ən mühüm cəhətidir. Bu mənada mən ötən ili qənaətbəxş hesab edə bilərəm. Müxtəlif nəşriyyatlarda bir neçə kitabım işıq üzü görüb.

– Yeri gəlmişkən, siz hansı nəşriyyatlarla əməkdaşlıq edirsiniz? Yaxşı olardı ki, kitablarınızdan bir neçəsinin adını çəkəydiniz.

– Mən konkret olaraq hansısa bir nəşriyyatla əməkdaşlıq etmirəm. Kitablarım müxtəlif nəşriyyatlarda çap olunur. Məsələn, cari ildə mənim “Dəniz köçü” adlı povestim “Nurlan”, “Onluqlar” əsərim “Araz”, “13 hekayə”, “Müqəvva”, “Hekayələr”, “Monohekayələr” və “At günü” kitablarım isə “”MBM” nəşriyyatında işıq üzü görüb. Bizdə hələ müəlliflə müəyyən bir nəşriyyat arasında anlaşma bağlamaq praktikası kifayət qədər formalaşmayıb.

Kitablarınızın tirajı sizi qane edirmi?

Qətiyyən. Xatırladım ki, mənim 1985-ci ildəGəncliknəşriyyatı tərəfindən buraxılan ilk hekayələr kitabımın tirajı on min, 1989-cu ildə həmin nəşriyyatda çap olunan ikinci kitabımın – “Dünyanın rəngiadlı povest hekayələr məcmuəsinin tirajı isə on dörd min olub. İndi, hətta, Moskvanın ən nüfuzlu nəşriyyatları belə çox nadir hallarda on min tirajla əsər çap edir. Etiraf etməliyəm ki, mənim həmkarlarımın əsərlərinin orta tirajı indi bir neçə yüz ədədi keçmir.

Siz bu məhdud tirajların başlıca səbəbini nədə görürsünüz? Doğrudanmı bu ötən qısa vaxt ərzində oxucuların sayı belə kəskin dərəcədə azalıb?

Yox, mən bir qədər fərqli düşünürəm.Mənə elə gəlir ki, oxucuların sayından daha çox, onların maraq dairələrində kəskin keyfiyyət dəyişiklikləri baş verib. İndiki oxucunun seçim etmək imkanı səlahiyyəti daha genişdir. O, öz zövqünə uyğun kitabları oxumağa üstünlük verir. Madam ki, söhbət zövqdən düşdü, mən, yeri gəlmişkən, vaxtilə böyük rus yazıçısı Anton Çexovun söylədiyi bir fikri xatırladıram: “Zövqlər haqqında mübahisə etməzlər”. Yarızarafat deyilmiş bu kəlamı yada salmaqla onu bildirmək istərdim ki, indi məhz zövqlər haqqında ciddi mübahisə etməyin zamanı gəlib. Kütləvi mədəniyyət nümunələri adı altında bu gün bir çox hallarda oxucu tamaşaçılara ən bəsit, zövqsüz, səviyyəsiz əsərlər təqdim olunur. Əlbəttə, kitabların tirajının aşağı düşməsinə səbəb olan başqa amillər var. Heç kəsə sirr deyildir ki, bu gün kompyuter texnologiyasi, internet xidməti ədəbiyyatın, ümumiyyətlə, ciddi sənətin ən başlıca rəqiblərindən biridir.

Siz maraqlı bir problemə toxundunuz. Necə anlamaq olar: internet ədəbiyyatın düşmənidirmi?

Düşməni yox, məncə, rəqibidir.

Bəs bu rəqiblə ümumi dil tapmaq mümkündürmü?

Nəinki internetlə dil tapmalı, yaradıcı adamlar onu hətta çalışıb öz müttəfiqlərinə çevirməlidirlər.

Şəxsən siz bu nəhəng xidmət şəbəkəsindən, yəni kompyuter internet xidmətindən istifadə edirsinizmi?

Bəli, son zamanlar buna cəhd göstərirəm. Konkret bir misal çəkmək istəyirəm: son zamanlar öz əsərlərimin bir qismini Rusiyanın məşhurproza.ruədəbi saytında yerləşdirmişəm. Artıq həmin saytda bir neçə min oxucum vardır.

Bəs bu cür xidmətlərin konkret- praktik əhəmiyyəti barədə deyə bilərsiniz? Axı təkcə oxucu toplamaqla bitmir...

Elədir. Mən yenə adını qeyd etdiyim saytla bağlı fikirlərimi davam etdirərək demək istəyirəm ki, rus dilinə tərcümə edilmiş əsərlərimlə bağlı qısa bir zaman ərzində yüzlərlə məktub almışam. Artıq bir neçə nəşriyyat öz təkliflərini göndərib. Hətta mənim pyeslərimlə internet vasitəsi ilə tanış olan bir neçə rejissordan da məktub gəlib. Lakin bütün bunlar hələ layihə şəklində olduğu üçün geniş danışmağa əsas lüzum görmürəm.

Mən, ümumiyyətlə, yazıçının öz gələcək planları barədə danışmağına bir az tərəddüdlə yanaşıram. Gələcək haqqında yalnız düşünmək olar yaradıcılıq isə artıq keçmişə çevrilən, dünəndə qalan bir prosesdir. Qısası, bu qənaətdəyəm ki, bizim bu qloballaşan dünyamızda misli görünməmiş bir texnoloji inteqrasiya gedir. Humanitar peşənin sahibləri baş verən bu proseslərdən yararlanmalı, bayaqkı söhbətimizdə qeyd etdiyimiz kimi, müasir texnologiyanın timsalında öz müttəfiqini tapmalıdır.

Firuz müəllim, tamaşaçılar sizi həm bir məhsuldar dramaturq kimi tanıyırlar. Onlarca əsərinizə dövlət teatrlarında quruluş verilib. Bu il sizin hansı əsəriniz tamaşaya qoyulub?

Sumqayıt teatrındaTələadlı əsərim hazırlanıb. Bir sıra başqa teatrlarda da pyeslərimin məşqi gedir. Bu il mənim dramaturji yaradıcılığıma yeni bir fakt da əlavə olunub. Belə ki, xalq teatrlarından biri (Qəbələ rayonunda) mənim birpərdəli dram əsərimə müraciət edib. Bu da mənim üçün maraq doğuran bir hadisədir.

Firuz müəllim, müsahibə üçün sağ olun. Biz yeni ildə sizə yeni-yeni yaradıcılıq uğurları arzu edirik.

Təşəkkür edirəm.

 

 

Müsahibəni apardı: Məsaim ABDULLAYEV

 

Xalq qəzeti.- 2009.- 18 dekabr.- S.7.